Elm və Təhsil Nazirliyindən soruşuram: Niyə yetişdirmədiniz?

16 Sentyabr 2025 15:11 (UTC+04:00)

Bəri başdan deyim ki, mən "təhsil eksperti" deyiləm. Belə bir status daşımaq fikrim də yoxdur. Mənim təhsillə bağlı yazdıqlarım jurnalist və QHT sədri kimi ictimai maraqlara söykənir. Bu müstəvidə vətəndaşlarımızın Kontitusiyamızın 42-ci maddəsində nəzərdə tutulan təhsil hüququnu müdafiə edirəm.

Azərbaycanın Elm və Təhsil Naziri, sayğılı Emin Əmrullayev deyir ki, ali məktəblərin pedoqoji ixtisaslarının məzunları Müəllimlərin İşə Qəbul İmtahanlarından minimum bal toplaya bilmirlər. Problemləri etiraf etmək, ictimai müzakirəyə çıxarmaq yaxşı tendensiyadır. Bunu dəfələrlə təqdir etmişəm, yenə təqdir edirəm.

Lakin məqsəd MİQ imtahanlarının keçirilməsinə haqq qazandırmaq olmamalı, yəni məsələnin formal tərəfləri yox, məğzi dartışılmalıdır. Odur ki, bir daha deyirəm: MİQ imtahanları təhsilimizə müsbət heç nə vəd etmir, resurs itkisi, gərginlik mənbəyi, Azərbaycan Respublikası adından Elm və Təhsil Nazirliyinin öz verdiyi diplomlara etimadsızlığıdır.

Nazirin son açıqlamasından məlum olur ki, o, bu etimadsızlığı haqlı sayır. Çünki fərz edək ki, əsas görəvi təhsil sistemi üçün kadrlar yetişdirmək olan APU-nun məzunlarının heç də hamısı MİQ imtahanlarından minimum bal toplaya bilmir. Belədə, APU-nun verdiyi diplomun əmək bazarına uyğunsuzluğu gündəmə gəlir. Bu uyğunsuzluğun arxasında isə, əmək bazarının tələbləri ilə ali məktəb proqramları arasındakı ziddiyyət dayanır.

Bəli, bu ziddiyyətlər var və bunu dəfələrlə elə burada yazmışam, oxumusunuz. Məsələn, ali təhsilin məqsədi həm də dövlət qulluğuna kadrlar hazırlamaqdır. DİM dövlət qulluğuna qəbul üçün imtahanlar keçirir və bunun üçün BDU-nun Hüquq fakültəsinin proqramından geri qalmayan bir qanunvericilik toplusunu bilməyi tələb edir.

Çox pakizə, amma iddiaçı bu tələblərə cavab verən hüquq biliklərini harada öyrənməlidir?

DİM-in rəsmi nümayəndəsi bir verilişdə birbaşa mənə və bütün cəmiyyətə dedi ki, özü öyrənməlidir!!!

Bu, təhsil sistemini, yumşaq desək, ələ salmaqdır.

Təsəvvür edin, dövlət sistemin qarşısına məqsəd qoyub ki, dövlət qulluğuna kadr hazırla, sistemin işləkliyinə cavabdeh qurumlardan birinin nümayəndəsi isə deyir ki, özü hazırlaşıb gəlsin.

Biabırçılıqdır!!!

Bu biabırçılığa illərdir diqqət çəkirəm, ETN-nin rəhbərliyinə dəfələrlə səslənmişəm ki, ali məktəblərin proqramına icbari tədris olunmaq üçün "Konstitusiya və hüququn əsasları", "Məntiq", "Elm fəlsəfəsi" fənnlərini salın. Dövlət qulluğu da, akademik fəaliyyət də əmək bazarının bir seqmentidir. Bizim ali təhsil proqramı (məzmununa qayıdacam) naqisdir, qüsurludur, problemlidir, amma bu barədə ETN heç bir tədbir görmür. "Araşdırırıq", "müzakirə edirik" kimi bəhanələr keçmir. Emin Əmrullayev 5 ildir Elm və Təhsil Naziridir. 5 il bir hakimiyyət dönəmidir. Qabaqları qoyaq qırağa, 5 ildir ki, ali məktəb məzunları dövlət qulluğuna qəbul olunmaq üçün DİM imtahanlarına girir və yarıdan çoxu kəsilir. Kəsilməyənlər də illərcə dövlət qulluğuna hazırlıq kurslarına pul töküblər. Bununla təkcə Konstitusiyamız, qanunlarımız pozulmur. Birbaşa Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin "Hər bir insan öz ölkəsində dövlət qulluğuna hamıyla bərabər yol tapmaq hüququna malikdir" deyən 21-ci maddəsi pozulur.

Emin Əmrullayev bu vəzifəyə islahatçı təqdimatı ilə, müasir dünyagörüş sahibi kimi təyin olunub. Şəxsən tanıdığımdan həqiqətən müasir düşüncəli bir insan olduğunu şəxsən də təsdiq edirəm. Elə buna görə də ilk növbədə özümə sual edirəm ki, necə olur ki, müasir düşüncəli nazir belə 5 il ərzində müasir insan hüquqlarının ən önəmli maddələrindən birinin- birbaşa nəzarət etdiyi sahədə- görmür və aradan qaldıra bilmir? Məgər ali məktəb proqramına bir neçə fənn daxil etmək nazir üçün, nazirlik üçün çətin işdir?

Qayıdaq pedaqoji ixtisasların məzunlarına və MİQ imtahanlarına. Bəli, nazirin dedikləri doğrudur. Doğrudursa, deməli, problemin üstünə düz yerdən getmək lazım. Bu ölkədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi var və bir başa ETN-ə tabedir.

Sualıma diqqət edin xahiş edirəm: bu qurum nazirin verdiyi örnəkdən yola çıxsaq, nədən pedaqoji ixtisaslar üçün universitetlərdə vahid proqram və vahid elektron qiymətləndirmə sistemi tətbiq etməyib?

Deyək ki, ölkədə "N" sayda universitet pedaqoji kadrlar hazırlayır. Bu kadrların hazırlanması üçün ETN vahid proqram təqdim etməli və vahid proqram əsasında təhsil alan tələbələrin biliklərini elektron sistemlə vahid qaydada ölçməli, vahid elektron bazada toplamalıdır. Bu zaman diplomların verilməsində həm nazirin dediyi hallar baş verməyəcək, həm MİQ və DİM imtahanlarına ehtiyac qalmayacaq, həm də əmək bazarı ilə təhsil proqramları arasındakı ziddiyyətlər böyük ölçüdə aradan qalxacaq.

Cəmi 1 il ərzində bu sistemi qurmaq mümkündür.

Bizim Elm və Təhsil Nazirliyi isə məhz bu sistemi qurmaq əvəzinə tələbələrdən, məzunlardan şikayətlənir. Bax o zaman biri, məsələn elə mən, çıxıb deyərəm ki, yaxşı, bəs necə olur ki, fərz edirəm, 500 bal (orta məktəb təhsiz bazasının 71 %-i) toplayıb ali məktəbə qəbul olunanlar, məzun olduqdan sonra MİQ imtahanlarından minimum keçid balı toplaya bilmirlər?

Axı bu adam qabiliyyətli, orta məktəb bazasında yüksək savadlı idi deyə universitetə qəbul olunmuşdu.

Niyə yetişdirmədiniz?

Taleh ŞAHSUVARLI