“Trampın sərt bəyanatları real addımlarla müşayiət olunmur” - Kənan Novruzov

19 Sentyabr 2025 21:00 (UTC+04:00)

“Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Donald Trumpın Şərqi Avropa ilə bağlı mövqeyinə inam xeyli azalıb. Onun dəfələrlə müxtəlif vaxt vəd etməsi — bir dəfə 50 gün, başqa vaxt 3 və ya 5 gün göstərməsi, lakin heç birini yerinə yetirə bilməməsi bu inamsızlığı dərinləşdirib. Trampın açıqlamaları çox vaxt sərt bəyanatlardan o tərəfə keçmir və real addımlarla müşayiət olunmur. Diqqətçəkən məqamlardan biri odur ki, məsuliyyətin ABŞ-dan çox Avropanın üzərinə atılması tendensiyası güclənir. Tramp iddia edir ki, əsas passivlik Avropadadır və məsələni həll etməməkdə Avropa günahkardır. Bununla yanaşı, o, ictimaiyyətə göstərməyə çalışır ki, problem hələ də onun gündəmindədir və prioritet mövzular sırasında qalır”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın son açıqlaması geniş maraq doğurub. O, bildirib ki, əgər Avropa ölkələri Rusiyanın əsas neft alıcılarından biri olan Çinə qarşı sanksiyalar və ya əlavə rüsumlar tətbiq etsəydi, bu, Rusiya-Ukrayna münaqişəsinin sona çatmasına səbəb ola bilərdi.

Siyasi şərhçi qeyd edib ki, ABŞ-Avropa münasibətlərindəki gərginlik fonunda bu yanaşma Avropanın zəif tərəflərinə işarə kimi də qiymətləndirilə bilər.

“Tramp xüsusilə Avropanın Çinə qarşı sanksiya tətbiq etməməsini önə çəkərək, ittifaqın qətiyyətli mövqe sərgiləmədiyini göstərməyə çalışır. Bununla belə, indiki şəraitdə Avropanın Çinə qarşı sərt iqtisadi addımlar atması real görünmür. Çünki Avropa hazırda iqtisadi çətinliklər, daxili parçalanma və böhranlarla üz-üzədir. Bu şəraitdə əlavə sanksiya yalnız mövcud vəziyyəti daha da ağırlaşdırar və Avropa İttifaqı daxilində ciddi mübahisələrə yol aça bilər. Müharibənin sonlanması ilə bağlı çıxış yolları isə bir neçə əsas şərtlə bağlıdır. İlk növbədə, ABŞ və Avropa eyni mövqedən çıxış etməli, koordinasiyalı siyasət yürütməlidirlər. Eyni zamanda, Rusiya və Ukrayna danışıqlar masasına yaxınlaşmalı və müəyyən konsensusa hazır olmalıdır. Bu şərtlər təmin olunmadığı halda, sülhdən və ya ciddi danışıqlardan danışmaq yalnız nəzəri mülahizə olaraq qalır”.

Rəfiqə Namazəliyeva,

AzNews.az