Aviasiya hadisələrinin araşdırılmasına yeni yanaşma - ŞƏRH

24 Sentyabr 2025 13:41 (UTC+04:00)

Nazirlər Kabinetinin qəbul etdiyi qərarla aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın Əsasnaməsi və fəaliyyət qaydaları təsdiqləndi. Bu addım beynəlxalq standartlara uyğun araşdırma mexanizminin formalaşdırılması və aviasiya təhlükəsizliyinin institusional səviyyədə daha da gücləndirilməsi baxımından əhəmiyyət daşıyır. Komissiyanın sədri Baş nazir, üzvləri isə dövlətin təhlükəsizlik, müdafiə, nəqliyyat və səhiyyə sahələrindəki ən yüksək vəzifəli şəxslərdən ibarət olmaqla, prosesin yalnız texniki yox, həm də strateji müstəvidə idarə olunacağını göstərir.

Qlobal miqyasda aviasiya hadisələrinin araşdırılması məsələsi son onilliklərdə beynəlxalq təşkilatların, xüsusən də ICAO-nun prioritetlərindən biridir. Aviasiya sənayesi dünyanın ümumi iqtisadiyyatına ildə təxminən 3,5 trilyon ABŞ dolları dəyərində töhfə verir və hər gün milyonlarla sərnişin hava yolu ilə səyahət edir. Belə bir sektorda təhlükəsizlik yalnız insan həyatı ilə bağlı deyil, həm də iqtisadi sabitlik, sığorta bazarlarının fəaliyyəti, logistika zəncirlərinin davamlılığı və investisiya mühitinə etibar üçün həlledici rol oynayır. Aviasiya hadisələrinin şəffaf və obyektiv araşdırılması təyyarə istehsalçıları, hava yolları və dövlətlər üçün strateji nəticələr doğurur. Məsələn, ABŞ-da NTSB və Avropada EASA tərəfindən aparılan araşdırmalar yeni texniki standartların və qanunvericilik tənzimləmələrinin yaranmasına səbəb olur. Azərbaycan da bu istiqamətdə beynəlxalq təcrübəni öz hüquqi müstəvisinə gətirməklə həm regional aviasiya təhlükəsizliyində, həm də qlobal şəbəkədə etibarlı tərəfdaş statusunu möhkəmləndirir.

İqtisadi aspektdən yanaşdıqda, belə bir komissiyanın fəaliyyəti yalnız qəza baş verdikdə deyil, həm də profilaktik tədbirlərin gücləndirilməsi baxımından təsirlidir. Qlobal sığorta bazarında aviasiya hadisələri üzrə risk qiymətləndirilməsi mühüm yer tutur və hadisələrin obyektiv araşdırılması ölkənin aviasiya sektoruna xidmət göstərən beynəlxalq sığorta şirkətləri üçün risklərin daha dəqiq ölçülməsini təmin edir. Bu isə həm dövlətin, həm də özəl hava yollarının sığorta xərclərinin optimallaşdırılmasına, nəticə etibarilə əməliyyat xərclərinin azalmasına imkan verə bilər. Digər tərəfdən, beynəlxalq aviasiya şirkətləri və logistika operatorları təhlükəsizlik standartlarının şəffaf idarə olunduğu ölkələrlə əməkdaşlığa üstünlük verir. Bu da Azərbaycanı regional hava nəqliyyat mərkəzi kimi daha cazibədar edir.

Beynəlxalq praktika göstərir ki, aviasiya hadisələrinin təhlili təkcə texniki səbəblərin deyil, həm də idarəetmə və insan faktoru ilə bağlı məsələlərin aşkarlanmasına gətirib çıxarır. Azərbaycan reallığında bu yanaşma xüsusilə vacibdir, çünki ölkə həm sərnişin, həm də yük daşımalarında tranzit qovşağı kimi fəaliyyətini genişləndirir. Bakı hava limanının yük daşımalarında Orta Asiya ilə Avropanı birləşdirən əsas marşrutlardan biri olması fonunda təhlükəsizlik standartlarının gücləndirilməsi iqtisadi tranzit üstünlüyünün qorunmasına xidmət edir.

Daimi komissiyanın yaradılması eyni zamanda regionda aviasiya hadisələrinin araşdırılmasında Azərbaycanı etibarlı tərəfdaş mövqeyinə gətirir. Bu, həm beynəlxalq hava daşıyıcılarının ölkəmizə münasibətini, həm də ICAO çərçivəsində aparılan qiymətləndirmələrdə Azərbaycanın mövqeyini gücləndirəcək. Prosesin yüksək vəzifəli şəxslərin iştirakı ilə idarə olunması isə siyasi iradənin gücünü göstərir və təhlükəsizlik məsələsinə dövlət səviyyəsində prioritet yanaşmanı təsdiqləyir.

Qəbul edilmiş qərar yalnız hüquqi və təşkilati çərçivə deyil, həm də iqtisadi baxımdan Azərbaycanın aviasiya sektorunun dayanıqlılığını təmin edən mexanizm kimi qiymətləndirilə bilər. Bu yanaşma gələcəkdə ölkəmizin hava daşımalarında rəqabət qabiliyyətini artıracaq, beynəlxalq investisiya və əməkdaşlıq imkanlarını genişləndirəcək.

Nuray,

Aznews.az