“Məsələ uzun müddətdir müzakirə olunur və Gürcüstan siyasi elitasında, siyasi rəhbərlikdə əsas məsələlərdən biri kimi aktuallığını qoruyur. Xarici agentlər haqqında qanun layihəsi Gürcüstan siyasi elitasını Rusiya və Qərb arasında seçimini müəyyənləşdirən bir situasiya yaradır. Gürcüstan hakimiyyəti hələ qərar verməyə tələsmir və ya müəyyən mənada qərar verilibsə də, müxalifətin gücü nəzərə alınaraq vəziyyət kifayət qədər mürəkkəbdir. Hətta hakimiyyət daxilində də fikir ayrılıqları mövcuddur”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.
Qeyd edək ki, Gürcüstanda qəbul edilən “xarici agentlər” haqqında qanun Qərb dairələri tərəfindən demokratik dəyərlərə zidd və Rusiyaya yönəlik addım kimi qiymətləndirilir. Rəsmi Tbilisi isə bunu daxili işlərə müdaxilə sayır. Parlament sədri Şalva Papuaşvili bildirib ki, heç kimin, o cümlədən Avropa İttifaqının Gürcüstana təzyiq göstərməyə haqqı yoxdur və gürcü xalqına “demokratiya dərsi” keçməyə ehtiyac yoxdur. Bəyanatlar Aİ-Gürcüstan münasibətlərində gərginliyin artdığını göstərir.
Siyasi şərhçi bildirib ki, Rusiya hələ də müharibə aparır və bu müharibənin nəticəsi əvvəlcədən bilinmir.
“Rusiya Gürcüstanın qonşusudur və ölkənin müəyyən torpaqlarının bir hissəsini, xüsusən Abxaziya və Osetiyanı işğal edib. Gürcüstan perspektivdə həmin itirilmiş torpaqları danışıqlar yolu ilə qaytarmağa çalışa bilər. Lakin hazırda vaxtından əvvəl addım atmaq mümkünsüzdür və hakimiyyət müəyyən manevrlarla, gözləmə mövqeyindədir. Eyni zamanda Avropanın gələcəyi də qeyri-müəyyəndir; Avropa ölkələri arasında fikir ayrılıqları formalaşıb. Bir neçə il əvvəl kollektiv Qərb anlayışı daha stabil görünürdü, lakin Rusiya-Ukrayna müharibəsi Avropada ciddi fikir ayrılıqları yaradıb. Avropa daxilində ayrı-ayrı ölkələr arasında gərginlik müşahidə olunur. Həm qərbdə, həm də şərqdə yeni geosiyasi konfigurasiya formalaşır. Belə vəziyyətdə Gürcüstan hakimiyyəti öz dövlətçilik maraqlarını, müxalifətin ambisiyalarını nəzərə alaraq hədəf qərarını vaxtından əvvəl verməyəcək. Xarici agentlər haqqında qanun layihəsi uzun müddət müzakirə mövzusu olaraq qalacaq və məsələnin həllinə qədər Gürcüstanın rəsmi mövqeyi tam olaraq Qərbə və ya Rusiyaya yönəlməyəcək. Eyni zamanda hakimiyyət daxili qarşıdurmanın qarşısını almağa çalışacaq”.
Rəfiqə Namazəliyeva,
AzNews.az