“Sübhaninin açıqlaması onsuz da indiyə qədər mövcud olan İran–Ermənistan əlaqələrinin yaxınlığını bir daha nümayiş etdirir. Yəni bu gün hər iki tərəfi müəyyən strateji ortaq maraqlar birləşdirir ki, onların da başında əsasən anti-türk mövqelər dayanır. Ona görə də bu açıqlamanın, eləcə də bundan sonra verilə biləcək oxşar bəyanatların və atılacaq addımların arxasında məhz həmin ortaq siyasi maraqların izini görmək lazımdır. Lakin Sübhaninin səsləndirdiyi planın real həyata keçməsi ehtimalı olduqca zəifdir. Çünki Azərbaycan “Sülhün kəsişməsi” ilə bağlı mövqeyini əvvəlcədən açıq şəkildə bəyan edib və digər tranzit əhəmiyyətli layihələrdə prioritetlərini müəyyənləşdirib”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Qeyd edək ki, İranın Ermənistandakı sabiq səfiri Mehdi Sübhaninin “Sülhün kəsişməsi” layihəsinə dair açıqlaması maraq doğurub. Onun sözlərinə görə, Naxçıvandan Azərbaycanın qərb bölgələrinə Ermənistan ərazisindən keçməklə quru nəqliyyat əlaqəsinin yaradılması mümkündür. Əvəzində isə Ermənistan Culfa istiqamətində İranla yeni bağlantı əldə edə bilər. Sübhaninin fikrincə, Yerask-Culfa marşrutu Ermənistan üçün İranla birbaşa əlaqə qurmaq baxımından alternativ imkan yarada bilər.
Siyasi şərhçinin sözlərinə görə, İran yaxşı anlayır ki, qarşısını ala bilməyəcəyi əsas məsələ Zəngəzur dəhlizinin açılmasıdır.
“Bu reallığı dəyişə bilməyəcəyini görən Tehran alternativ istiqamətlər axtarmağa çalışır. Ancaq görünən odur ki, bu da sadəcə bəyanat səviyyəsini keçmir. Hazırda İranın geosiyasi reallığı dəyişəcək qədər əlində ciddi vasitəsi yoxdur. Təhlükəsizliyini böyük ölçüdə Çin və Rusiya sayəsində təmin edən bir ölkənin regiondakı müstəqil dövlətlərin qərarlarını dəyişdirmək gücündə olduğunu demək çətindir. İran yalnız bəyanatlarla prosesdə öz maraqlarını qorumağa çalışır. Burada söhbət Cənubi Qafqazda sülhün bərqərar olunmasından, tranzit əhəmiyyətli yolların açılmasından və Azərbaycanın bu layihələrdə oynadığı aparıcı roldan gedir. İran da bu prosesdə müəyyən dərəcədə öz maraqlarını təmin etməyə çalışır. Bu maraqlar bəzi hallarda Azərbaycanın və digər ölkələrin maraqları ilə üst-üstə düşə bilər. Amma alternativ və ya pozucu təkliflərlə Tehranın real nəticə əldə etməsi mümkün deyil”.
Rəfiqə Namazəliyeva,
AzNews.az