“Trampın təşəbbüsünə baxdıqda, Türkiyənin Rusiyaya qarşı bu addımı nə siyasi, nə də iqtisadi baxımdan o qədər də məqbul görünmür. ABŞ-ın əsas məqsədi hazırda yalnız Ukrayna məsələsi ilə məhdudlaşmır. Vaşinqton daha çox Rusiyanın neft və enerji bazarındakı mövqelərini zəiflətməyə, eyni zamanda Amerikanın önə çıxmasına çalışır. Burada məsələ sırf Ukrayna ilə bağlı deyil. Hətta arxa planda ABŞ və Rusiya arasında enerji sektoru üzrə müəyyən anlaşmaların olduğuna dair məlumatlar da mövcuddur. Lakin əsas mübarizə neft bazarında mövqelərin dəyişdirilməsi üzərində gedir. Trampın son çağırışları, Avropaya yeni təklifləri də məhz Rusiyanın enerji resurslarının tamamilə əvəzlənməsinə yönəlib. Burada Türkiyənin də bu prosesə qoşulması istənilir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Ağ Evdə görüş keçirilib. Görüşdə bir sıra mühüm məsələlər müzakirə olunub. Xüsusilə, Trampın Ərdoğandan Türkiyənin Rusiyadan neft alışını dayandırmasını istəməsi diqqət çəkib.
Siyasi şərhçi bildirib ki, bu məsələ Türkiyə üçün nə siyasi, nə də iqtisadi baxımdan məqbul hesab edilmir.
“Çünki Rusiyanın enerji resurslarından imtina etmək ilk növbədə Moskva ilə Ankara arasında münasibətlərin kəskinləşməsinə gətirib çıxaracaq. Halbuki bu, Türkiyənin xarici siyasət strategiyasına uyğun deyil. NATO üzvü və Qərbdə müttəfiqləri olsa da, Türkiyə eyni zamanda Rusiya ilə sıx münasibətlər qurub. Bu münasibətlər Ankaraya bir çox regional proseslərdə mühüm rol oynamağa şərait yaradır. Türkiyə balanslı siyasət yürütməklə həm Qərblə, həm də Rusiya ilə əlaqələrini qoruyur. Bu isə onun əlini gücləndirir. Əgər NATO və Qərb ölkələri Türkiyəyə açıq təzyiq siyasəti həyata keçirirsə, Moskva Ankara üçün alternativ tərəfdaş rolunu oynayır və bu, Türkiyənin maraqlarını təmin edir. İqtisadi baxımdan da məsələ eyni dərəcədə əhəmiyyətlidir. Türkiyə təkcə Rusiyanın enerji resurslarını almır, həm də həmin resursların Avropa bazarına daşınmasında əsas tranzit rolunu oynamaq istəyir. Xüsusilə, Ukrayna böhranından sonra bu məsələ daha da aktuallaşıb. Çünki Ukrayna üzərindən keçən enerji marşrutunun sıradan çıxması Moskva ilə Ankaranın əməkdaşlığını gücləndirdi. Bu gün də bu istiqamət aktual olaraq qalır və Türkiyənin enerji bazarında rolunu artırır. Bütün bunlara görə Trampın təklifi Türkiyə üçün nə siyasi, nə də iqtisadi cəhətdən səmərəli deyil. Bundan əlavə, Tramp Türkiyəyə F-35 proqramına qaytarılmaqla bağlı vəd də verir. Xatırladaq ki, Ankara bu proqramdan çıxarılmışdı. Lakin rəsmi Ankara üçün Rusiyaya qarşı sərt addım atmaq müqabilində belə bir güzəşt kifayət qədər məqbul hesab edilmir və böyük ehtimalla qəbul olunmayacaq”.
Rəfiqə Namazəliyeva,
AzNews.az