Azərbaycan-qazax ədəbi-mədəni əlaqələri zəngin və qədim tarixi keçmişə malikdir. Bu əlaqələr öz kökləri etibarilə oğuz-qıpçaq folklor mədəniyyəti və ənənələrinə dirənir. Bunun bariz nümunəsini qazax arealında yaranan “Qorqud” (“Xorxut”) nəğmələrinin Azərbaycanda “Kitabi-Dədə Qorqud” halına gəlib formalaşmasında illüstrasiya etmək olar. Eyni zamanda bu əlaqələrin hər iki xalq üçün əhəmiyyətli olan oğuz – Nizami və qıpcaq – Afaq – daha doğrusu, Nizaminin sevimli xanımı Afaqla yaxınlığı müstəvisində, yaxud türk xalqlarının epos mədəniyyətində mühüm yer tutan “Koroğlu”nun timsalında da sübuta yetirmək olar. Azərbaycan-qazax xalqlarının ədəbi irsinin bir-birinə yaxınlığını böyük maarifçi Abay Kunanbayevin Nizami və Füzuli kimi boyük klassiklərimizin yaradıcılığından əsərlərində qidalanması ilə də təsdiqləmək mümkündür. Bu faktın özü qazax yazılı ədəbiyyatının yaramasında və formalaşmasında Azərbaycan klassik ədəbiyyatının rolunun danılmazlığını ortaya qoyur. Bundan başqa XIX əsrdə A.Bakıxanov, M.F.Axundzadə, İ.Qutqaşınlı, H.Zərdabi kimi Ç.Valixanovun, İ.Altınsarinin, A.Kunanbayevin ədəbi bədii düşüncəsində və fəaliyyətində, onların maarifçilik baxışlarında uyğunluqların, yaxınlıqların olduğunu görə bilərik.
XX əsrin 20-ci illərindən başlayaraq Azərbaycan-qazax ədəbi əlaqələri yeni tarixi dövrdə daha böyük intensivliklə inkişaf etməyə başlamışdır. Bu əlaqələri müqayisəli-tipoloji baxımdan Azərbaycan yazıçıları C.Məmmədquluzadə, N.Vəzirov, Ə.Haqverdiyev, S.S.Axundov, qazax – S.Donentayev, S.Seyfullin, İ.Cansuqurov, B.Maylin, M.Auezov və başqalarının yaradıcılığı bazasında da aydın görmək mümkündür.
Azərbaycan-qazax ədəbi əlaqələrinin möhkəmlənməsinə hər iki xalqın ədəbi nümunələrinin qarşılıqlı olaraq birinin digərinin dilinə tərcüməsi əsasında daha çox aparıldığını müşahidə edə bilərik. Təsadüfi deyildir ki, M.Auezov, O.Süleymenov, A.Alimjanov, O.Bukeyev və başqalarının əsərləri Azərbaycan dilinə tərcümə edilib geniş oxucu auditoriyasına təqdim olunmuşdur. XX əsrin 70-ci illərindən başlayaraq Abayın əsərləri çoxsaylı Azərbaycan mütərcimlərinin (M.Rahim, S.Rüstəm, A.Almazov, E.Borçalı, S.Mustafa, A.Zeynallı, Ə.Kürçaylı, İ.Tapdıq, M.Araz, F.Sadiq, Ə.Cəmil, M.Dilbazi, N.Gəncəli, Q.Qasımzadə və b.) zəhməti sayəsində, M.Auezovun “Abay” romanının, 1980-ci illərin əvvəllərində O.Süleymenovun “Az-Ya” və s. əsərlərinin, 2000-ci illərin birinci onilliyində O.Bukeyevin povest və hekayələrinin, son illərdə O.Süleymenovun əsərlərinin intensiv olaraq mütərcimlərimiz tərəfindən dilimizə tərcüməsi, A.Feyzullayevanın “Oljas Süleymenov” monoqrafiyası, F.Ağayevanın Abayın Azərbaycanla olan əlaqələrinə həsr etdiyi “Abay və Azərbaycan” monoqrafiyası, N.Tağısoyun Azərbaycan-qazax folklor əlaqələri,qazax qəhrəmanlıq dastanı “Koblandı batır”ın Azərbaycan dilinə tərcüməsi, T.Teymurovun “M.Auezovun “Abay” romanında epik vüsət bədii detal”, N.Azadgilin “XX əsr qazax nəsrində mifologizm (O.Bukeyevin nəsri əsasında)”mövzusunda yazdıqları fəlsəfə doktorluğu dissertasiyaları, F.Məmmədovun “Muxtar Auezov və Əbdü Cəmil Nurpeisovun roman yaradıcılığı”, Əbdü Cəmil Nurpeisovla İsmayıl Şıxlı yaradıcılığının müqayisəli-tipoloji müstəvidə təhlillər apardığı məqalə və metodik vəsaitlər Azərbaycan-qazax ədəbi əlaqələrinin daim diqqət mərkəzində olduğunu sübut etməkdədir.Bundan başqa, Azərbaycan-qazax ədəbi əlaqələrinin ümumi məzərəsini əks etdirən, bu əlaqələrin elmi-nəzəripanoramını yaradan toplunun nəşri (Bakı, 1990) Azərbaycan-qazax ədəbi əlaqələrinin aktuallığını ortaya qoymaqdadır. 2005-ci ildə səriştəli mütərcim Heydər Orucovun Abayın yeganə nəsr əsəri olan “Əqliyyələr”i tərcümə edib “Ulduz” jurnalının səhifələrində yayması qazax ədəbiyyatına olan böyük marağın göstəricisi kimi əhəmiyyətlidir.
B.Şaxanovun əsərlərinin doğma dilimizə tərcümə edilərək “Böyük çölün hekayələri” (Bakı, 2012) adı altında kitab şəklində çapı Azərbaycanda qazax ədəbiyyatına marağın daim yüksələn xətlə getməsinin nəticəsi kimi dəyərləndirilməlidir.
2011-ci ilin mayından BDU-da böyük qazax maarifçisi, realisti, filosofu, mütəfəkkiri, ictimai xadimi, qazax yazılı ədəbiyyatının banisi Abayın adına Qazax Dili, Tarixi və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərməyə başlamışdır. Qeyd etmək yerinə düşər ki, Qazaxıstanda xeyli sayda azərbaycanlılar yaşamaqla, onlar ölkənin ictimai siyasi və mədəni-mənəvi mühitində əsaslı rol oynamaqla qazaxlarla dostluq münasibətlərinin möhkəmlənməsinə öz töhfələrini verməkdədirlər.
Azərbaycan-qazax ədəbi əlaqələrinin inkişafında bu sətirlərin müəllifinin də müəyyən rolu olmuşdur. Belə ki, o, 2016-cı ildə O.Süleymenovun yaradıcılığına həsr olunmuş iki məqalə, qazax akın yaradıcılığının spesifik xüsusiyyətləri ilə bağlı bir neçə məqalə nəşr etdirib geniş oxucu ictimaiyyətinin diqqətinə təqdim etmişdir.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Ağahüseyn Şükürovun “Müstəqillik dövründə Azərbaycan-Qazaxıstan ədəbi əlaqələri” adlı məqaləsi də problemin gündəmdə olduğundan xəbər verməkdədir.
Qazax şairi Şayaxmet Akılbekin və O.Süleymenovun Azərbaycan dilinə çevrilmiş əsərləri, N.Nazarbayevin “Dostum Oljas haqqında bir neçə kəlmə”, Malik Otarbayevin “Biz “Arşın mal alan”ı seyr edərək böyüdük” kimi məqalələri ölkəmizdə və Qazaxıstanda ədəbi əlaqələrə verilən önəmin güzgüsü kimi ortada dayanır.
Məlum olduğu kimi, Azərbaycan-qazax ədəbi əlaqələrinin daha mühüm səhifələri Abay yaradıcılığı ilə bağlı olmuşdur. Hələ XX əsrin 70-ci illərindən başlayaraq onun əsərləri – şeirləri və poemaları Azərbaycan Dövlət Nəşriyyatında mütərcimlərimizin köməyi ilə dilimizə tərcümə olunub, müxtəlif illərdə ayrı-ayrı şairlərimiz onun yaradıcılığından oxuculara müxtəlif fraqmentlər təqdim etsələrdə, 2017-ci ildə BDU-da fəaliyyət göstərən Abay adına Qazax dili, Tarixi və Mədəniyyəti Mərkəzi Abayın əsərlərini yenidən nəşr etmişdir. 29 mart 2017-ci ildə BDUnun Heydər Əliyev məktəbində “Abay” kitabının geniş təqdimat mərasimi keçirilmiş, təqdimatda H.Əliyev adına Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin sədri professor Eldar Günaydın, BDU-nun professor-müəllim və tələbə kollektivi, Qazaxıstanın Azərbaycandakı Səfirliyinin müşaviri Darxan Kuşerbayev, səfirliyin əməkdaşları, alimlər, ictimaiyyət nümayəndələri və başqaları çıxışlar etmiş, Abay yaradıcılığının müxtəlif tərəflərindən söhbət açmışlar. Bu təkrar nəşrin ən mühüm cəhəti ondan ibarətdir ki, burada ilk dəfədir ki, Abayın fəlsəfi-didaktik nəsr əsəri “Əqliyyə” dosent Heydər Orucovun tərcüməsində oxuculara çatdırılmış, mütərcimin özü əsərin tərcüməsi üzərindəki işin çətinliklərindən söhbət açmışdır. Bundan başqa kitabın təqdimatı zamanı professor R.Əskər, professor N.Tağısoy və başqaları Abayla bağlı fikirlər söyləmiş, Azərbaycanda bu qazax mütəfəkkirinə iki monoqrafik araşdırma həsr etmiş Firuzə Ağayeva Abay yaradıcılğınınbir sıra xüsusiyyətləri üzərində dayanmışdır.
Yazı professor Nizami Tağısoyun fikirlərii əsasında hazırlanıb.
Hazırladı Pərvanə Dadaşzadə
Yazı “Ortaq Dəyərlər” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Türk Dünyası QHT Platformasının yaradılması ilə bağlı təşəbbüslər” layihəsi çərçivəsində hazırlanıb