Azərbaycanda kartof çipsi bazarında idxal azalır, istehsal artır, qiymətlər yüksəlir - ŞƏRH

18 Sentyabr 2025 21:53 (UTC+04:00)

Azərbaycanda kartof çipsi bazarında son aylarda müşahidə olunan dəyişikliklər həm idxal, həm də yerli istehsal istiqamətində maraqlı tendensiyaları üzə çıxarıb. 2025-ci ilin ilk yeddi ayında ölkəyə 2 621 ton kartof çipsi idxal olunub ki, bu da ötən ilin göstəricisindən 5 faiz azdır. Lakin dəyər baxımından idxal 9 milyon dollara yaxın olub və 7 faizlik artım qeydə alınıb. Yəni həcmlərin azalmasına rəğmən qiymətlərin bahalaşması ümumi idxal dəyərini yüksəldib. Orta qiymətə nəzər saldıqda, ötən il hər tonun dəyəri 3 010 dollar civarında olduğu halda, 2025-ci ildə bu göstərici 3 400 dolları keçib. Bu, həm qlobal ərzaq bazarındakı bahalaşmaların, həm də region üzrə logistika və istehsal xərclərinin artmasının nəticəsidir.

İdxal strukturuna diqqət yetirdikdə, Rusiya əvvəlki kimi əsas tədarükçü olaraq qalır, Belarus və Gürcüstandan gətirilən məhsulların həcmi isə nəzərəçarpacaq dərəcədə artıb. Eyni zamanda Ukrayna, Latviya və bəzi Avropa ölkələrindən idxal azalıb, Polşadan gətirilən məhsullar isə kəskin enib. Bunun əvəzində Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri, Malayziya və Tailand kimi yeni bazar oyunçularının idxalda görünməsi diqqət çəkir. Bu fakt regional bazarda rəqabət mühitinin dəyişdiyini göstərir. Xüsusilə Asiya ölkələrinin bazara daxil olması logistika marşrutlarının şaxələndirilməsi və tədarük zəncirində yeni imkanların formalaşması ilə izah oluna bilər.

Yerli istehsalda isə artım tendensiyası daha müsbət qiymətləndirilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin ilk altı ayında kartof çipsi istehsalı 1 520 ton təşkil edib ki, bu da ötən ilin analoji dövründən 23 faiz çoxdur. Bu dinamika daxili istehsal potensialının gücləndiyini göstərsə də, ümumi bazar hələ də idxaldan asılıdır. Yerli xammal bazasının mövcudluğu bu istiqamətdə imkanları genişləndirsə də, istehsalın modern texnologiyalarla təchiz edilməsi və keyfiyyət standartlarının beynəlxalq bazarlara uyğunlaşdırılması hələ də əsas çağırışlardan biridir.

İxrac göstəricilərinə nəzər salsaq, 2024-cü ilin ilk yeddi ayında Gürcüstana 68,78 ton çips ixrac edilmişdisə, 2025-ci ildə bu rəqəm 23,7 tona düşüb. Dəyər baxımından da azalmanın müşahidə olunması region bazarında Azərbaycan məhsullarının rəqabət imkanlarının zəiflədiyini göstərir. Gürcüstan bazarında idxalçıların sayının çoxalması, qiymət rəqabətinin sərtləşməsi və istehlakçı seçimlərinin dəyişməsi bu azalmaya səbəb ola bilər. Bu tendensiya onu göstərir ki, yalnız istehsalın artımı kifayət etmir, paralel olaraq ixrac bazarlarında mövqeləri gücləndirmək üçün marketinq, keyfiyyət və brend imici sahəsində də addımlar atılmalıdır.

Qlobal kontekstə nəzər yetirdikdə, kartof çipsi bazarı ərzaq sənayesində ən sürətlə böyüyən seqmentlərdən biri hesab olunur. Mordor Intelligence-in məlumatına görə, 2024-2029-cu illərdə qlobal çips bazarında illik orta artım 4-5 faiz civarında proqnozlaşdırılır. İstehlakın artmasında sürətli həyat tərzi, hazır qidaların üstünlük qazanması və müxtəlif dad çeşidlərinin bazara çıxarılması mühüm rol oynayır. Digər tərəfdən, sağlam qidalanma meylləri və duzlu, yağlı məhsullara qarşı məhdudiyyətlər bəzi bazarlarda çips istehlakının artımını ləngidir. Bu isə istehsalçıları daha az yağlı, təbii tərkibli və orqanik çips istehsalına yönləndirir.

Azərbaycan bazarı bu qlobal tendensiyaların təsiri altında formalaşır. İdxalın bahalaşması daxili istehsalı stimullaşdırsa da, rəqabət qabiliyyətli məhsul istehsalı üçün yeni texnologiyalara və innovasiyalara ehtiyac var. Eyni zamanda ixrac bazarlarında davamlı mövqeyin qorunması üçün brendinq və marketinq fəaliyyətlərinin gücləndirilməsi vacib görünür. Əgər bu istiqamətlərdə ardıcıl addımlar atılarsa, yaxın illərdə yerli istehsal həm daxili bazarın ehtiyaclarını qarşılaya, həm də regional ixrac imkanlarını genişləndirə bilər.

Nuray,

Aznews.az