“Azərbaycan və Ermənistan arasında paraflanmış sülh müqaviləsinin mətni, eləcə də normallaşma prosesi ilə əlaqədar atılan addımlar ictimaiyyət üçün açıqdır. “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”, başqa sözlə, Zəngəzur dəhlizi Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən mühüm nəqliyyat komponentini ehtiva edir. Bu dəhliz reallaşdığı təqdirdə hər iki istiqamətdə maneəsiz keçidin təmin olunması mümkün olacaq”.
Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
Qeyd edək ki, son günlər İranın Ermənistandakı sabiq səfiri Mehdi Sübhaninin “Sülhün kəsişməsi” layihəsi ilə bağlı açıqlaması regionda geniş müzakirələr doğurub. O, Ermənistan ərazisindən keçməklə Azərbaycanın qərb rayonlarından Naxçıvana quru yolun açılması qarşılığında, Ermənistanın da Culfa istiqamətində İrana çıxış əldə edə biləcəyini vurğulayıb. Sübhaninin bu təklifi həm regional iqtisadi əməkdaşlıq baxımından, həm də geosiyasi maraqlar müstəvisində diqqət çəkir.
Deputat bildirib ki, yalnız bundan sonra əlavə bağlantılarla bağlı müzakirələrin gündəmə gəlməsi mümkündür.
“Azərbaycan həmişə çoxşaxəli nəqliyyat və logistika infrastrukturunun qurulmasında maraqlı olub. Lakin hələlik bu məsələdən danışmaq tezdir. İlk növbədə Ermənistan üzərinə götürdüyü öhdəlikləri icra etməlidir. Daha sonra iqtisadi və siyasi baxımdan səmərəli olduğu təqdirdə Azərbaycan digər təkliflərə münasibət bildirə bilər”.
Rəfiqə Namazəliyeva,
AzNews.az