Flora Kərimova qəza xəbərini təsdiqlədi

9 Sentyabr 2013 11:05 (UTC+04:00)
Xalq artisti Flora Kərimovanın ağır avtomobil qəzasına düşməsi barədə AzNews.az-ın yaydığı xəbər təsdiqlənib.

Qeyd edək ki, hadisə dünən saat 17-18 radələrində Masazırdan Novxanıya gedən yolda, Duz gölünün yaxınlığında baş verib. Hadisə şahidlərinin sözlərinə görə, maşını xalq artistinin rəfiqəsi idarə edib. Qəza o qədər ağır olub ki, F. Kərimovanın qolu qırılıb. Maşın isə istifadəyə yararsız vəziyyətə düşdüyündən hadisə yerindən evakuasiya xidməti vasitəsi ilə aparılıb.

Flora Kərimova hadisə ilə bağlı məlumatı dünən təkzib etsə də, daha sonra Lent.az-ın əməkdaşı ilə söhbətində xəbəri təsdiqləyib: "Mən hazırda evdəyəm. Dünəndən bir çox mətbuat işçiləri mənə zəng edir. Mən öz maşınımla olmamışam. Sadəcə tanışımızın maşını ilə gedirdik, bir də gördüm ki, qarşıdan bir maşın üstümüzə gəlir. Elə həmin anda mən dərhal qızım Zümrüddən yapışdım. Çox şükür, heç bir şey olmadı. Çünki, maşın bizim avtomobilə toxunan kimi şarlar açıldı. Bildirmək istəyirəm ki, hazırda hər şey öz qaydasındadır. Sadəcə, bu xəbəri şişirdiblər".

Qeyd edək ki, sentyabrın 8-də hadisə yerində olan polislər qəza xəbərini AzNews.az əməkdaşına təsdiqləsələr də, daha sonra məlumat verməkdən imtina ediblər.

Elnur
AzNews.az