Bu gün Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə 25 sentyabr 2025-ci il tarixində BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində təşkilatın Nyu-York şəhərində yerləşən mənzil qərargahında “Bujival razılaşmasından sonra Dənizaşırı ərazilər: rekolonizasiya, yoxsa dekolonizasiya?” adlı beynəlxalq konfrans keçirilib.
APA-nın Nyu-Yorka ezam olunmuş əməkdaşı xəbər verir ki, konfransda Fransanın Dənizaşırı əraziləri — Kanaki (Yeni Kaledoniya), Qvadelup, Martinik, Reyunyon, Mahoi Nui (Fransız Polineziyası), Fransız Qvianası, eləcə də Niderlandın Boneyra, Aruba, Sen Martin kimi müstəmləkə ərazilərində fəaliyyət göstərən müstəqillik hərəkatlarının liderləri, dekolonizasiya üzrə beynəlxalq ekspertlər, həmçinin əsası Bakıda qoyulmuş Beynəlxalq Dekolonizasiya Cəbhəsinin nümayəndələri iştirak edib.
Öncə Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Qrupun fəaliyyəti barədə məlumat verib, ötən dövrdə keçirilən tədbirlər və aksiyalara dair video-rolik nümayiş olunub.
Konfransda Fransa tərəfindən “sabitlik və birgə gələcək” kimi təqdim edilən Bujival razılaşmasının əsl mahiyyəti müzakirə edilib, bu sazişin şərtləri Yeni Kaledoniyanı müstəqilliyə çatdırmalı olduğu Matinyon və Noumea sazişləri ilə müqayisə edilib.
Tədbirdə Kanak xalqının nümayəndələri Bujival sazişini niyə rədd etdiklərini geniş ictimaiyyətə açıqlayıblar.
Konfransda həmçinin Bujivaldan sonrakı dövrdə Kanaki (Yeni Kaledoniya) və digər Dənizaşırı ərazilərin gələcəyi, Fransa tərəfindən BMT qarşısında götürülmüş, lakin uzun illərdir icra edilməyən öhdəliklərin yerinə yetirilməməsinin beynəlxalq təşkilatların gündəliyində saxlanılması məsələləri, həqiqi dekolonizasiya prosesinə keçidin yolları və bu xüsusda birgə addımların atılması diqqət mərkəzində olub.
Beynəlxalq Dekolinizasiya Cəbhəsinin katibi Joze Marten Jan-Pyer qeyd edib ki, Kanak xalqının istəklərinin real və səmimi şəkildə nəzərə alınması təmin edilməyib, Fransanın strateji, iqtisadi və hərbi maraqları qorunub: “Öz müqəddəratını təyinetmə hüququ diplomatik oyunun mövzusuna çevrilib. Paris səthi təbliğat və dialoq vədləri ilə kifayətlənir. Polineziya xalqı da səsinin beynəlxalq səviyyədə tanınmasını gözləyir, Fransa isə neokolonial siyasətini davam etdirir. Beynəlxalq ictimaiyyət açıq şəkildə bu xalqların səylərini dəstəkləməli, müstəmləkəçi dövlətlər, o cümlədən Fransa, bu ərazilərdə yaşayanların hüquqlarını tam şəkildə tanımalıdır. Xalqları dinləmək, onlara hörmət etmək, səsinə səs vermək vacibdir. Azadlıq olmadan ləyaqət yoxdur. Ədalət olmadan azadlıq yoxdur.”
İnsan hüquqları fəalı və Pueblo Progresivo Uni hərəkatının siyasi lideri James Finies deyib ki, Bonairedə yerli ailələr doğma yurdlarından qovulur, onlar Niderland pasportu və vətəndaşlığına baxmayaraq, Niderlandda iqtisadi qaçqın vəziyyətində yaşayırlar: “Mədəni kimliyimiz və ana dilimiz sıxışdırılır, nəticədə uşaqlarımız öz köklərindən uzaqlaşır”.
Tədbir çıxışlarla davam edib.
Konfransın sonunda birgə bəyanat qəbul edilib.