“Ərəb dövlətləri İsrailə qarşı sərt addımlar atmaqdan çəkindilər” - Abutalıb Səmədov

18 Sentyabr 2025 20:24 (UTC+04:00)

“Qətərin paytaxtı Doha şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqası üzvlərinin fövqəladə toplantısında heç bir ciddi qərar qəbul etmək mümkün olmadı. Əvvəlcədən nəzərdə tutulurdu ki, Ərəb dövlətləri İsrailə qarşı hava məkanını bağlasın və İsrail hərbçilərinə qarşı sərt addımlar atsınlar, ümumiyyətlə, İsraillə münasibətləri kəskinləşdirmək yolunu seçsinlər. Lakin son nəticədə bu çağırışların icrası mümkün olmadı. Bunun səbəbi nədir? Bir tərəfdən, Ərəb dövlətləri yaxşı başa düşürlər ki, İsrailin Qəzzada keçirdiyi əməliyyatlar və orada Hamas liderlərini hədəf alma cəhdi ABŞ-ın dəstəyi ilə həyata keçirilib”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov deyib.

Qeyd edək ki, Qətərin paytaxtı Dohada keçirilən İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının Fövqəladə Zirvə Toplantısında 57 müsəlman ölkəsi, o cümlədən 22 ərəb dövləti İsrailin Qəzzadakı əməliyyatlarını tənqid etdi. Lakin bəyanatlar təsirsiz qaldı və İsrail ordusu əməliyyatları genişləndirdi. İsrail son aylar yalnız Qəzza ilə kifayətlənməyərək Livan, Suriya, Yəmən, İran və Qətərə yönəlik hərbi və kəşfiyyat fəaliyyətləri həyata keçirib. Ekspertlər bildirir ki, bu hücumlar hərbi və diplomatik təhdidlərlə də müşayiət olunur, Təl-Əvivin regional mövqeyini gücləndirmək məqsədini daşıyır.

Siyasi şərhçi bildirib ki, İsrail bu addımları ABŞ-ın dəstəyi olmadan atmağa cəsarət etməzdi.

“Buna görə də Ərəb dövlətləri həm İsrail, həm də ABŞ-la münasibətləri pisləşdirəcək addım atmamaq qərarına gəldilər. Doha şəhərində toplaşan dövlət başçıları həmçinin bilirdilər ki, İsrail bir neçə Ərəb dövləti ilə 2020-ci ildə imzalanmış “Avraam Sazişi” (Abraham Accords) müqavilələrinə malikdir — bunlara Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Mərakeş daxildir. Sudan da bu prosesə qoşulmaq istədi, lakin yekunlaşdırmaq mümkün olmadı. Bu dövlətlərin İsrail ilə münasibətləri pisləşdirmək istəməməsi toplaşan liderlərin qərarlarını da müəyyən etdi. Toplantıda 57 ölkənin lideri və təmsilçisi iştirak edirdi və nəticəsiz başa çatan sammit bir daha göstərdi ki, bu dövlətlər arasında arzu olunan birlik yoxdur, fərqli yanaşmalar mövcuddur və bu fərqlilik onların birləşməsinə imkan verməyəcək. Beynəlxalq hüquq və regionun gələcəyi baxımından bu proseslərin təsiri böyükdür. Artıq dünyada hamı anlayır ki, beynəlxalq münasibətlərdə həll edici faktor güc amilidir, beynəlxalq hüquq isə işləməkdə çətinlik çəkir. Beynəlxalq hüququ tətbiq etməli olan strukturlar öz acizliklərini dəfələrlə göstəriblər. Bölgədə gərginlik artacaq. İsrail əməliyyatlarını davam etdirəcək və ümumilikdə Qəzza bölgəsini öz nəzarətinə götürməyə çalışacaq. Artıq fələstinlilər Qəzza bölgəsini tərk etməyə başlayıblar; yüz minlərlə insan köç edir və bu proses şiddətlənəcək. Bölgədə vəziyyət daha da gərginləşəcək, yeni insan ölümlərinə və qırğınlara yol açacaq”.

Rəfiqə Namazəliyeva,

AzNews.az