“Rusiya-Ukrayna müharibəsi gələn ilin fevralında artıq 4 ilini tamamlayacaq. Bu müddət Ukrayna üçün dağıdıcı oldu: ərazisinin təxminən 18%-i işğal olundu, infrastrukturu dağıldı, iqtisadiyyat gerilədi və yüz minlərlə insan həlak oldu. Lakin Ukrayna mənbələrinə görə, 2022-ci ilin noyabrından bəri Rusiya yalnız 1% ərazi qazana bilib; qalan 17% isə müharibənin ilk 9 ayında tutulmuşdu. Başqa sözlə, xarici hərbi yardımın artması Ukraynanın müqavimət gücünü yüksəldib. Xüsusilə uzaqmənzilli raketlərin verilməsi və Rusiyanın daxili ərazilərinə hücumların artması Moskvanın “təhlükəsizlik zolağı”nın zəiflədiyini göstərir. Məsələn, Ukrayna 2024-cü ildə Rusiyanın Kursk və Belqorod vilayətlərinə daxil olmuş, lakin mart ayında geri çəkilmişdi. Eyni zamanda Ukraynanın pilotsuz uçuş aparatları (PUA) Rusiyanın daxili ərazilərinə hücumlar həyata keçirib”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.
Xatırladaq ki, Moskva meri Sergey Sobyanin bildirib ki, Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri paytaxta yönəlmiş pilotsuz uçuş aparatlarının hücumunu dəf edir. PUA hücumu ilə əlaqədar paytaxtın səması bağlanıb və Moskva aeroportlarında “Xalça planı” elan edilib. Sobyanin əlavə edib ki, PUA hücumları bu gün də davam edir.
Siyasi şərhçi qeyd edib ki, bu hücumlar zamanı bir çox hava limanları bağlanıb, uçuşlara məhdudiyyət qoyulub və “Xalça planı” aktivləşdirilib.
“Nəzərə alsaq ki, Rusiyanın ümumilikdə 227 hava limanı var və bu limanlardan bir neçəsinin fəaliyyətini müvəqqəti dayandırmaq ölkənin hava əlaqəsini tamamilə iflic edə bilmir. Buna baxmayaraq, bu hücumlar Moskvanın “məhvedilməz” imicini zəiflədir. Məsələn, AZAL təyyarəsinin vurulması “Xalça planı”nın elan olunduğu dövrdə baş vermişdi; Rusiya bunu etiraf etsə də, məsuliyyətini tanımır. Moskvanın müdafiəsi kifayət qədər güclü təşkil olunub. Paytaxt ilk dəfə 2023-cü ilin mayında hücuma məruz qalmışdı və hazırda bu hücumlar pik həddinə çatıb. Paytaxtın hədəf alınması Ukraynanın müqavimətinin və hücum qabiliyyətinin artdığını göstərir. Lakin Putinin son bəyanatlarına görə, müharibə Ukraynanı Rusiyanın şərtləri altında danışıqlara məcbur edənədək davam edəcək. Hazırki mərhələ qlobal resursları tükəndirmə müharibəsi kimi qiymətləndirilə bilər. Rusiyaya qarşı artan iqtisadi təzyiq onun resurslarını tükəndirməyə xidmət edir, lakin vahid Qərb cəbhəsinin formalaşmaması bu məqsədin reallaşmasını çətinləşdirir”.
Rəfiqə Namazəliyeva,
AzNews.az