Atamın mahnısı...

29 Sentyabr 2025 16:51 (UTC+04:00)

Qızıl gül olmayaydı

Saralıb solmayaydı

Bir ayrılıq, bir ölüm

Heç biri olmayaydı...

Hardasa çox da uzaq olmayan bir yerdən bu mahnının səsi gəlir. Çox sevdiyin, dinlədiyin bu mahnının sədası məni məndən alıb, səninlə olan xatirələrə aparır. Harada eşitsəm səni xatırladır bu mahnı, Ata!

Sağlığında bu qədər dərindən düşünməmişdim mahnıının sözlərini. Çünki sən vardın yanımda və mən səninlə dünyanın ən xoşbəxt insanı idim. Sonradan anladım mahnının sözlərini. Səni itirdikdə anladım ki, ayrılıq, ölüm nə qədər ağrılı bir hadisəymiş. Sənə dogma olan birini itirmək tək onu bu dünyada bir daha görə bilməyəcəyin demək deyil, onlu xatirələri bir daha yaşayamayacağın, onunla qurduğun xəyalların elə xəyal olaraq qalmağı imiş. Bir anda hər şeyə son qoymaqmış. Bir daha heç nəyin əvvəlkitək olmayacağını anlamaqmış. Bu cür həyatla barışmaq çox çətin olur, heç vaxt barışmırsan da. Küsürsən həyatdan, hər kəsdən, hətta bəzən Allahdan da küsürsən...
Bilirsən, savaş ölkələrindəki mənzərəni xatırladır beynimin içindəki mənzərə. Çəkilib həyatın bir küncünə dağılmış hissələri bərpa etməyə, hər parçamı toparlamağa çalışıram. Ancaq olmur. Pazlı tamamlaya bilmirsən. Həyat pazlının əksik olan o hissəsi həyatını, özünü toparlamağa, əvvəlki halına qayıtmağa imkan vermir. İncidir, çox incidir hər şey...

Birlikdə yaşadığımız xatirələr, qurduğumuz xəyallar çox incidir. Bilirsən bir də məni ən çox nə incidir? Özün xoşbəxt uşaqlıq yaşamadığın halda bizə yaşatdığın xoşbəxt uşaqlıq, o xoşbəxt həyatımız incidir. İndi uşaq vaxtı geyinə bilmədiyin idman ayaqqabısı yadıma düşəndə bütün ayaqqabılar ayağımı incidir, məktəb kollektiviylə çəkdirə bilmədiyin o şəkil yadıma düşəndə bütün şəkillərdən öz şəklimi kəsib atmaq istəyirəm. Anamın, həyat yoldaşının əşyalarına toxunmadan bir gün gələcksənmiş kimi gözləntisi incidir. Səninçün ömrünü, gəncliyini fəda etmiş birinin bu həyatdan vaxtsız getdiyini düşünəndə aldığın hər nəfəs incidir. Başını qaldırıb mavi səmaya baxmağa utanırsan. Deyirlər, bu dünyada ən pis acı övlad acısıdır. Səni kimi atanı itirmək də onun qədər acıdır. Amma bir şeyə əminəm - belə bir atanın, hər kəsin gözəl ürəyi ilə tanıdığı o şəxsin getdiyi yer də gözəldir. İndi qovuşmusan övladın qədər sevdiyin Ələddinə, sevimli işçin Bəhram bəyə...
Hə, bir də illər öncə həyatda qalması üçün savaşdığın mələk olan nəvənə qovuşmusan. Səninçün süfrələr açan Firəngiz nənəm yəqin orada da səninçün gözəl süfrələr qurur.
Bu həyatdan getmək çox asandır, sənin kimi valideyn olmaq isə çox çətin. Bir söz var. Hamı öz əzizləri haqqında deyir, “yolun düşsə bu dünyaya bir də gəl” .
Bilirəm, mümkün olsaydı çoxdan qayıdardın. Özün üçün deyil, bizim üçün qayıdardın…
Bir gün Sənin kimi valideyn, Sənin kimi xeyirxah insan olub o yerləri qazana bilsəm, sənin olduğun həmin o gözəl yerlərdə görüşərik, əziz Atam!

Cəmilə Əbülfətqızı