“Qızıl qiymətlərinin yüksəlməsinin əsas səbəbləri dünya iqtisadiyyatında və siyasi-hərbi arenada müşahidə olunan qeyri-müəyyənliklərlə bağlıdır. Pandemiyadan sonra hər il və hətta hər ay artım tendensiyası davam edir. Yəni gərginliyin azalması yox, əksinə artması müşahidə olunur. Rusiya–Ukrayna müharibəsi, Yaxın Şərqdəki proseslər, eyni zamanda Çin–ABŞ qarşıdurması və ticarət müharibələri bu prosesi daha da gücləndirir. Çünki ölkələrin bir-birinə qarşı tətbiq etdiyi sanksiyalar və yaranan qeyri-müəyyənliklər iqtisadi riskləri artırır, investorları isə qızıla “hedcinq” (müdafiə) aləti kimi baxmağa vadar edir. Qızıl təhlükəsiz aktiv hesab olunduğundan risklər artdıqca ona maraq da yüksəlir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.
Qeyd edək ki, qızılın qiyməti yeni rekorda yüksəlib. “Comex” birjasında qızılın 2025-ci ilin dekabr fyuçerslərinin qiyməti ikinci gün ardıcıl olaraq tarixi maksimumu yeniləyib. Qiymətli metalın dəyəri 1,03 faiz artaraq unsiya üçün 3 814 dollar olub. Gümüşün qiyməti də bahalaşaraq 0,32 faiz artımla unsiya üçün 44,35 dollara çatıb.
Ekspert qeyd edib ki, 2025-ci ildə qlobal inflyasiyanın kəskin şəkildə azalması və ABŞ ilə Avropa Mərkəzi Banklarının faiz dərəcələrini endirəcəklərinə dair gözləntilər də qızılın qiymətinin artmasına təkan verir.
“Çünki qızıl faiz gəliri gətirməyən aktivdir. Faizli aktivlərin gəlirliliyi aşağı düşəndə isə qızıla investisiya daha cəlbedici olur. Bu ilin əvvəlində verilən proqnozlara görə qızılın qiymətinin 3 700 dollara qədər yüksələcəyi gözlənilirdi və bu artım artıq test olunub. Hətta ilin sonuna kimi qızılın 4 000 dollara qədər qalxacağı proqnozlaşdırılır. Bununla yanaşı, digər bütün investisiya alətləri kimi qızıl da risk daşıyır. Heç kim zəmanət verə bilməz ki, bu gün alınan qızıl sabah daha yüksək gəlir gətirəcək. Risk investisiya alətlərinə xas xüsusiyyətdir. Ona görə də investorlar qlobal iqtisadi, ticari və hərbi riskləri nəzərə alaraq qərar verməlidirlər. Risklər artdıqca qızıla maraq da artır. Hazırda qızıl həm peşəkar, həm də fərdi investorların diqqət mərkəzindədir. Fərdi investorlar unutmamalıdırlar ki, investisiya qərarı verərkən ilk növbədə öz risk qəbul etmə imkanlarını nəzərə almalıdırlar. Burada bank depozitləri, əmlak, müxtəlif qiymətli kağızlar kimi alternativlər də mövcuddur. Yəni hər bir investor riskə yanaşma tərzinə uyğun olaraq portfelini düzgün formalaşdırmalıdır. Risk isə həmişə iki istiqamətdə mövcud olur – qazanc da ola bilər, itki də”.
Rəfiqə Namazəliyeva,
AzNews.az