Çoxlu sayda tank və zirehli maşınla Venesuela Bolivar Milli Silahlı Qüvvələrinin (FANB) üzvləri paytaxt Karakasda konvoyla xalqı qarşılayıb.
VTV dövlət telekanalında yayımlanan kadrlarda hərbi maşınların şəhərin müxtəlif magistral və küçələrindən keçərək vətəndaşları salamlaması əks olunub.
Yerli KİV-in məlumatına görə, Venesuela hökuməti silahlı qüvvələri və bolivar yaraqlılarını küçələrə çıxararaq mülki şəxslərə hərbi təlim keçmək məqsədi daşıyan yeni proqrama başlayıb.
Məlumatlara görə, "xalqa gedən kazarmalar" adlı təşəbbüs çərçivəsində FANB və Bolivar milisləri təkcə Karakasda deyil, ölkənin müxtəlif bölgələrində də yerləşdirilib.
Bu çərçivədə Amazonas, Apure, Barinas, Bolivar, Miranda, Nueva Esparta, Merida, Tachira, Trujillo və Zulia əyalətlərində seminarlar keçirilib və xalqa silah istifadəsi ilə bağlı təlimlər keçirilib.
Müdafiə naziri Vladimir Padrino Lopez, milis qüvvələrinin 5336 kommunal ərazidə təlim keçdiyini bildirərək , "Vətənin müdafiəsi üçün hər gün böyüyən və inkişaf edən doktrinamızın qurulmasında və möhkəmləndirilməsində dönüş nöqtəsindəyik", - deyə qeyd edib.
Venesuela prezidenti Nikolas Maduro sentyabrın 19-da verdiyi açıqlamada FANB-nin ölkə daxilində yerləşdirildiyini və milis bölmələrinin silahdan istifadə üzrə təlim keçdiyini bildirib.
Maduro ABŞ-ın Venesuelada rejim dəyişikliyi planlaşdırdığını təkrarlayaraq, ölkəsinin ABŞ-ın Karib dənizindəki hərbi varlığına cavab olaraq hərtərəfli hazırlıq gördüyünü və hücuma məruz qalacağı təqdirdə Venesuelanı müdafiə etməyə hazır olduqlarını vurğulayıb.
ABŞ prezidenti Donald Tramp daha əvvəl Latın Amerikası narkotik kartelləri ilə mübarizə üçün bir sərəncamla ordudan istifadənin artırılması və daha səmərəli istifadə edilməsi barədə göstəriş vermişdi.
Bu kontekstdə ABŞ avqustun sonunda “USS Gravely”, “USS Jason Dunham” və “USS Sampson” döyüş gəmilərini Venesuela sahillərinə göndərib.
Buna cavab olaraq Venesuela prezidenti Maduro ölkədə 4,5 milyon milis qüvvəsini səfərbər etdiyini və istənilən hücumu dəf etməyə hazır olduğunu açıqlayıb.
ABŞ müdafiə naziri Pit Heqset ölkəsinin ordusunun Venesuelada rejim dəyişikliyi əməliyyatına hazır olduğunu bildirib.
Mövsüm,
AzNews.az