Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi Anım Günü ilə əlaqədar bəyanat yayıb. Bəyanatda deyilir:
2020-ci ilin sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Respublikasının dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin olunması və hüququn aliliyi uğrunda aparılan mübarizə tariximizə qızıl hərflərlə yazılmışdır.
Ölkəmizin çoxəsrlik dövlətçilik tarixinin şərəf və mübarizlik simvoluna çevrilən İkinci Qarabağ - Vətən müharibəsinin başlanmasından 5 il ötür.
İkinci Qarabağ – Vətən müharibəsində əldə olunmuş Böyük Zəfər xalqımızın milli həmrəyliyinin, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli liderliyinin və Ordumuzun şücaətinin təntənəsidir.
Bu Qələbə yalnız Azərbaycanın ərazi bütövlüyünü deyil, həm də beynəlxalq hüququn norma və prinsiplərinin ədalətli şəkildə bərpasını təmin etmişdir.
Prezident İlham Əliyevin dövlətçilik düşüncəsi və siyasi iradəsi sayəsində Azərbaycan BMT qətnamələrinin icrasını öz gücü ilə təmin edərək beynəlxalq hüquqa örnək olacaq unikal presedent yaratmışdır.
Vəhdət Partiyası olaraq bildiririk ki, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixində imzaladığı “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Sərəncama əsasən respublikamızda Vətən müharibəsi qəhrəmanları minnətdarlıq hissi ilə anılır, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhuna böyük ehtiram göstərilir.
Vəhdət Partiyası hesab edir ki, milli maraqlar, qanunçuluq və dövlətçilik prinsipləri hər bir siyasi qüvvənin ali məqsədi olmalıdır.
Biz inanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda sülhün, sabitliyin və əməkdaşlığın qarantı kimi çıxış etməkdə davam edəcəkdir.
Vəhdət Partiyası olaraq bildiririk ki, biz dövlətçiliyimizin möhkəmlənməsi, milli həmrəylik və qanunun aliliyi yolunda bundan sonra da əzmlə fəaliyyət göstərəcəyik.
Vətən və torpaq uğurunda şəhid olmuş bütün qardaşlarımıza ALLAHdan rəhmət. qazilərimizə isə cansağlığı diləyirik!
AzNews.az