“Ermənistan iki formatda xarici siyasət yürüdə bilməz” - Elçin Xalidbəyli

29 Sentyabr 2025 19:49 (UTC+04:00)

“Əvvəlcə qeyd etmək lazımdır ki, Ermənistanın yaxın onilliklərdə Avropa Birliyinə üzv olması ehtimalı demək olar ki, yoxdur. Bununla belə, Paşinyan hakimiyyəti qərbə inteqrasiya siyasəti apardığından, Avropa Birliyinə üzvlüklə bağlı qanunun qəbuluna üstünlük verib. Bu addım isə Qərb siyasi dairələrinin Ermənistana dəstəyini gücləndirmək məqsədi daşıyır. Burada diqqətçəkən əsas məqam Rusiyanın bu məsələyə münasibətidir. Ermənistan qərbə inteqrasiya siyasətində israrlı olsa da, hələ də formal olaraq Rusiyanın hərbi-strateji müttəfiqidir. Bu isə Ermənistanın üzərinə müəyyən öhdəliklər qoyur. Digər tərəfdən, Ermənistan həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, həm də Avrasiya İqtisadi İttifaqının üzvüdür”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasında çıxış edərək mart ayında qəbul edilən “Avropa İttifaqına üzvlük prosesinə başlamaq” haqqında qanunun ölkə üçün böyük əhəmiyyət daşıdığını bildirib. Lakin erməni ekspertlər hesab edirlər ki, bu addım rəsmi İrəvanın mövqeyini gücləndirmir, əksinə onu zəiflədir və Moskva ilə münasibətlərdə yeni gərginlik yarada bilər.

Siyasi şərhçi qeyd edib ki, bu baxımdan İrəvan konkret seçim etməyə məcburdur.

“Kreml artıq bu istiqamətdə Ermənistana ciddi təzyiq göstərməyə başlayıb və əsas arqument kimi bildirir ki, Ermənistan eyni vaxtda iki müxtəlif formatda xarici siyasət qura bilməz. Yəni, Avrasiya İqtisadi İttifaqının üzvü olan bir ölkənin Avropa Birliyi ilə paralel inteqrasiya siyasəti yürütməsi qəbuledilməzdir. Rusiya hesab edir ki, Ermənistan Avrasiya İqtisadi İttifaqında üzvlükdən böyük iqtisadi güzəştlər əldə edir. Əgər İrəvan Avropa Birliyinə üzvlük yolunu seçsə, həmin güzəştlər ləğv edilməlidir. Bu isə Ermənistanın Avrasiya İttifaqındakı üstünlüklərdən imtina etməsi deməkdir. Ermənistan Rusiya və MDB məkanındakı iqtisadi qurumlarla əməkdaşlıqda dünya standartlarına uyğun ticarət şərtlərinə uyğunlaşmağa məcbur qalacaq. Bu isə İrəvan üçün ciddi təzyiq vasitəsidir. Ermənistan Rusiyadan enerji resurslarını dünya bazarındakı qiymətlərdən qat-qat ucuz alır. Eyni zamanda qarşılıqlı ticarətdə də ona kifayət qədər güzəştlər edilir. Kreml məhz bu amillərdən istifadə edərək İrəvana təzyiq göstərməyə çalışır. Böyük ehtimalla, Ermənistana yönəlik təzyiqlərin hansı istiqamətdə inkişaf edəcəyi növbəti parlament seçkilərindən sonra daha aydın olacaq. Əgər seçkilərdə Rusiya yönlü qüvvələr hakimiyyətə gələrsə, Moskvanın təzyiqləri arxa plana keçə bilər. Çünki onların qərbə inteqrasiyadan və Avropa Birliyinə üzvlük niyyətindən imtina edəcəyi şübhə doğurmur. Bu da Kremlin maraqlarına uyğun olduğundan, təzyiqlər aradan qaldırıla bilər. Amma əgər Paşinyan hakimiyyəti qalib gələrsə və Nikol Paşinyan hakimiyyətdə qalarsa, o zaman Rusiyanın Ermənistana təzyiqləri real xarakter daşıya bilər. Hazırda xəbərdarlıq xarakteri daşıyan addımlar növbəti parlament seçkilərindən sonra faktiki olaraq tətbiq oluna bilər”.

Rəfiqə Namazəliyeva,

AzNews.az