Millimizin baş məşqçisi istefa verdi

9 Sentyabr 2013 10:32 (UTC+04:00)
Almaniya və İsveçrədə qadın voleybolçular arasında keçirilən Avropa çempionatında keçirdiyi hər 3 oyunda uduzan Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev istefa verib. Apasport.az saytının xəbərinə görə, bu barədə Türkiyə mətbuatı yazıb.

Xorvatiyaya məğlubiyyətdən sonra səhhətində yaranmış problemi əsas gətirərək, komandanı köməkçisi Aleksandr Çervyakova həvalə edən 54 yaşlı mütəxəssis Belarus və Rusiyaya da uduzduqları üçün istefa qərarını verib. Onun millidə qalıb-qalmayacağı komanda Bakıya döndükdən sonra bilinəcək.

Qarayevin yerinə "Azəryol"un braziliyalı çalışdırıcısı Ancelo Vercesinin gətiriləcəyi istisna edilmir. Çünki braziliyalı mütəxəssis milli ilə təlim-məşq toplanışlarında və Avropa çempionatında birgə olub. Ən azından onun baş məşqçi postuna gətirilməsi voleybolçularla yanaşı, baş məşqçi ilə ünsiyyətdə çətinlik çəkən jurnalistlərin də xeyrindədir.

Bütün dünyada artıq yeni sistemin oynanılmasına baxmayaraq, sovet voleybolunun yetirməsi olan Qarayev oyun üslubunda hansısa dəyişikliklər edə bilməyib. Bu səbəbdən yığmamız daha çox 1 voleybolçudan asılı vəziyyətdə olur. Elə Xorvatiya ilə psixoloji cəhətdən həlledici xarakter daşıyan, millimizin "sınması" ilə nəticələnən görüşdə kapitanımız və liderimiz Natalya Məmmədovanın rəqib tərəfindən yaxşı "bağlanması" nəinki qarşılaşmanı, bizim üçün bütün çempionatın taleyini həll etdi.

Qeyd edək ki, Faiq Qarayevin millidə ən yaxşı nəticəsi 2005-ci ildə Avropa çempionatında 4-cü olmasıdır.

AzNews.az