27 sentyabr 2020…
Səhərin sükutu top səsləri ilə parçalandı, torpağın qəlbi alovlandı. Azərbaycan tarixinin yeni səhifəsi qanla, iradə ilə, qürurla yazılmağa başladı.
Mən illərdir sözün yükünü daşıyan bir qələm adamı həmin gün anladım ki, yazmaq həm də minnətdarlıq üçün var. Məhz o gündən qələmə sarıldım…
Sanki gözlərimdə gördüklərim, qulaqlarıma dolan fəryadlar, şəhidlərin qanı ilə yuyulan torpaq qəlbimdə bir yükə çevrildi. O yükü ancaq yazmaqla yüngülləşdirmək mümkün idi. Mən qələmə sarıldım, amma yazdıqca əllərimdə titrəyirdi çünki hər sətir qürur və hüzün dolu idi, çünki mən yazdıqca hansısa yaralı bir əsgərin iniltisi, hər söz bir şəhidin son nəfəsi kimi canımı sızladırdı. Yazdıqca ağladım, ağladıqca yazdım və qürur duydum.
Hazırda nəşrə hazırlanan 3-cü kitabım məhz Zəfərin 5 illik yubileyinə həsr olunub. Bunu bu gün böyük qürurla deyirəm. Çünki bu kitab bir müəllifin Qalib Sərkərdəsinə, Rəşadətli Ordusuna bir xalqın qəlbindən qopan naləsi, göz yaşının, fəxrinin və dualarının səsi olacaq.
Müharibə başlayan gündən iki gün sonra mən və çalışdığım kollektivim yardım aparmaq üçün döyüş bölgəsinə Füzuliyə yollandıq. Yollar susqun idi, amma torpağın nəfəsi alışırdı. Biz orada həm qəhrəmanlığı, həm də müharibənin dəhşətini gördük.Şəhidlərimizin qanına boyanmış torpaq, qara tüstü içində qalan kəndlər, qanlı sarğıya bükülmüş yaralı əllər… Qardaş qardaşın çiynində şəhidini aparırdı. Bir yanda ucalıq, bir yanda sarsıdıcı dərd… O səhnələr gözümün önünə gələndə bu gün də göz yaşlarımı saxlaya bilmirəm.
Axı onlar hər biri bir ananın Allaha əmanət etdiyi balası idi. Evdə oyuncağı qalmış, məktəbdə dəftəri qalmış, sevilməyə doymamış balalar. Anaların dualarında olan balalar...Gözlərində fəxr, həm də sönməyən qələbə əzmi vardı. Hər baxış bir kitab idi, hər sükut bir fəryad idi.Amma o igidlər Vətənə sarılıb şəhid olarkən də gülümsəyirdilər çünki bilirdilər ki, bu torpaq yaşasın, bu millət ayağa qalxsın deyə can verirlər. Onların təbəssümü qan içində də nur saçırdı, sanki "narahat olmayın, biz Vətəni qoruduq" deyirdilər.
Bu gün biz qalibik. Başımız ucadır, çünki qalib dövlətin qalib vətəndaşlarıyıq. Amma bu başucalığın kölgəsində minlərlə məzar var. Şuşanın daşında, Füzulinin torpağında, Ağdamın külündə, Laçının dağında hər qarışda bir şəhidin nəfəsi dolaşır.
Vətən uğrunda şəhidlik zirvəsinə ucalan igidlərimizin ruhu qarşısında diz çökürəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Canlı şəhidlırimiz olan qazilərimizə şəfa versin.Şəhid və qazilərimizin qanı torpağı müqəddəs etdi, xatirələri milləti möhkəmləndirdi. Hər dua onların adı ilə başlayır, hər nəfəs onların ruhuna ithaf olunur.
Bizim qələbəmiz onların son nəfəsi ilə yazıldı. Bizim sabahımız onların canı bahasına quruldu. Onların ruhu bizim yolumuza işıqdır. Onların gedişi bizim göz yaşımız, qayıdışı isə əbədi qələbəmizdir.
Aygül BAĞIROVA,
Yazıçı-publisist