Hansı daha təhlükəlidir: Eresbosun, yoxsa Məkirin qızı?

14 Sentyabr 2025 20:18 (UTC+04:00)

Şah İsmayıla qarşı total bir hücum başladılar. Dedilər ki, siz 20-ci əsrdə peyda olmuş süni bir dövlət, tarixi qaranlıq natamam toplumsunuz. Birbaşa belə demirdilər, amma sözlərinin canı bu idi. Təbii ki, qarşı çıxdıq, elmi arqumentlərlə tarixi köklərimizi baltayanlara ən kəskin cavablar verdik. Bu tendensiyanın Azərbaycan ictimai şüurunda intellektual böhran yaratmağa xidmət etdiyini açıq-açıq söylədik. Şah İsmayıl xalqımızın qüdrətli bir imperiya yaratmış tarixi şəxsiyyətidir. Xalqımızın etnogenezini formalaşdıran tayfalar Səfəvi imperiyasının qurucu müəssisəsidir. 19-cu əsrdə dünyada modernləşmənin genişlənməsi ilə millətləşmə prosesinə daxil olan və dövlətləşərək AZƏRBAYCAN XALQI kimi təşəkkül edən unikal sosial qrupun ontologiyası Şah İsmayıla bağlıdır. Dedik ki, Şah İsmayıla, millətləşmə prosesinə, Azərbaycan xalqının ontoloji əsaslarına qarşı aparılan kampaniya Rusiya prezidenti Vladimir Putinin Kremlin saytında Ukrayna xalqına və dövlətinə qarşı yayımlanan məqaləsinin tezislərinə bənzəyir. Diqqətli olaq!
Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan Muğam Müsabiqəsinin finalı bu il Laçında keçirildi. Laçındakı tədbirdə iştirak edən hər bir müsabiqə iştirakçısı qalib idi. Kimin neçənci yer tutmasından asılı olmayaraq iştirakçıların hər birini TARİX özü mükafatlandırmışdı. Amma məsələnin bu tərəfi qıraqda qaldı, Tik-Tok vasitəsi ilə gündəmə guya hansısa iştirakçıya haqsızlıq edilməsi barədə iddialar çıxarıldı. Bu və ya digər iştirakçıların birinci, ikinci, üçüncü görülməsi normaldır. Münsiflər arasında da fikir müxtəlifliyi ola bilər. Amma yekunda qərar peşəkarlar tərəfindən verilir. O qərara sayğı duymaq da, duymamaq da olar. Bu, hər kəsin haqqıdır. Əsl problem isə o oldu ki, dediyim kimi, LAÇIN QALİBİYYƏTİ görməzlikdən gəlindi. Məsələ aparılıb yerliçiliyə çıxarıldı. Mənsum İbrahimovun timsalında ölkənin vətənpərvər və ləyaqətli bir sənət adamının "yerlipərəst"likdə yarğılanmasının arxasında sanki kimlərsə, hansısa bəd niyyətlər vardı. 21-ci əsrdə, iliyinə qədər qaynayıb-qarışmış bir toplumda, bir ucundan o biri ucuna 4 saatlıq məsafə olan ölkədə yerliçilik???
Daha sonra məcburi köçkünlərə qarşı kampaniya başladı. 30 ildir informasiya ilə işləyirəm, necə deyərlər, tülküləri quyruqlarından tanıyıram. Katalizatorun savadsızlığını, hikkəsini, şöhrət aludəçiliyini aşırdı bu iş. İstifadə olunan manipulyasiya texnologiyaları və Tik-Tok hesabları onu göstərirdi ki, istifadə olunmuş nifrət leksikonunu ölkədə sosial qarşıdurmaya çevirmək istəyənlər var. İntellektual mediamızın təmsilçiləri prosesi əngəllədi. Emosiyaları tam sakitləşdirə bilməsək də, məcranı kontrola götürdük. Mətbuat Şurası, Auidovizual Şura da gərəkən mövqe sərgilədi. Amma bütün hallarda cəmiyyətə emosional zərbə vurulmuşdu.
Bu gün 1967-ci il təvəllüdlü erməni Karen Albertoviç Avanesyan “Kalaşnikov” avtomatı və patronla dolu 4 sandıqça, 5 ədəd qumbara ilə Xankəndi şəhərində keçirilən TƏDBİR MƏKANINA yaxınlaşmaq istəyib. Polis onu saxlayarkən Avanesyan 3 ədəd əl qumbarası atıb və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib. Cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyan tutulub. Özünüz düşünün, hüquq-mühafizə orqanlarımızın ayıq-sayıqlığı olmasaydı, Xankəndidən indi hansı xəbərlər gəlirdi?
İkinci sual: Emosional cəhətdən bölünmüş, qarşı-qarşıya qoyulmuş cəmiyyəti o xəbərlər çökdürməzdimi?
Sualları davam etdirməyi sizin ixtiyarınıza buraxıram.
Mənim üçün ssenari aydındır. Bu hadisələrin bir-biri ilə orqanik şəkildə bağlı olduğunu iddia etmirəm. Jurnalist kimi bunları araşdırmaq imkanım da yoxdur. Amma ortadakı faktların hər birinin ayrı-ayrılıqda üzə çıxan səbəb-nəticə əlaqələri bizə deyir: Bizi II Qarabağ Savaşında tarixi zəfərə qovuşduran və prezident İlham Əliyevin ən böyük sosioloji əsərlərindən biri, mən deyərdim, birincisi olan MİLLİ HƏMRƏYLİK QORUNMALIDIR!
Rusiya telekanalları hər gün milli həmrəyliyimizin üstünə "qumbara" atır.
Bu günlərdə İranın mənasız və uğursuz siyasətçilərindən olan Əli Əkbər Vilayəti "Aran Respublikası" deyə Azərbaycan dövlətçiliyinə daha bir "qumbara" tolazlayıb.
Xankəndidə "damazlıq" saxlanılan erməni Karen meşədə gizlədilmiş silah-sursatı "Nemezis" zehniyyəti ilə istifadə etmək istəyib.
Bilirsiniz, "Nemezis"- yunan mifologiyasında intiqam tanrıçası idi.
Fəqət qorxulu olan Eresbosun deyil, Məkirin qızıdır.
Qorxulu olan Vilayəti deyil- yel qayadan bir şey aparmaz- Azərbaycanı, Azərbaycanlı kimliyini "vilayət" kimi görənlərdir.
Qorxulu olan Şah İsmayılın simvolunda milli əlahiddəliyimizə hücum çəkənlər deyil, hücüm çəkənlərin bizlərin hətta çağırılmadığı tədbirlərdə ön sırada əyləşdirilməsidir.

Taleh ŞAHSUVARLI