Azərbaycanda son on ildə minik avtomobillərinin enerji mənbəyi üzrə strukturunda nəzərəçarpan dəyişikliklər baş verib. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2014-cü ildə ölkədə minik avtomobillərinin əksəriyyəti benzinlə işləyirdi və onların sayı 943 min idi. Dizel mühərrikli avtomobillərin sayı isə 105 min civarında qalırdı. Sonrakı illərdə dizelə maraq artsa da, bu artım benzinlə işləyənlərin üstünlüyünü dəyişməyib. 2025-ci ildə dizel avtomobillərin sayı 185 minə çataraq 2014-cü illə müqayisədə 76 faiz artıb. Benzinlə işləyənlərin sayı isə 1 milyon 314 minə qalxaraq bazarda dominant mövqeyini qoruyub.
Dizel mühərriklərinə marağın artmasının əsas səbəbi yanacaq sərfiyyatına qənaət etməsi və uzun məsafələrdə daha sərfəli olmasıdır, xüsusilə yük və sərnişin daşımalarında dizel üstünlükləri ilə seçilir. Amma qiymət siyasəti bu seqmentin geniş yayılmasına imkan verməyib. Son qiymət dəyişikliyində Aİ-92 markalı benzinin litri 10 faiz artaraq 1,1 manata qalxsa da, dizelin qiyməti 25 faiz artaraq 1 manata yüksəlib. Bu isə dizelin rəqabət imkanlarını müəyyən qədər zəiflədir.
Son illərin ən diqqətçəkən tendensiyası alternativ enerji ilə işləyən avtomobillərin bazara daxil olmasıdır. Hökumətin istehsal ili iki ildən az olan hibrid və elektrik mühərrikli avtomobillərə tətbiq etdiyi vergi güzəştləri və qlobal istehsal nəhənglərinin yeni texnologiyalara üstünlük verməsi bu sahəni canlandırıb. 2023-cü ildən etibarən elektrik mühərrikli avtomobillərin sayı artmağa başlayıb və 2025-ci ildə 5 941-ə çatıb. Hibrid avtomobillərin sayı isə 66 385 olaraq daha geniş yayılıb.
Bu dəyişikliklər nəticəsində hibrid və elektrik avtomobilləri artıq benzin və dizel mühərrikli avtomobillərin artım tempinə təsir göstərməyə başlayıb. Məsələn, benzinlə işləyənlərin illik artımı hazırda cəmi 3 faizdir. Bu göstərici hətta devalvasiyadan sonrakı iki ildən də aşağıdır. Dizeldə isə ən kəskin artım 2023-cü ildə 67 faiz olub, lakin 2024-cü ildə bu göstərici 12 faizə qədər düşüb.
Ümumi mənzərə göstərir ki, hazırda ən çox üstünlük hələ də benzin mühərrikli avtomobillərə verilir. Lakin dizelin artımı stabilləşib və yeni dövrün əsas trendi hibrid və elektrik mühərrikli nəqliyyat vasitələridir. Yaxın illərdə dövlətin yaşıl enerji strategiyası və istehlakçıların qənaət meylləri ilə bu tendensiyanın daha da güclənməsi gözlənilir. Azərbaycanın avtomobil bazarında əsas istiqamət artıq müəyyənləşib: benzin dominantlığını hələ saxlayır, amma gələcək açıq şəkildə alternativ enerji texnologiyalarına doğru gedir.
Nuray,
Aznews.az