Qlobal siyasət, diplomatiya və iqtisadi əlaqələr haqqında düşünəndə çox vaxt beynimizdə neft müqavilələri, təhlükəsizlik paktları və ya siyasi danışıqlar canlanır. Amma son illər ölkələrin yumşaq güc siyasətində diqqətçəkən yeni bir vasitə ön plana çıxıb - mətbəx. “Qastro-diplomatiya” adlanan bu yanaşma milli mətbəxi xaricdə tanıtmaqla ölkələrin imicini möhkəmləndirməyi və beynəlxalq əlaqələrdə müsbət assosiasiyalar yaratmağı hədəfləyir.
Əslində qida hər zaman mədəniyyətlərin ünsiyyət vasitəsi olub. Amma müasir dünyada bu artıq daha sistemli şəkildə dövlət siyasətinə çevrilib. Taylandın “Thai Kitchen to the World” proqramı, Cənubi Koreyanın “Kimchi Diplomacy” təşəbbüsü və Yaponiyanın suşi ilə bağlı qlobal mədəniyyət ixracı bu yanaşmanın uğurlu nümunələridir. Bu ölkələr yalnız öz mətbəxlərini dünyaya tanıtmır, həm də qlobal arenada özləri haqqında pozitiv təsəvvür formalaşdırırlar.
Qastro-diplomatiyanın uğuru sadəcə yeməklərin dadı ilə deyil, həm də onların daşıdığı hekayə ilə bağlıdır. Məsələn, İtaliyanın makaronu və pizzası sadəcə qida deyil, İtalyan həyat tərzinin – rahatlıq, ailəvi birlik və dad mədəniyyətinin simvoluna çevrilib. Eləcə də Türkiyənin kababı, çayı və şirniyyatları dünyada bu ölkənin qonaqpərvər imicini gücləndirir. Azərbaycan mətbəxi də zəngin potensiala malikdir: dolma UNESCO tərəfindən qeyri-maddi mədəni irs kimi tanınıb, plov və kabab isə milli mədəniyyətin təqdimatında mühüm rol oynayır.
Bu yanaşmanın iqtisadi tərəfi də nəzərəçarpacaq dərəcədə önəmlidir. Qastro-diplomatiya ölkələrin turizm axınına, restoran biznesinə və hətta kənd təsərrüfatı məhsullarının ixracına bilavasitə təsir göstərir. Məsələn, Taylandın təşəbbüsündən sonra dünya üzrə minlərlə Tay restoranı açıldı və bu, ölkəyə həm turizm, həm də iqtisadi gəlir gətirdi.
Amma bu strategiyanın uğuru üçün sadəcə yeməkləri təqdim etmək kifayət deyil. Burada mətbəxin milli kimlik, tarix və hekayələrlə birlikdə təqdim olunması əsas şərtdir. Çünki insanlar yalnız yemək yemir, həm də mədəniyyətlə tanış olur.
Azərbaycanın qastro-diplomatiya potensialını reallaşdırmaq üçün bir neçə addım atıla bilər:
-Milli mətbəxi xaricdə tanıtmaq üçün dövlət dəstəyi ilə qlobal səviyyədə restoran şəbəkələri qurmaq;
-“Azərbaycan mətbəxi festivalı” kimi beynəlxalq tədbirləri mütəmadi təşkil etmək;
-Qida məhsullarının ixracında brendləşmə – məsələn, Azərbaycan narı, çayı və şərabının dünya bazarına xüsusi imiclə çıxarılması;
-Diaspora təşkilatlarının dəstəyi ilə müxtəlif ölkələrdə milli yeməklərin təqdimat günləri keçirmək.
Nəticədə qastro-diplomatiya təkcə qastronomiya deyil, həm də milli mədəniyyətin, turizmin və iqtisadiyyatın güclənməsi üçün təsirli vasitə ola bilər.
Nuray,
AzNews.az