Geosiyasi reallıqlar nəticəsində ənənəvi ticarət marşrutlarında yaranan risklər Orta Dəhlizin əhəmiyyətini ön plana çıxarıb. “Moody’s” beynəlxalq reytinq agentliyinin son qiymətləndirmələri göstərir ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə tranzit həcmləri və investisiyalar artmaqda davam edir və bundan ilk növbədə Qazaxıstan, Azərbaycan və Gürcüstan fayda götürür. Bu inkişaf yalnız tranzit gəlirlərinin yüksəlməsi ilə məhdudlaşmır, həm də region ölkələrinin kredit keyfiyyətinin möhkəmlənməsinə, iqtisadiyyatların şaxələndirilməsinə və xarici investorların marağının genişlənməsinə töhfə verir.
Qlobal kontekstdə baxıldıqda, Orta Dəhliz Avropa ilə Asiya arasında ən qısa və alternativ nəqliyyat bağlantılarından birinə çevrilməkdədir. Son illərdə Qara dəniz, Baltik dənizi və Arktika marşrutlarında artan qeyri-müəyyənlik, həmçinin Rusiya üzərindən keçən dəhlizin riskliliyi Transxəzər yolunu strateji seçim halına gətirib. Dünya Bankının və Asiya İnkişaf Bankının hesabatlarında da vurğulanır ki, bu dəhliz yalnız regional deyil, həm də qlobal tədarük zəncirlərinin davamlılığı üçün mühüm əhəmiyyət daşıyır.
Nəqliyyat və logistika sektorunun inkişafı regionun iqtisadi sabitliyinə birbaşa təsir göstərir. Azərbaycanın tranzit ölkə kimi rolu xüsusilə diqqətəlayiqdir, çünki Bakı-Tbilisi-Qars dəmir yolu və Ələt Beynəlxalq Dəniz Ticarət Limanı Orta Dəhlizin əsas hissələrindən sayılır. Bu infrastruktur vasitəsilə Çin və Mərkəzi Asiyadan Avropaya yükdaşıma müddəti Sakit okean və Hind okeanı üzərindən olan marşrutlarla müqayisədə xeyli azalır. Yükdaşımaların sürətli icrası isə şirkətlərin xərc səmərəliliyini artırır, bu da logistika sektorunda rəqabət qabiliyyətini möhkəmləndirir.
Moody’s-in diqqət çəkdiyi mühüm məqamlardan biri də dövlət investisiyalarının fiskal məkan çərçivəsində həyata keçirilməsi ilə bağlıdır. İnfrastruktur layihələri qısa müddətdə büdcə xərclərini yüksəltsə də, uzunmüddətli perspektivdə region ölkələrinin maliyyə dayanıqlığına təzyiq yaratmır. Azərbaycan kimi ölkələrdə xarici borcun ÜDM-də payının nisbətən aşağı olması və maliyyə ehtiyatlarının kifayət qədər olması infrastrukturun genişləndirilməsi üçün əlavə imkanlar yaradır.
Bank sektoru birbaşa maliyyələşdirmədə məhdud iştirak etsə də, dolayı yollarla bu prosesdən faydalanır. Subpodratçılara və əlaqəli xidmət sahələrinə verilən kreditlər həm maliyyə aktivliyini artırır, həm də infrastruktur layihələrinin sürətli icrasına kömək edir. Bu hal logistika, tikinti və xidmət sahələrində fəaliyyət göstərən KOB-ların da inkişafına təkan verir. Beləliklə, Orta Dəhliz yalnız iri dövlət şirkətləri və tranzit operatorları üçün deyil, eyni zamanda özəl sektorun geniş təbəqəsi üçün də yeni imkanlar açır.
Eyni zamanda, mövcud məhdudiyyətlər nəzərə alınmalıdır. Dəmir yollarının ötürmə qabiliyyətinin yetərli olmaması, köhnəlmiş logistika sistemləri və liman infrastrukturunda bəzi boşluqlar dəhlizin tam potensialının üzə çıxmasına mane olur. Gömrük prosedurlarında harmonizasiya və regional koordinasiya məsələləri də əhəmiyyətli çətinliklər yaradır. Bu baxımdan, Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində rəqəmsal gömrük sistemlərinin tətbiqi və beynəlxalq standartların vahidləşdirilməsi Orta Dəhlizin rəqabət gücünü artırmaq üçün vacibdir.
Qazaxıstanın milli dəmiryol operatoru “Kazakhstan Temir Zholy”nin strateji rolu xüsusi vurğulanmalıdır. Şirkət dövlət dəstəyi ilə həyata keçirilən infrastruktur proqramları sayəsində regiondakı tranzit həcminin ən böyük benefisiarına çevrilib. Azərbaycanda isə oxşar şəkildə “Azərbaycan Dəmir Yolları” QSC və liman operatorlarının iştirakı ilə Orta Dəhlizdə koordinasiyalı fəaliyyətin gücləndirilməsi prioritetdir. Bu addımların uğuru yalnız dövlətlərin iqtisadi maraqlarını deyil, həm də beynəlxalq ticarət axınlarının etibarlılığını təmin edir.
Ümumi mənzərədən göründüyü kimi, Orta Dəhliz regional iqtisadi sabitlik və inteqrasiya baxımından strateji əhəmiyyətə malikdir. Qlobal dəyər zəncirlərində baş verən dəyişikliklər fonunda bu marşrutun inkişafı region ölkələrini həm ticarət, həm də maliyyə mövqelərində daha güclü edir. Səmərəli idarəetmə, infrastrukturun modernləşdirilməsi və beynəlxalq koordinasiya bu üstünlüklərin davamlılığını şərtləndirən əsas amillərdir.
Nuray,
Aznews.az