Ermənistandakı qatı millətçi və rusiyapərəst müxalifət qüvvələri Zəngəzur dəhlizi mövzusu ətrafında manipulyasiyaları qızışdırır. Erməni mediasına qısa açıqlama verən Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan “Sünik üçün böyük təhlükələr” gördüyünü deyib. Jurnalistlər Zəngəzur dəhlizi ilə bağlı hansı təhlükələri gördüyünü soruşduqda o, qısaca belə cavab verib: “Mən çoxlu təhlükələr görürəm”. Eks prezidentin bu açıqlaması konkret detallardan qaçaraq ictimaiyyətdə panika və qeyri-müəyyənlik yaratmağa yönəlmiş siyasi jestdir. Köçəryan - Sarkisyan rejimi hakimiyyətdə olarkən onlara qarşı olan müxalifətə rəhbərlik edən Ter - Petrosyan indi öz mövqeyini dəyişdirərək keçmiş düşmənləri ilə bir cəbhədə durmağa başlayıb. Onun bir zamanlar dəstəklədiyi Paşinyana qarşı çıxışlar etməsinin əsl səbəbi də siyasi qısqanclıqdır. Levon Ter - Petrosyan yaşının çoxluğuna baxmayaraq hələ də hakimiyyət xəyalı ilə yaşayır. Nikol Paşinyanın əlehinə olan müxalifətin gücləndiyi bir şəraitdə onun da xələfləri Robert Köçəryan və Serj Sarkisyan kimi məhz Qarabağ və Zəngəzur məsələsi üzərindən Paşinyana təzyiq göstərməsi gələn il keçirilməsi nəzərdə tutulan parlament seçkilərində siyasi divident qazanmaq məqsədi güdür. Ter - Petrosyanın səsləndirdiyi fikirlər yeni deyil. O, radikal erməni millətçilərinin fikirlərini təkrar edir. Maraqlıdır ki, nə keçmiş prezident, nə də onun həmfikirləri bu məsələyə ilə bağlı konkret faktları açıqlamırlar. Sadəcə məsələni " dəhşətli " adlandıraraq bir tərəfdən Paşinyana qarşı olan etimadı sarsıtmağa, bir tərəfdən isə Azərbaycan və Ermənistan arasında baş verən sülh təşəbbüsünü pozmaq məqsədi daşıyır. Müxalifət bu kimi məsələlərdə tez - tez Sünikin adını çəkməklə bölgə əhalisi arasında panika yaratmaq və onların öz sırasına axınını təmin etmək məqsədi daşıyır. Məsələnin daha bir maraqlı tərəfi isə Zəngəzur dəhlizi əlehinə Ermənistanda əks - təbliğat aparan qüvvələrin əsasən Rusiyaya bağlı olmasıdır. Levon Ter - Petrosyanın onların sırasına qatılması isə tarixin ironiyasıdır. Bir vaxtlar Moskvanın dəstəyi ilə hakimiyyətdən devrilən sabiq prezident indi yenidən siyasi revanş götürmək üçün Rusiyadan mədət umur. Zəngəzur dəhlizi mövzusunu isə bu mübarizədə alətə çevirməyə cəhd göstərir — çünki bu həm tarixi, həm də strateji baxımdan cəmiyyətin həssas nöqtəsidir.
Zeynal ƏMRƏLİYEV