Bu dinamikanın yaranması təsadüfi deyil. Azərbaycan son illər ərzində aqrar sektorun inkişafını prioritet istiqamət kimi müəyyənləşdirib. Dövlətin dəstəyi, kənd təsərrüfatı istehsalçılarının imkanlarının genişlənməsi və xarici bazarlara çıxış imkanlarının artırılması nəticəsində ixrac göstəricilərində sabit artım müşahidə olunur. Xüsusilə də keyfiyyət və ixrac standartlarına uyğun istehsal, logistika imkanlarının genişlənməsi və bazarların diversifikasiyası kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətini artırıb.
Meyvə-tərəvəz ixracında ən böyük pay pomidora məxsusdur. Cari ilin ilk səkkiz ayında 144 min ton pomidor ixrac olunub və bunun dəyəri 157,2 milyon ABŞ dollarına çatıb. Azərbaycan pomidor ixracında regional bazarlarda lider mövqeyini qoruyur. İxrac olunan məhsullar sırasında meşə fındığı da önəmli yer tutur. Hesabat dövründə 12,2 min ton meşə fındığı ixrac edilib və bunun dəyəri 88,3 milyon dollar olub. Həm həcmin, həm də dəyərin artması ölkədə bağçılıq təsərrüfatının genişləndirilməsinin və dünya bazarında Azərbaycan fındığına tələbatın yüksək olmasının nəticəsi kimi qiymətləndirilə bilər.
İxrac strukturunda digər məhsullar da diqqət çəkir. Belə ki, 61,9 min ton alma ixracı 43,4 milyon dollar gəlir gətirib. Alma ixracı, əsasən, region ölkələrinin bazarlarına yönəlib və Azərbaycan məhsullarına olan maraq artmaqdadır. Bundan başqa, 45,8 min ton xurma ixrac olunub və bunun dəyəri 32,9 milyon dollar təşkil edib. Kartof ixracı isə 70,9 min ton həcmində 28,2 milyon dollar qazandırıb. Narlara isə xarici bazarlarda ənənəvi maraq davam edir: 5,2 min ton nar ixrac olunub və bunun dəyəri 4,4 milyon dollar olub.
Ümumilikdə, kənd təsərrüfatı məhsullarının ixracı Azərbaycanın xarici ticarətində mühüm paya malikdir. 2025-ci ilin ilk səkkiz ayında meyvə-tərəvəz ixracı ölkənin ümumi ixracında 3,29%-lik xüsusi çəkiyə sahib olub. Daha diqqətçəkən məqam isə qeyri-neft sektorunun göstəriciləridir. Meyvə-tərəvəz ixracı qeyri-neft məhsullarının ixracında 23,37%-lik xüsusi çəkiyə çatıb. Bu, Azərbaycanın qeyri-neft ixracının diversifikasiyası baxımından çox mühüm nailiyyətdir və ölkənin iqtisadi inkişaf strategiyasına tam uyğun gəlir.
Mütəxəssislərin fikrincə, Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracında davamlı artımın təmin edilməsi üçün iki əsas istiqamət ön planda dayanır: məhsul çeşidinin genişləndirilməsi və yeni bazarlara çıxış imkanlarının artırılması. Hal-hazırda ixracın əsas hissəsi yaxın qonşu ölkələrə yönəlsə də, Avropa, Yaxın Şərq və Asiya bazarlarına çıxış imkanlarının genişləndirilməsi ölkənin ixrac potensialını daha da artıracaq.
Nəticə etibarilə, 2025-ci ilin ilk səkkiz ayı Azərbaycanın kənd təsərrüfatı ixracında uğurlu bir dövr kimi tarixə düşüb. Meyvə-tərəvəz ixracında əldə olunan 32%-dən artıq artım göstərir ki, ölkə aqrar sahənin inkişafı və ixrac imkanlarının gücləndirilməsi istiqamətində düzgün strategiya həyata keçirir. Bu nəticələr həm fermerlərin gəlirlərinin artmasına, həm də ölkə iqtisadiyyatının qeyri-neft sektorunun güclənməsinə mühüm töhfə verir.
AzNews.az