“Məktəblərdə zorakılığın səbəbləri kompleks araşdırılmalıdır” - Nailə İsmayılova

17 Sentyabr 2025 20:39 (UTC+04:00)

“Məktəblərdə yeniyetmələr arasında baş verən xoşagəlməz, neqativ, bəzən də cinayət xarakterli hadisələr cəmiyyətimizi çox üzür və məyus edir. Əgər bu hadisələrin içində ölüm faktı da varsa, bu, artıq dəhşət deməkdir. Bu o deməkdir ki, biz təkcə həyəcan siqnalı verməklə kifayətlənməməli, problemin köklərinə vararaq səbəbləri kompleks şəkildə araşdırmalıyıq. Sual doğuran məqamlar çoxdur. İlk növbədə düşünməliyik: uşaq niyə məktəbə bıçaqla gəlir, bu hansı ehtiyacdan qaynaqlanır? Valideynin bundan xəbəri varmı? Əgər xəbəri varsa, niyə qarşısını almır və ya lazımi tədbir görmür? Digər tərəfdən, məktəblərdə şagirdlərlə profilaktik işlər, psixoloji söhbətlər aparılırmı? Məktəb-valideyn münasibətlərində hansı əsas meyarlar nəzərdə tutulur?”.

Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Nailə İsmayılova deyib.

Xatırladaq ki, sentyabrın 16-da Cəlilabad rayonunda məktəblilər arasında baş verən mübahisə faciə ilə nəticələnib. IX sinif şagirdi sinif yoldaşını bıçaqlayaraq qətlə yetirib. Hadisə cəmiyyətdə ciddi rezonans doğurub və məktəblərdə təhlükəsizlik, şagirdlərin davranışı, eləcə də ailə nəzarəti məsələlərini gündəmə gətirib.

Sosioloq qeyd edib ki, heç bir halda zorakılıq qəbul edilə bilməz.

“Zorakılığa qarşı mübarizədə cəmiyyətin hər bir üzvü fəal iştirak etməlidir. Vətəndaş cəmiyyətinin nümayəndəsi və Qeyri-Hökumət Təşkilatının rəhbəri kimi xüsusi vurğulamaq istəyirəm ki, əvvəllər biz müəyyən layihələr çərçivəsində rəsmi müraciətlər əsasında məktəblərdə müxtəlif mövzularda maarifləndirmə işləri aparırdıq və bunun çox yaxşı nəticələrini görürdük. Lakin son illər müəyyən çətinliklər səbəbindən bu fəaliyyətimizi davam etdirə bilmirik. Aydın məsələdir ki, cəmiyyətdə baş verən neqativ hadisələr insanların, xüsusilə də valideynlərin sosial-psixoloji vəziyyətinə mənfi təsir göstərir və onların övladları ilə bağlı narahatlıqlarını artırır”.

Rəfiqə Namazəliyeva,

AzNews.az