Adnan Əhmədzadəyə qarşı irəli sürülən ittihamlar, xüsusilə ölkənin iqtisadi təhlükəsizliyinə qarşı təxribat prosesdə xarici qüvvələrin iştirakı ehtimalını önə çıxarır.
Həbs edilən Əhmədzadənin bəhs olunan neft fırıldağında Rusiyanın iştirakı istisna edilmir və bu səbəbsiz deyil. Təxribatın mahiyyəti “Azeri Light” markalı neftini digər xam məhsulları ilə qarışdırmaq, hədəfi isə neft bazarında Azərbaycanın etibarlılığına və şəffaflığına zərbə vurmaq olub.
Rusiya neft bazarında Azərbaycanın mövqelərinin zəifləməsində niyə maraqlı ola bilər?
- Belə bir ssenaridə Azərbaycan təkcə iqtisadi itkilərlə üzləşmir, həm də alıcı ölkələrlə - Avropa ilə siyasi münasibətlərində böhran yaranır: Moskva münasibətlərin gərgin olduğu Bakını bu yolla cəzalandırır;
- Bu, Ukrayna müharibəsində Kiyevin müqavimətini şərtləndirən Avropanın dəstəyinə cavab vermək, qitənin enerji təhlükəsizliyinin diversifikasiyasına zərbə vurmaq və Rusiya enerji resurslarının “alternativsizliyini” gücləndirmək məqsədi daşıyır;
Oxların Moskvaya tuşlanmasına zəmin yaradan faktlar da mövcuddur: Rusiya avqustun 6-da Odessada Azərbaycan qazını nəql edən qaz kompressor stansiyasına, avqustun 18-də SOCAR-ın yenə Odessa vilayətindəki neft bazasına zərbələr endirmişdi; “Azeri Light” markalı neftinə digər xam məhsulların qarışdırılması məsələsi ortaya çıxanda Rumıniya mediası bunun Rusiyanın təxribatı olduğu haqda yazmışdı.
İstintaqın nəticələri prosesdəki detalları anlamağa imkan verəcək. Lakin araşdırılan neft fırıldağında Əhmədzadənin təkbaşına iştirakı ehtimalı zəifdir.
Asif NƏRİMANLI