Ermənistan tarixində “güclü ordu” anlayışı həmişə əsas prinsip olub.
Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan “Kompleks təhlükəsizlik və dayanıqlılıq 2025” beynəlxalq konfransında bildirib.
“Biz daim deyirdik: bizə güclü ordu lazımdır. Amma bu da elə bir məqamdır ki, özümüzə sual verməliyik: “Güclü ordu” nə deməkdir? Bu, müttəfiqlərlə birgə olan ordu deməkdir, yoxsa müttəfiqsiz? Əgər müttəfiqlərlədirsə, bir sıra suallar yaranır. Əgər müttəfiqsizdirsə, yenə də suallar yaranır. İndi geriyə baxaraq anlayıram ki, anlayışları dəqiqləşdirmək həyati zərurətdir. Əsas sual isə budur: Ermənistan dövləti, Ermənistan Respublikası öz ordusu qarşısında hansı vəzifəni qoyur?”, - Paşinyan deyib.
Onun sözlərinə görə, Ermənistan Respublikasının ordusu beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir vəzifə və funksiya daşımır: “Ordunun vəzifəsi Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin müdafiəsini təmin etməkdir. Burada daha bir mühüm məqam var. Ordumuz bizə həmişə birinci sədd və təhlükəsizliyin əsas dayağı kimi təqdim olunurdu. Yumşaq desək — birinci. Əslində həm birinci, həm ikinci, həm üçüncü, həm də dördüncü. Mən bir dəfə demişdim: biz heç vaxt düşünmədik ki, əsgərimizin çiyinlərinə nə qədər dözülməz yük yükləmişik. Təəssüf ki, sonra başa düşdük: əgər təhlükəsizliyin təmin olunmasında əsas alət yalnız ordudursa, deməli, təhlükəsizliyin yoxdur. Əgər təhlükəsizliyin əsas aləti ordudursa, bu formulu ümumiyyətlə işlətməmək daha yaxşıdır. Belə demək lazımdır: təhlükəsizlik ümumiyyətlə yoxdur. Çünki “güclü ordu” nə deməkdir? Yenidən soruşuram: kimdən güclü? Neçə potensial düşməndən? Hansı ÜDM və əhali sayına malik? Əhalisi yüz milyonlarla olan, ÜDM-i bizimkindən yüzlərlə dəfə artıq olan neçə ölkənin ordusundan? Məsələ məhz vəzifənin düzgün qoyulmasındadır. Bu, elə bir haldır ki, adətən deyirik: “Axı bu aydındır. Bunu kim bilmir ki?” – Xeyr, bu, heç də aydın deyil. Daha da irəli gedərək deyirəm: ordu ikinci, üçüncü, dördüncü, beşinci təhlükəsizlik aləti də olmamalıdır. Ordu ən sonuncu olmalıdır. İş elə qurulmalıdır ki, ordu 15-ci, 20-ci, 50-ci, 100-cü yerdə olsun. Bu, ordunun rolunun kiçildilməsi demək deyil”.
Ermənistan Baş naziri “müxalifətin bunları Azərbaycan və Türkiyənin tələbi ilə etdiklərinə dair” iddialarına da toxunub: “Müxalifət deyir bu bizi alçaldır. İcazə verin deyim: bu, “təhlükəsizlik” anlayışının əsas qatlarının, səviyyələrinin və konseptlərinin başa düşülməməsinin nəticəsidir. Bu gün çoxları başa düşmür ki, biz niyə elə qərarlar veririk ki, ən azından qısamüddətli dövrdə alqışlanmırıq. Sadə səbəbdən: bizim məqsədimiz “bu gün” üçün təhlükəsizliyi təmin etmək deyil, elə qərarlar verməkdir ki, on il sonra yenidən bir partlayış baş verməsin və biz arxaya söykənib, siqaret çəkə-çəkə deməyək: “Baxın, biz xəbərdarlıq etmişdik”. Bizim məqsədimiz elə qərarlar verməkdir ki, ölkəmizin qanuni, tanınmış sərhədləri olan ölkənin təhlükəsizliyi yalnız bu gün deyil, yüz illər boyu təmin olunsun. Qoy bu gün bizi “xəyanətkar” adlandırsınlar, amma bizim bu gün atdığımız addımlar nəticəsində 50, 100, 150 il sonra Ermənistan Respublikası dövlət olaraq qalacaq. İki il əvvəl mən bu sualı verirdim. İndi isə bu sualı artıq vermirəm, mən bunu bəyan edirəm: belə olacaq. Və hər şeydən əvvəl legitimlik strategiyasının sayəsində”. (APA)
AzNews.az