Prezident İlham Əliyevin himayəsi ilə Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) çərçivəsində ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan müqavilə və sazişlər imzalanıb. Qeyri-neft sektoruna yönələn 7 milyard dollarlıq sərmayə, Böyükşor gölü ətrafında 5 milyard dollarlıq “City within a City” konsepsiyası, 700 milyon dollarlıq dəmir filizi layihəsi, 407 milyon dollarlıq suyun duzsuzlaşdırılması zavodu, yaşıl enerji sənaye parkı və yeni turizm təşəbbüsləri bu forumun diqqətçəkən nəticələri arasında yer alıb. Forum həm də Azərbaycanın xarici sərmayə üçün açıq və dayanıqlı iqtisadi mühitini nümayiş etdirməklə yanaşı, ölkənin strateji tərəfdaşlıq imkanlarını ön plana çıxarıb.
Forumda imzalanan razılaşmaların mahiyyəti göstərir ki, Azərbaycan iqtisadiyyatının diversifikasiyası artıq deklarativ deyil, real layihələr vasitəsilə reallaşdırılır. Xüsusilə qeyri-neft sektoruna yönəlmiş 7 milyard dollarlıq sərmayə ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas prioritetinə çevrilib. Qlobal təcrübə göstərir ki, inkişaf etməkdə olan iqtisadiyyatların sabitliyi üçün enerji ixracına əsaslanan model kifayət etmir. Məsələn, Körfəz ölkələri son illərdə diversifikasiya strategiyalarına böyük sərmayələr yönəldərək həm texnologiya, həm də xidmət sektorlarını gücləndirməyə çalışır. Azərbaycan da oxşar model quraraq sənaye, nəqliyyat, logistika, turizm və şəhərsalma sahələrini paralel şəkildə inkişaf etdirmək niyyətindədir.
Forum çərçivəsində imzalanan suyun duzsuzlaşdırılması zavodu ilə bağlı saziş Azərbaycanın regionda strateji resurs olan su təchizatı ilə bağlı çağırışlara vaxtında cavab verdiyini göstərir. Dünyada su qıtlığı ilə bağlı narahatlıqlar artdığı bir dövrdə belə bir layihənin dövlət-özəl tərəfdaşlığı modeli əsasında həyata keçirilməsi həm sosial, həm də iqtisadi əhəmiyyət daşıyır. Analitiklər hesab edir ki, Yaxın Şərq ölkələrində duzsuzlaşdırma texnologiyalarına böyük sərmayələrin yönəldilməsi bu sahənin yaxın illərdə qlobal enerji və texnologiya bazarında əsas prioritetlərdən birinə çevriləcəyini göstərir. Azərbaycanın da bu istiqamətdə ilk pilot layihəni reallaşdırması onu regional liderlik üçün mövqeləndirir.
“City within a City” konsepsiyası Azərbaycanın urbanizasiya və müasir şəhərsalma yanaşmalarına uyğun yeni bir model təqdim edir. Bu tip layihələr dünyada böyük şəhərlərin iqtisadi cəlbediciliyini artırmaqla yanaşı, investisiya axınlarını da sürətləndirir. Məsələn, Dubayda yaradılan “Dubai Marina” və ya Sinqapurun “Marina Bay Sands” zonası həm turizm, həm də biznes mərkəzi kimi qlobal nüfuz qazanıb. Böyükşor gölü ətrafında həyata keçiriləcək konsepsiya Azərbaycanda həm ekoloji tarazlığı qorumaq, həm də şəhərin iqtisadi və sosial həyatını yenidən formalaşdırmaq baxımından əhəmiyyətli olacaq.
Yaşıl enerji sənaye parkı ilə bağlı razılaşma Azərbaycanın bərpa olunan enerji sahəsində regional mərkəzə çevrilmək ambisiyasını gücləndirir. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2023-cü ildə qlobal enerji sərmayələrinin təxminən 1.7 trilyon dolları yaşıl texnologiyalara yönəlib və bu rəqəmin artması gözlənilir. Azərbaycan Xəzər regionunda həm günəş, həm külək enerjisi potensialı ilə, həm də yaşıl enerji dəhlizinin inkişafı ilə bu tendensiyaya uyğun addımlar atır. Qlobal bazarda rəqabət aparmaq üçün texnologiya transferi və istehsal zəncirlərinin inkişafı əsas faktor sayılır ki, forumda imzalanan razılaşmalar məhz bu sahədə güclü siqnal verir.
SOCAR ilə Avropa şirkətləri arasında imzalanan səhm alqı-satqısı sazişi isə Azərbaycanın enerji sektorunda qlobal oyunçu statusunu möhkəmləndirir. Bu əməkdaşlıq yalnız neft və qaz tədarükü ilə bağlı deyil, həm də Azərbaycanın Avropa enerji təhlükəsizliyinə verdiyi töhfələrin genişlənməsinə xidmət edir. Qlobal enerji bazarının parçalandığı, təchizat marşrutlarının şaxələndirildiyi bir dövrdə Azərbaycanın tranzit və istehsal imkanlarının gücləndirilməsi həm milli iqtisadiyyat, həm də beynəlxalq tərəfdaşlıq baxımından strateji əhəmiyyət daşıyır.
Ümumilikdə, AIIF 2025 çərçivəsində imzalanan müqavilələr və sazişlər göstərir ki, Azərbaycan artıq yalnız enerji ixracatçısı deyil, həm də texnologiya, innovasiya və xidmətlər üzrə regional investisiya mərkəzinə çevrilmək istiqamətində ciddi addımlar atır. Qlobal tendensiyalarla uzlaşan bu yanaşma ölkənin dayanıqlı inkişaf hədəflərinə uyğun olaraq həm iqtisadi sabitliyi, həm də sosial rifahı möhkəmləndirəcək.
Nuray,
Aznews.az