Mübariz Göyüşlü: “ABŞ və İsrail təzyiqləri Türkiyəni alternativ ittifaqlara yönəldir”

19 Sentyabr 2025 22:32 (UTC+04:00)

“Dövlət Bağçalının belə bir fikir səsləndirməsi diqqət çəkir. Qeyd etmək lazımdır ki, MHP Türkiyə siyasətində mühüm rol oynayan bir partiyadır və Dövlət Bağçalı uzun illərin təcrübəli siyasətçisidir. O, gündəlik proseslərə təsadüfi daxil olmur, buna görə də səsləndirdiyi təklifin arxasında ciddi əsaslar, bəlkə də faktlar durur. Görünür, Bağçalı əlində müəyyən məlumat və analizlər olduğu üçün bu məsələni gündəmə gətirib. ABŞ-ın Türkiyəyə qarşı tutumu, İsrail ilə Türkiyə arasındakı münasibətlər və Türkiyənin alternativ siyasət platformaları düşünməyə məcbur edən geopolitik vəziyyət onu belə bir fikir söyləməyə vadar edib. Xüsusilə İsrail ilə münasibətlər o qədər gərgindir ki, artıq bəzi şərhlərdə deyilir ki, İsrail Türkiyəyə qarşı hərbi və ya siyasi təzyiq göstərə bilər. Bu səbəbdən Türkiyə artıq tədbirlər görməkdədir və müxtəlif variantları nəzərdən keçirir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib.

Qeyd edək ki, MHP sədri Dövlət Bağçalı ABŞ və İsrailin beynəlxalq siyasətdə yaratdığı koalisiyaya qarşı Türkiyənin yeni ittifaq qurmasının zəruriliyini vurğulayıb. Onun sözlərinə görə, bu məqsədlə Türkiyə–Rusiya–Çin üçtərəfli ittifaqı ən uyğun model ola bilər. Bağçalının açıqlaması geniş müzakirələrə səbəb olub.

Siyasi şərhçi qeyd edib ki, Amerika-İsrail qrupu Türkiyəyə qarşı təzyiqləri və mümkün hücum ehtimalları ölkəni alternativ strategiyalar hazırlamağa məcbur edib.

“Dövlət Bağçalı da səsləndirdiyi fikir ilə yalnız partiya sədrinin mövqeyini ifadə etmir, həm də bu fikirin Ərdoğanın siyasətinin bir parçası ola biləcəyini göstərir. Çünki tərəflər birgə müttəfiq kimi çıxış edir. Bağçalının bəzi fikirləri sonradan Ərdoğan tərəfindən təsdiqlənib və Türkiyə dövləti tərəfindən həyata keçirilib. Lakin, Rusiya və Çin ilə bu cür əməkdaşlıq və ya ittifaq modelinin nə dərəcədə həyata keçirilə biləcəyi sual altındadır. ABŞ və NATO Türkiyənin müttəfiqliyinə baxmayaraq, adekvat dəstək göstərmir. İsrail isə Türkiyə ilə münasibətlərini düşmənçilik səviyyəsində aparır. Buna qarşılıq olaraq Çin və Rusiya ilə münasibətlər son dövrdə kifayət qədər yaxşıdır. Bu əlaqələrin daha geniş əməkdaşlıq və ya ittifaq modelinə çevrilib çevrilməyəcəyini tam şəkildə təsdiqləmək çətindir. Buna baxmayaraq, mövcud əməkdaşlıqların genişləndirilməsi və yeni platformalar yaratmaq potensialı mövcuddur. Türkiyə üçün bu, geosiyasi və strateji baxımdan ciddi və əhəmiyyətli bir məsələdir və bu səbəbdən də Bağçalının səsləndirdiyi fikirlər diqqətlə nəzərdən keçirilməlidir”.

Rəfiqə Namazəliyeva,

AzNews.az