“Türkiyə üçün hazırda iki vacib məsələ xüsusilə önəmlidir. Birincisi, F-35 və F-16 təyyarələrinin alınması ilə hava qüvvələrinin gücləndirilməsi və hərbi hava potensialının modernləşdirilməsidir. Son dövrlər Rusiya-Ukrayna müharibəsi, həmçinin İsrail-İran qarşıdurmaları göstərdi ki, hərbi güc və hava üstünlüyü kritik əhəmiyyət daşıyır. Türkiyə üçün hərbi potensialın artırılması əsas prioritet olaraq qalır. Bu baxımdan Ankara hələ də ABŞ-ı əsas tərəfdaş kimi görür. Lakin əgər Vaşinqton bu məsələdə tərəddüd göstərərsə, Türkiyə alternativ variantlara yönələ bilər. Artıq mərhələli razılaşma ehtimalı gündəmdədir: əvvəlcə F-16-ların satışı və modernləşdirilməsi, daha sonra isə F-35-lərlə bağlı addımlar atıla bilər. Bununla belə, proses göründüyü qədər sadə olmayacaq, çünki Vaşinqtonun müəyyən şərtlər irəli sürəcəyi gözlənilir. Ərdoğan–Trump danışıqları isə bu prosesi asanlaşdıra bilər. Çünki Trump administrasiyası Türkiyə ilə strateji tərəfdaşlığı yüksək qiymətləndirir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Zaur İbrahimli deyib.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin 80-ci Baş Assambleyasında iştirak üçün ABŞ-dədir. O, Nyu-Yorkdakı Türk Evinə gedib və yerli vətəndaşların marağı ilə qarşılanıb. Ərdoğan 25 sentyabrda Vaşinqtonda Donald Trampla görüşəcək. Liderlərin hərbi, ticarət və qlobal məsələləri müzakirə edəcəyi gözlənilir.
Siyasi şərhçi bildirib ki, Rusiya–Ukrayna müharibəsi və Suriyadakı siyasi dəyişikliklər Türkiyənin strateji əhəmiyyətini daha da artırıb.
“Türkiyənin güclü hərbi potensialı NATO üçün vacibdir. Bununla yanaşı, nəqliyyat-logistika və enerji sahələrində atılan addımlar da Ankaranın geostrateji mövqeyini möhkəmləndirib. Bu amillər ABŞ-Türkiyə münasibətlərinə təsir göstərir və Trump-ın hakimiyyətə qayıdışı ilə Ankara–Vaşinqton əlaqələrində yeni səhifə açılması gözlənilir. Bayden administrasiyası dövründə də Vaşinqton Türkiyənin bölgədəki mövqelərini nəzərə almadan hər hansı plan qura bilməyəcəyini anladı. Trump dövründə isə Trumpla Ərdoğanın şəxsi münasibətləri strateji yaxınlaşmanı daha da gücləndirə bilər. Burada xüsusən hərbi sənaye, NATO-nun hərbi potensialının artırılması və Yaxın Şərqdə tarazlığın qorunmasında Türkiyənin rolu ön plana çıxır. İkinci əsas məsələ İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlara ABŞ-ın münasibəti ilə bağlıdır. Ankara çalışacaq ki, Vaşinqton İsraili Türkiyənin “qırmızı xətləri” barədə xəbərdar etsin və bu istiqamətdə müəyyən zəmanətlər formalaşsın. Türkiyə üçün ABŞ-ın onun regiondakı maraqlarını tanıması və qoruması olduqca vacibdir. Hətta bu, hazırkı danışıqlarda birinci dərəcəli prioritet ola bilər. Ankara istəyir ki, Suriya məsələsində aparıcı rolu qəbul edilsin və İsrail üçün müəyyən çərçivə müəyyənləşdirilsin ki, Türkiyənin maraqları nəzərə alınsın. Hesab olunur ki, Vaşinqton görüşündən sonra ABŞ-Türkiyə danışıqları yeni mərhələyə qədəm qoyacaq və dövlət başçılarının əldə etdiyi razılaşmalar ikitərəfli münasibətlərdə yeni səhifə açacaq. Bu da təbiidir, çünki İsrailin hərbi əməliyyatları və uzaqgörən planları Türkiyənin regiondakı maraqlarına birbaşa təsir edir. Ankarada ehtiyat edirlər ki, əməliyyatlar davam etdikcə İsrailin ambisiyaları genişlənəcək və Türkiyə öz maraqlarını qorumaq üçün daha sərt addımlar atmalı olacaq”.
Siyasi şərhçi əlavə edib ki, ABŞ-Türkiyə danışıqlarında Azərbaycanla bağlı məsələlərin də gündəmə gələcəyi gözlənilir:
“Xüsusən Zəngəzur dəhlizinin açılması, Cənubi Qafqazda ABŞ və Türkiyənin mövqelərinin gücləndirilməsi və Rusiyanın təsirinin azaldılması bu müzakirələrin əsas mövzuları olacaq. Hər üç istiqamətdə ABŞ və Türkiyə təbii müttəfiq kimi çıxış edir. Güman olunur ki, Ərdoğan-Trump görüşündən sonra bu istiqamətdə də yeni mesajlar veriləcək və nəticələr yaxın perspektivdə özünü göstərəcək”.
Rəfiqə Namazəliyeva,
AzNews.az