“Rusiya Türkiyə üçün həm strateji qonşu, həm də iqtisadi tərəfdaşdır” - Mübariz Göyüşlü

26 Sentyabr 2025 23:12 (UTC+04:00)

“Türkiyənin Rusiyayla açıq münaqişəyə daxil olması və ya bu münaqişəni dəstəkləməsi doğru deyil. Türkiyə NATO üzvlərinə görə Rusiyayla qarşıdurmaya getməməli və ümumiyyətlə, bu addımı müsbət hal kimi qiymətləndirməməlidir. Rusiya Türkiyə üçün həm strateji qonşu, həm də iqtisadi tərəfdaşdır; bazar və əlaqələr mövcuddur. NATO və Avropa ölkələrinin maraqlarına görə Türkiyənin Rusiyayla düşmənçilik etməsi fəlakətli nəticələr doğura bilər”.

Bu fikirləri Aznews.az-a açıqlamasında Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib.

Qeyd edək ki, Rusiya PUA-larının Avropa hava məkanını pozması NATO ilə gərginliyi artırıb. Ötən gün Alyansa məxsus “Saab 340B ISR” kəşfiyyat təyyarəsinin Rusiya sərhədinə yaxın uçuşu Moskvaya xəbərdarlıq kimi qiymətləndirilib. Türkiyə isə bölgəyə hərbi təyyarə göndərərək NATO-nun təhlükəsizlik tədbirlərinə dəstək verib, eyni zamanda Rusiya ilə münasibətləri pozmamağa çalışır.

Siyasi şərhçi bildirib ki, hər iki dövlətin güclü olması hər hansı münaqişə və ya hərbi qarşıdurmanın ciddi problemlərə səbəb ola biləcəyini göstərir.

“NATO daxilində bəzi ölkələrin Türkiyəni Rusiyayla qarşı-qarşıya gətirməyə çalışması, normal qonşuluq münasibətlərinə mane olur və bu, mənfi senari kimi qiymətləndirilə bilər. Beləliklə, Türkiyənin bu məsələdən və yaranan gərginlikdən uzaq qalması daha məqsədəuyğundur və strateji baxımdan məsləhətlidir”.

Rəfiqə Namazəliyeva,

AzNews.az