“44 günlük Vətən savaşından sonra Azərbaycan bölgədə yeni siyasi situasiya yaradıb. Regionda Azərbaycanın iradəsi ilə iqtisadi və siyasi proseslər inkişaf etməkdədir. Lakin Ermənistan daxilində müəyyən qüvvələr Azərbaycanın uğurlu siyasətini qəbul etmək istəmirlər. Ermənistan cəmiyyətində hələ də “dənizdən-dənizə Böyük Ermənistan” ideologiyası mövcuddur. Bu ideologiya erməni kilsəsi vasitəsilə formalaşdırılıb və cəmiyyətə təqdim olunub. Paşinyan isə reallığa uyğun addımlar atmaq istəyir. Azərbaycan bölgədə aparıcı dövlət kimi Ermənistanı və regionu öz şərtlərinə uyğunlaşmağa məcbur edir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.
Xatırladaq ki, Ermənistan parlamenti qarşısında Baş nazir Nikol Paşinyanın impiçmentini tələb edən etiraz aksiyası keçirilib. İştirakçılar onu 2026-cı il seçkilərinə qədər dəyişməyi vacib sayır və impiçmenti ən təsirli yol hesab edirlər. Parlament spikeri Alen Simonyan isə yarıboş zala işarə edərək müxalifətin fəallığını şübhə altına alıb və seçkilərə ehtiyac olmadığını bildirib.
Siyasi şərhçi bildirib ki, Paşinyanın siyasətinə təsir edən əsas amillərdən biri onu hakimiyyətə gətirən ABŞ-ın Ermənistanı Rusiyanın təsirindən çıxarmaq istiqamətindəki dəstəyidir.
“Bu kursun həyata keçirilməsi erməni cəmiyyətində gərginlik yaradıb. Eyni zamanda ermənilər arasında Rusiya və Qərb lobbiləri arasında mübarizə mövcuddur. Rusiya yönümlü lobbi gələcəkdə Ermənistanın Rusiya istiqamətində inkişaf etməsini istəyir, Qərb yönümlü lobbi isə ölkənin ABŞ və Qərb istiqamətində inkişafını dəstəkləyir. Bu qarşıdurma nəticəsində kütləvi aksiyaların intensivləşməsi, müxtəlif şüarlarla keçirilən etirazların artması gözlənilir və parlament qarşısında keçiriləcək mitinqlər də Ermənistanın indiki siyasi hakimiyyətinə qarşı ictimai fikri formalaşdırmaq məqsədini güdür. Eyni zamanda, 2026-cı ilin yayına qədər müxalifət ictimai rəyi Paşinyanın əleyhinə yönəltmək üçün mitinqləri müntəzəm şəkildə davam etdirə bilər. Bunun qarşısını almaq üçün Paşinyan növbədənkənar parlament seçkilərinə gedə bilər ki, bu həm ictimai rəyi öz xeyrinə yönəltməyə, həm də seçkilərin gedişatını öz lehinə təmin etməyə imkan yaradar. Əgər növbədənkənar seçkilər keçirilmazsa, müxalifət yay ayına qədər mitinqləri davam etdirərək Paşinyanın əleyhinə ictimai rəyi formalaşdıra bilər. Hadisələrin gedişi və növbədənkənar seçkilərin olub-olmaması isə bu proseslərdə kimlərin necə istifadə edəcəyini müəyyən edəcək. Bölgədə böyük güclərin maraqları da toqquşur. ABŞ və Qərb Paşinyanın siyasətini dəstəkləyir, Rusiya isə narazıdır. 10 noyabr razılaşmasına görə, Zəngəzur dəhlizinin Rusiyanın nəzarətinə keçməsi planlaşdırılmışdı. Lakin Paşinyanın siyasəti nəticəsində bu öhdəlik yerinə yetirilməyib və nəzarət ABŞ-ın əlindədir. Bu, Rusiyanın strateji maraqlarına ziddir və Rusiya yönümlü erməni qanadını fəallaşdırır”.
Siyasi şərhçi əlavə edib ki, Paşinyanın 2018-ci ildən bəri apardığı Qərbyönümlü kadr siyasəti bütün dövlət strukturlarına sorğuçular yerləşdirməklə erməni cəmiyyətində narazılığın artmasına səbəb olub:
“Həm iqtisadi, həm siyasi, həm hərbi sahələrdə Rusiyanın təsir imkanları genişdir, lakin Paşinyanın Qərbyönümlü siyasəti erməni cəmiyyətinin ictimai rəyini Qərb istiqamətinə yönəldə bilər. Hadisələrin gedişi, növbədənkənar seçkilərin keçirilməsi və ya mitinqlərin davam etməsi isə bu gərginlikdən kimlərin necə istifadə edəcəyini müəyyən edəcək”.
Rəfiqə Namazəliyeva,
AzNews.az