Gömrük Akademiyasında “Bilik günü” qeyd olunub - FOTOLAR

15 Sentyabr 2025 19:08 (UTC+04:00)

Dövlət Gömrük Komitəsinin Akademiyasında “Bilik günü” və yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yeni tədris ilinin başlanması münasibətilə professor-müəllim heyətini, tələbələri və valideynləri təbrik edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkənin bütün sahələrində olduğu kimi, o cümlədən təhsil sahəsində də mühüm nailiyyətlər əldə olunur, yüksəkixtisaslı milli kadrlar hazırlanır.

Ölkəmizdə təhsilin inkişafı, müasir standartlara uyğun şəkildə qurulması istiqamətində mühüm islahatların həyata keçirildiyi diqqətə çatdırılıb. Eyni zamanda, gənclərə, Zəfər qazanmış ölkənin gələcəyi üçün layiqli vətəndaş kimi formalaşmaq, suverenliyimizin daimi qorunması naminə yüksəkixtisaslı kadrlar kimi inkişaf etmək tövsiyə olunub.

Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov gənclərin gələcəkdə uğurlu karyera qurması üçün Akademiyada bütün lazımi imkanların təmin edildiyini qeyd edib və tələbələrə gələcək təhsil həyatlarında uğurlar arzulayıb.

Daha sonra Vətən müharibəsi qəhrəmanı, şəhid Elçin Mansurovun anası Məleykə Məcidova və digər çıxış edənlər tələbələri təbrik edərək, onlara müstəqil dövlətimizin inkişafı üçün səylə çalışmağı tövsiyə ediblər.

Sonda qəbul zamanı yüksək bal toplayan I kurs tələbələrinə tələbə biletləri və xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, 2025/2026-cı tədris ilində bakalavriat səviyyəsi üzrə 140, magistratura üzrə isə 10 tələbə Akademiyada təhsil almaq hüququ qazanıb.

AzNews.az