“Məktəb zəngi valideynlər üçün də çalınır"

15 Sentyabr 2025 18:25 (UTC+04:00)

Hər il 15 sentyabrda ölkəmizin bütün məktəblərində qapılar açılır, zənglər çalınır və uşaqlar yeni dərs ilinə qədəm qoyur. Bu gün həm uşaqlar, həm müəllimlər, həm də valideynlər üçün xüsusi bir gündür. Çünki yay tətilindən sonra məktəb həyatına uyğunlaşmaq hər kəs üçün yeni bir sınaq, yeni bir başlanğıcdır. Uşaqların bu yolda daha rahat addımlaması isə çox vaxt valideynlərin münasibətindən asılı olur.

İlk növbədə, məktəb həyatına yeni qədəm qoyan birinci sinif şagirdlərini düşünək. Onların gözlərindəki həyəcanı, eyni zamanda qarışıq duyğuları görməmək mümkün deyil. Bir tərəfdən məktəbin yeni dostluqlar, yeni biliklər məkanı olması onları sevindirir, digər tərəfdən isə bilinməyən bir dünyaya addım atma qorxusu yaşayırlar. Valideynlər burada övladlarının ən böyük dayağı olmalıdır. Məktəbi “öyrəncəklərin macəra yeri” kimi təqdim etmək, müəllimə qarşı inam yaratmaq, kiçik uğurlarını belə alqışlamaq uşağın həm özgüvənini, həm də məktəbə marağını artırır. Hər gün “dərslərini oxudunmu?” sualı əvəzinə, “bugün məktəbdə nə öyrəndin, ən çox nədən xoşun gəldi?” sualını vermək uşağı məktəbə daha da bağlayır. Ən əsası isə onlara sərt nəzarət yox, sevgi və qayğı ilə yanaşmaqdır.

Yuxarı sinif şagirdlərinin vəziyyəti isə tamamilə fərqlidir. Xüsusilə buraxılış imtahanlarına hazırlaşan şagirdlər üçün yeni dərs ili artıq bir məsuliyyət yüküdür. Onların hər günləri planlı dərs saatları, testlər, dərnəklər və əlavə məşğələlərlə doludur. Bu gərginlik fonunda valideynlərin övladlarına yanaşması çox incə bir xətt üzərində qurulmalıdır. İmtahanı “həyatın sonu” kimi təqdim etmək uşaqlarda daha çox stres yaradır. Əksinə, “bu sadəcə bir mərhələdir, biz sənin yanındayıq” mesajı onların yükünü yüngülləşdirir. Valideynin vəzifəsi yalnız təhsil prosesinə nəzarət etmək deyil, həm də uşağın psixoloji vəziyyətini izləməkdir. Dərs oxumaqla yanaşı, gəzinti, idman, musiqi və dostlarla ünsiyyətə də vaxt ayırmaq onların motivasiyasını artırır.

Burada rejim məsələsi də önə çıxır. İstər ibtidai, istərsə də yuxarı sinif şagirdləri üçün vaxtında yatmaq və səhər yeməyi ən sadə, amma ən təsirli qaydadır. Çünki yuxusuz və ac uşağın dərsə diqqətini toplaması mümkün deyil. Digər tərəfdən, imtahana hazırlaşan yeniyetmələrin bütün gün kitab qarşısında oturması onların həm sağlamlığına, həm də öyrənmə məhsuldarlığına mənfi təsir göstərir. Qısa fasilələr, fiziki hərəkət və balanslı qidalanma öyrənmə prosesini daha səmərəli edir.

Unutmayaq ki, uşaqların uğuru yalnız onların deyil, həm də ailənin uğurudur. İbtidai siniflərdə sevgi və oyunla, yuxarı siniflərdə isə planlı dəstək və anlayışla yanaşan valideynlər övladlarının yolunu işıqlandırmış olurlar. Məktəb həyatı təkcə bilik deyil, həm də münasibət, əməkdaşlıq və inam məktəbidir. Uşaqlar bunu ailəsində hiss etdikcə məktəbə daha həvəslə gedir, gələcəyə daha inamla addımlayırlar.

Bilik günü - sadəcə təqvimdə bir tarix deyil, həm də hər bir uşağın həyatında yeni üfüqlərin açıldığı gündür. Valideynlər bu üfüqləri sevgi ilə genişləndirsələr, uşaqların gələcək uğurları da bir o qədər parlaq olar.

Günay Əkbərova,

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü