Biz Birlikdə Güclüyük!

13 Sentyabr 2025 18:43 (UTC+04:00)

Ötən əsrin 90-cı illərində Rusiyanın hərbi-siyasi dəstəyi ilə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi hər iki ölkə üçün uzunmüddətli problemlər yaradıb. Azərbaycanın İkinci Qarabağ Savaşında tarixi zəfər əldə edərək öz torpaqlarını geri qaytarması bu problemlərin həlli üçün əsas baza yaradır, lakin onların hər birini dərhal aradan qaldırmır. Ərazilərin minalardan təmizlənməsi, yaşayış məntəqələrinin bərpası, bölgəsəl sosial-iqtisadi münasibətlərin yenidən qurulması zaman tələb edir.

İşğal Azərbaycanın təkcə ərazi bütövlüyünə və suverenliyinə zərbə vurmamışdı, eyni zamanda, yenidən müstəqillik qazanmış bir xalqı çox ciddi demoqrafik problemlərlə üz-üzə qoymuşdu. Münaqişə nəticəsində Ermənistan monoetnik dövlətə çevrilərkən, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün düşmüşdü. Bu, SSRİ-nin dağılması fonunda iqtisadi sistemi çökmüş Azərbaycan üçün olduqca şiddətli miqrasiya dalğası idi. Yüzminlərlə ailə öz mühitindən olduğu kimi, mülkiyyətindən də məhrum olmuşdu. Məcburi köçkünlərin böyük hissəsi çadırlarda, tikintisi başa çatmamış binalarda, məktəblərdə, yataqxanalarda məskunlaşdığı üçün dövlətin sosial öhdəlikləri qəfildən yüklənmişdi. Qaçqın və məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə təhsil, səhiyyə və kommunal xidmətlərə tələbat kəskin artmaqla sosial gərginlik yaranırdı. İşğal faktı uzandıqca, cəmiyyətdəki məcburi köçkünlük sindromu da möhkəmlənirdi.

Dövlət iqtisadi imkanları artdıqca məcburi köçkünlər üçün qəsəbələr saldı, ağır, hətta dözülməz şəraitdə yaşayan məcburi köçkünlərin məişət səviyyəsini yaxşılaşdırmaq üçün təsirli addımlar atdı. Onlara müəyyən güzəştlər tətbiq edilirdi. İkinci Qarabağ Savaşından sonra "köçürülmə" layihələri dayandırıldı. Çünki hədəf artıq məcburi köçkünlərin öz yurdlarına qayıdışını təmin etməkdir. Dövlət başçısı tərəfindən “Böyük Qayıdış” planı təsdiq edilib. Bu planın dərhal icrası nə iqtisadi, nə sosial, nə də digər obyektiv səbəblərə görə bir günün, bir ilin içində mümkündür. Böyük Qayıdış mürəkkəb, çoxtərəfli, kifayət qədər resurs, o sıradan zaman tələb edən plandır. Cəmiyyətin, eləcə də vətəndaş cəmiyyətinin vəzifəsi bu planın uğurla başa çatmasına dəstək verməkdir.

Çox təəssüflər olsun ki, hazırda cəmiyyətimizdə gedən və Ermənistanda revanşist propaqandaya stimul verən “müzakirələr”, daha dəqiq desək, keçmiş məcburi köçkünlərə qarşı bəzi sosial şəbəkə hesablarından aparılan ayrıseçkilik, nifrət, linç kampaniyası nə problemlərin aradan qaldırılmasına, nə dövlətin ali maraqlarına, nə də milli strateji planlarımıza uyğundur. Ali təhsilə malik olub-olmaması müəmmalı olan, bütün hallarda intellektual səviyyəsinin, dünyagörüşünün jurnalist karyerası ilə influyenserliyin fərqli hüquqi və etik məsuliyyət yaratdığını anlamağa yetərli görünməyən birilərinin katalizatorluğu ilə başlayan bu qətiyyən arzuolunmaz “diskussiyalar” hazırda və gələcəkdə də İkinci Qarabağ Savaşı qədər lazımımız olan milli həmrəyliyə birbaşa təhdidlər yaradır.

Bu təhdidləri daha yaxşı başa düşmək üçün tarixə qısa bir ekskurs edək. Ötən əsrin əvvəllərində xalqımızın böyük oğlu Hacı Zeynalabdin Tağıyevin məişət məsələlərindən qaynaqlanan bir insidentə nəzərən “Bakı- Bakılılar üçündür” şüarı ortaya atılmışdı. Gəncə quberniyasının ərazisindən olanları Bakıda döyür, linçə məruz qoyur, küsdürür, qovurdular. Bu sosial qarşıdurmanı yaradan, qızışdıran və ondan faydalanan kim idi, yəqin bilirsiniz, amma yenə də xatırladım- bolşeviklər və daşnaklar! Bəli, Azərbaycanda sosial qarşıdurmalar yaratmaq, regionçuluq meyillərini gücləndirmək, “parçala, hökm sür” siyasəti ilə millətləşmə və dövlətləşmə prosesinə əngəllər yaratmaq həmişə rus imperiyasının maraqlarına xidmət edib. Nəticəsi də məlumdur. 1918-ci ildə ermənilər və gürcülər milli qurultaylarını keçirərək öz müqəddaratlarını təyin etmək hüququnu yaratdıqları Milli Şuralara həvalə etdilər. Ancaq Bakıda keçirilən Qafqaz Müsəlmanları qurultayında belə bir müəssisə yaratmaq bizə müyəssər olmadı. Səbəb isə o idi ki, ölkənin baş şəhərində yaşanmış regional qarşıdurma milli siyasi institutların formalaşmasına imkan verməmişdi. Əlimərdan bəy Topçubaşovun, Nəsib bəy Yusifbəylinin, Məhəmməd Əmin Rəsulzadənin, elə Hacı Zeynalabdin Tağıyevin özünün də böyük zəhməti ilə problem xeyli dərəcədə çözüldü. Ancaq səpilən nifaq toxumları Xalq Cümhuriyyətinin süqutunda Məmmədhəsən Hacınskinin satqınlığı ilə birləşərək daxili amillərdən birinə çevrildi. Odur ki, Azərbaycanı, xalqımızı, dövlətimizi, istiqlalımızı sevən hər kəs emosiyalara qapılmadan, təhrik olunmadan və təhrik etmədən milli birliyimizdən doğan gücümüzü qorumalı, İkinci Qarabağ Savaşından sonra zəfərimizin memarı İlham Əliyevin dayanıqlı elektoratına çevrilmiş keçmiş məcburi köçkünlərin aşağılanmasına və dışlanmasına yönəlik açıq və dolayı çağırışların arxasındakı “məkir qızı”nın ətəyindəki nifrət toxumlarının ictimai meydanımıza səpilməsinə imkan verməməlidir.

Mən məsələnin böyüməsinə tərəfdar olmadığım üçün bu günəcən keçmiş məcburi köçkünlər tərəfindən təhqir kimi qarşılanan çərənləmələrə üstüörtülü diqqət çəkdim. İddiaların media etikasına zidd olmasına işarə etdim. Mətbuat Şurasının açıqlaması da bu yöndə oldu. Amma artıq məsələ kifayət qədər şişdiyindən bir neçə məqama aydınlıq gətirmək istəyirəm.

Əvvəla, Azərbaycan torpaqlarının işğalını keçmiş məcburi köçkünlərin düşmənə müqavimət üçün birləşməməsinin nəticəsi kimi təqdim etmək qərəzdən və primitivlikdən başqa bir şey deyil. O dövrü xatırlayan, xatırlamasa da, sorğulayan hər kəs bilir və bilməlidir ki, Azərbaycanın ilk silahlı birləşmələri məhz yerli özünümüdafiə bölmələri kimi yaranıb. “Silahlı birləşmələr” bu kontekstdə bir qədər mübaliğəli ifadədir. Çünki sərhəd kəndlərdə, qəsəbə və şəhərlərdə yerli sakinlərin iradəsi ilə yaranan bölmələr ən yaxşı halda ov tüfənglərinə malik idi. Ölkədə milli ordu quruculuğunun gecikməsi, güclü mərkəzi hakimiyyətin olmaması, ən əsası Rusiya başda olmaqla bir çox dövlətlərin Ermənistanın işğalçılıq siyasətinə hər cür dəstək verməsi bu gün hər birinin birinci dərəcəli qohumları arasında ən azı bir şəhid və ya qazi olan Qarabağ və Şərqi Zəngəzur camaatını didərgin salmışdı. Qarabağ münaqişəsi Gorusun Xoznavar kəndinin əhalisi ilə Laçının Sadınlar kəndi əhalisinin örüş davası deyildi- nəhəng imperiyaların yaratdığı tarixi "Şərq məsələsi"ndən doğan Azərbaycana qarşı mütəşəkkil təcavüz idi.

İkincisi, doğma yurd-yuvasından didərgin düşən təxminən 800 min nəfər insanın çox cüzi bir hissəsi digər vətəndaşların mülkiyyət maraqlarında olan mənzillərdə yerləşmişdi. Mütləq böyük əksəriyyət çadırlarda və ictimai təyinatlı binalarda özünə sığınacaq tapmışdı. Dəqiq statistikanı deyə bilməyəcəm, ancaq digər vətəndaşların mülkiyyət marağında olan uzaqbaşı 4500-5000 mənzildə məcburi köçkünlər yerləşib. Say bir qədər az, bir qədər çox ola bilər. Ancaq məcburi köçkünlər heç kimi evindən zorla çıxararaq bu mənzillərə girməyib. Tam əksinə, həmin evlər boş olduğu, istifadə edilmədiyi, yaxud tikintisi tam başa çatmadığı üçün ora daxil ola biliblər. Üstəlik, həmin mənzillərin böyük əksəriyyəti - kooperativ mənzillər istisna olmaqla- sovet dövrünün tələblərinə uyğun olaraq dövlətin balansında idi. Dövlət məcburi köçkünləri sonralar evlə təmin edərkən bu halları nəzərə almağa çalışdı, ancaq daha acınacaqlı vəziyyətdə olan seqmentin yerləşdirilməsinə üstünlük verildi. Bütün hallarda, heç kim sözügedən mənzillərlə bağlı vətəndaşların mülkiyyət hüququnun pozulduğunu danmır- bu yöndə AHİM qərarı da var. Lakin bu halın istər fərdlər, istərsə də dövlət üçün “son zərurət”dən irəli gəldiyini də unutmaq lazım deyil. Müqayisə qüsurlu olsa da, məsələni belə qavramaq lazımdır: bir başqasının mülkiyyətində olan əraziyə icazəsiz girmək qadağandır, amma kimsə onu güllələmək üçün təqib edən canidən qaçaraq birinin həyətinə keçirsə, bu, hüquqi məsuliyyət yaratmır. Biz prosesi pis-yaxşı idarə etmiş, sosial riskləri minimuma endirməyə çalışmışıq. Milli hədəflərimizə nail olmaq üçün göstərdiyimiz bu qədər çabadan sonra, problemin real həlli üçün addımlar atılan zaman köhnə söhbətləri təzələməyə nə hacət?

Üçüncüsü, hər kəs eyni səviyyədə deyil. Fürsətcilik və girəvəçilik edənlərə istənilən cəmiyyətdə rast gəlmək mümkündür. Fəqət mən şəxsən şahidəm ki, “zəbt olunmuş evlər”də yaşamış məcburi köçkünlər hətta mənzillə təmin olunmadıqları halda da, açarları sahiblərinə təhvil veriblər. Digərləri də verəcək. Buna heç kimin şübhəsi olmasın. Qarabağda yaşayış məntəqələri inşa olunduqca, dövlət də, vətəndaşlar da üzərinə düşəni edəcək. Başqa cür mümkün deyil. Bu rəyimin qeyri-səmimi qarşılanmaması üçün bir məsələni də deyim. Ailəmizə məxsus və bazar dəyəri yarım milyon manat civarında olan mülkiyyətimizi könüllü olaraq Bərdədə məcburi köçkünlər üçün müvəqqəti məktəb kimi istifadə olunması üçün vermişik. Bununla da fəxr edirik!

Dördüncüsü, "keçmiş məcburi köçkünlər öz yurdlarına qayıtmaq istəmir" təbliğatı haradan baxsan yanlışdır. İlk növbədə onu xatırladaq ki, dövlət heç bir məcburi köçkünü zorla öz əvvəlki yaşayış məntəqəsinə qaytara bilməz. Bu, Azərbaycanın tərəfdar çıxdığı insan haqları konvensiyalarına ziddir. Proses könüllülük prinsipinə əsaslanır. İstənilən sosioloji tədqiqat, o cümlədən müşahidələr təsdiq edir ki, keçmiş məcburi köçkünlərin böyük əksəriyyəti öz yurdlarına dönmək niyyətindədirlər. Fəqət bu zaman bəzi obyektiv nüansları da nəzərə almalıyıq. Ölkədə iqtisadi münasibətlər, əmək vərdişləri, yaşayış şərtləri dəyişib. 30 il ərzində yeni nəsil yaranıb. Onlar fərqli mühitdə formalaşıb, fərqli karyera imkanlarına malikdirlər. Bunun belə olması normaldır və hətta yaxşıdır. Çünki məcburi köçkünlərin reinteqrasiyası dövlətin əsas prioritetlərindən biri idi. Məcburi köçkün iqtisadi təşəbbüskarlıq göstərib, çalışıb, əziyyət çəkib, ev tikib, maşın alıb, biznes qurub, dövlət qulluğunda təmsil olunub. Məgər bunlara haqqı, hüququ yox idi?

Beşincisi, lütfən, sözlərimi saf nikbinlik kimi qarşılamayın, bunu “Böyük Qayıdış”la bağlı proqram sənədlərini dəfələrlə oxumuş şəxs kimi yazıram. Bir neçə il ərzində işğaldan azad olunan ərazilər urbanizasiya mərkəzlərinə çevriləcək, ölkəmizin hər yerindən intellektuallar, savadlı gənclər, iqtisadi təşəbbüskarlar məhz Qarabağda yaşamaq istəyəcəklər. Bu gün “Ağıllı kənd”, “Ağıllı şəhər” layihələrinin əhəmiyyətini bir cəmiyyət olaraq tam qiymətləndirə bilmirik. İşğaldan azad olunan ərazilərdə istehlak gücü artdıqca, istehsal gücü də yüksələcək. Yeni texnoloji istehsal mərkəzləri məhz Qarabağda formalaşacaq. Laçın, Kəlbəcər, Şuşa, Xankəndi, Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl, Xocavənd və digər ərazilərimiz turizm cənnətinə, qeyri-neft sektorunun qəlbinə, ali təhsil yurdlarına dönəcək. Bu qədər böyük zəfəri qeybətdən də aşağı səviyyəli mülahizələrlə kirlətmək əvəzinə, gələcək quruculuğunun prioritetlərinə köklənək.

Məqalə uzun alınsa da, sonda bir vacib məsələyə də toxunmaq istəyirəm. Mediaya ictimai etimad istənilən ölkənin inkişafı üçün mühüm amildir. Azərbaycanın milli imzalarını etibarsızlaşdırmaq uzun illər Azərbaycan əleyhinə çalışan xarici beyin mərkəzlərinin əsas niyyətlərindən biri olub. Eləcə də Azərbaycanın milli mediasını institutsional etimadsızlığa sürükləmək üçün milyonlar xərcləyənlər var. Bu cür niyyətləri bu günəcən puç etmişik, yenə də edəcəyik. Heç kimin şübhəsi olmasın ki, bizim milli medianın nümayəndələri kifayət qədər intellektual, peşəkar, xalqına və dövlətinə bağlı isimlərdirlər. İndi bizim ictimai fikir müəssisəsi olaraq qarşımızdakı ən böyük vəzifə intellektual medianın çəkisini artırmaqdır. Odur ki, media quruluşlarından və aktiv sosial şəbəkə istifadəçilərindən iki xahişim var.

Baş redaktor həmkarlarımdan ilk xahişim budur ki, işə götürdüyünüz adamların təhsilini, intellektual səviyyəsini, böhran kommunikasiyası ilə bağlı keyfiyyətlərini yaxşı-yaxşı araşdırın. Jurnalistika səhv etmək sənətidir, bundan qaçmaq mümkün deyil. Ancaq kimsə öz səhvini göyərdərək cəmiyyət üçün risklər yaradacaqsa, deməli, o cür adamlar jurnalistika kimi ictimaiyyətə xidmət öhdəliyi olan bir peşə üçün yararsızdır.

Digər ricam isə, sosial şəbəkələrdən fəal istifadə edən keçmiş məcburi köçkünlərə ünvanlanıb. Hiddətinizi başa düşür və bölüşürəm. Amma sizlər də görürsünüz ki, bu mövzunu ayrı yerlərə çəkmək istəyənlər var. Odur ki, gəlin, hamılıqla bu söhbəti qapadaq. Arxayın olun ki, intellektual medianın təmsilçiləri bu xalqın və dövlətin maraqlarını heç zaman kiməsə qurban verməyib, verməyəcək də. Qarabağda erməni separatizminə qalib gələn milli iradəmiz daxili bölücülərimizə də yerini və həddini bildirməyə qadirdir.

Biz birlikdə güclüyük!

Taleh ŞAHSUVARLI,

AzNews.az