“Paşinyanı devirmək üçün yayılan şayələr – Türk agenti iddiaları əsassızdır” - Həşim Səhrablı

15 Sentyabr 2025 19:46 (UTC+04:00)

“Əslində, həyata keçirilən bütün addımlar hazırda Ermənistanda anti-Paşinyan və ya rus meyilli qüvvələr tərəfindən onun hakimiyyətdən uzaqlaşdırılması, devrilməsi və ya gələcək seçkilərdə səs itirməsi üçün təhrif olunaraq “xəyanət” kimi təqdim edilir. Lakin Paşinyanın atdığı addımların heç biri onun Türk agenti olması və ya Azərbaycandan, Türkiyədən əmrlər alması ilə bağlı deyil. Paşinyan görür ki, təmsil etdiyi dövlət və millət uzun müddət şovinist ideyaların təsiri altında olub və son 200 il ərzində ermənilər zaman-zaman rusların, fransızların, ingilislərin oyununa çevrilərək anti-türk siyasətində qurban rolunda istifadə olunublar. İndi o, erməniləri bu rolundan çıxarmağa, sivil və müstəqil bir Ermənistan qurmağa çalışır. Məqsəd dövlətin dünyaya inteqrasiya edə biləcəyi, maraqları və siyasəti olan, müstəqil addımlar ata bilən bir ölkə yaratmaqdır”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.

Xatırladaq ki, Ermənistan parlamentinin deputatı Kristina Vardanyan Azərbaycanın sülh prosesi çərçivəsində qoyduğu tələblərin yerinə yetirilməyə başlandığını bildirib. O, həmçinin Türkiyənin münasibətlərin normallaşması ilə bağlı irəli sürdüyü tələblərin də İrəvan tərəfindən icra olunduğunu vurğulayıb.

Siyasi şərhçi bildirib ki, Paşinyan atdığı addımların yalnız Ermənistanın maraqlarına xidmət etdiyini və bu qərarların Azərbaycan və ya Türkiyənin istəyi ilə verilmədiyini anlayır.

“Onun prioriteti dövlətinin maraqlarını qorumaqdır; bu addımlar ölkəni zəiflətmir, əksinə dünya siyasətində mövqeyini gücləndirir. Hər hansı proyekt – Rusiyadan, İrandan və ya Qərbdən gələn – Ermənistanı asılı vəziyyətdə saxlaya bilər. Paşinyan isə yalnız dövlətinin maraqlarına uyğun olanları edir. Onun Azərbaycandan və ya Türkiyədən əmrlər aldığı və ya Türk agenti olduğu barədə iddialar isə anti-Paşinyan, xüsusilə rus meyilli qüvvələrin yaydığı şayələrdir və hakimiyyətdən uzaqlaşdırmaq məqsədini güdür. Ermənistan ordusunun ixtisarı məsələsinə gəldikdə isə, Paşinyan başa düşür ki, ölkənin büdcəsinin bütün imkanlarını ordunun gücləndirilməsinə sərf etmək mümkün deyil. Ermənistan kiçik ölkədir və ordusu yalnız regional təhlükələrə cavab verə bilər; Türkiyə, Azərbaycan, İran və ya Rusiya ilə müqayisədə müstəqil hərbi gücə sahib ola bilməz. Bu səbəbdən Paşinyan hərbi xərcləri azaltmaqla vəsaiti iqtisadi müstəqilliyi və digər sahələrdə dövlətin gücünü artırmaq üçün yönəldir. Paşinyan artıq Ermənistanı iqtisadi cəhətdən müstəqil bir dövlətə çevirmək istiqamətində addımlar atır. Ermənistan cəmiyyəti yaxın gələcəkdə görəcək ki, ölkənin müstəqilliyinin təminatı ordu ilə deyil, iqtisadi və siyasi güc ilə təmin olunur. Kiçik ölkə olaraq Ermənistan öz imkanları ilə böyük ordu qura bilməz və heç kim onun yerinə bunu etməyəcək”.

Rəfiqə Namazəliyeva,

AzNews.az