Azərbaycan Respublikasında dövlət mülkiyyətində olan su obyektləri onların istifadə məqsədi, mövcud ehtiyat potensialı və ekoloji vəziyyəti nəzərə alınaraq fiziki və hüquqi şəxslərin istifadəsinə verilə bilər. Bu, su ehtiyatlarının davamlı istifadəsini və ekoloji tarazlığın qorunmasını təmin edən əsas prinsiplərdəndir. Bütün bunlar Su Məcəlləsində nəzərdə tutulub.
1. Uzunmüddətli və qısamüddətli istifadə hüququ (Maddə 32):
Su obyektlərindən istifadənin müddəti istifadə məqsədinə görə fərqləndirilir:
Qısamüddətli istifadə hüququ: 3 ilə qədər müəyyən edilir və əsasən mövsümi, müvəqqəti və ya müəyyən layihələr üçün tətbiq olunur.
Uzunmüddətli istifadə hüququ: 25 ilə qədər verilir və daha genişmiqyaslı sənaye, kənd təsərrüfatı və digər məqsədlər üçün nəzərdə tutulur.
Qanunvericilikdə nəzərdə tutulmuş hallarda su obyektlərindən istifadə hüququnun müddəti uzadıla bilər, bu isə su ehtiyatlarının davamlı və planlı istifadəsinə şərait yaradır.
2. Məhdud istifadə hüququ – su servitutu (Maddə 33):
Su obyektləri üzərində istifadə və ya mülkiyyət hüququ verilmiş şəxslərin hüquqları, lazım gəldikdə, başqa şəxslərin xeyrinə məhdudlaşdırıla bilər. Bu hüquq ümumi və xüsusi su servitutları şəklində həyata keçirilir:
Ümumi su servitutu: Hər bir şəxs ümumi istifadədə olan su obyektindən Azərbaycan qanunvericiliyinə uyğun şəkildə istifadə edə bilər.
Xüsusi su servitutu: Başqa şəxslərin xüsusi istifadəsində olan su obyektindən yalnız müəyyən hallarda istifadə imkanı verir və bu hüquq məhkəmə qərarı ilə də müəyyən edilə bilər.
Su servitutlarının tətbiqi aşağıdakı məqsədləri əhatə edə bilər:
Texniki vasitələr və qurğular tətbiq etmədən su götürmək;
Mal-qaranı suvarmaq və su obyektindən keçirmək;
Su obyektlərindən bərələr, qayıqlar və digər kiçik həcmli üzən vasitələr üçün su yolları kimi istifadə etmək.
Qeyd etmək lazımdır ki, su servitutlarının həyata keçirilməsi üçün əlavə icazə tələb olunmur və mülki qanunvericilikdə servitutlarla bağlı ümumi qaydalar yalnız bu Məcəllənin tələblərinə zidd olmadığı halda tətbiq edilir.

Məqalə “Pragma” Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Laçın rayonunda su təhlükəsizliyi” adlı sosial-ekoloji layihə çərivəsində hazırlanıb. Fikir və mülahizələr müəllifə aiddir, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.