“Ərdoğan üçün F-35 prinsipal məsələdir” - Kənan Novruzov

29 Sentyabr 2025 19:55 (UTC+04:00)

“Bu, maraqlı məsələdir və əslində, mən təəccüblənmədim. Trump nə dedi? O hətta belə bildirdi: “Bu bizim üçün elə də çətin məsələ deyil. Biz bunu asanlıqla edə bilərik, amma əvvəlcə Erdoğan bizim dediyimizi və ya istədiyimizi etməlidir.” Nə demək istədiyi tam aydın deyil, amma burada təəccüblü heç nə yoxdur. Çünki Trump biznesmendir və siyasətə biznesmen baxışı ilə yanaşır. Ərdoğan üçün F-35 məsələsi çox vacib və prinsipialdır. Analitik baxımdan, tərəflərin müəyyən formada razılığa gəlməsi mümkündür. Bu konsensus NATO üçün vacibdir və tərəflər arasındakı əlaqələrin inkişafına xidmət edir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla son görüşündə F-35 məsələsini müzakirə edib. Tramp bildirib ki, Türkiyə bu qırıcıları almaq istəyirsə, əvvəlcə Vaşinqtonun tələblərini yerinə yetirməlidir.

Siyasi şərhçi bildirib ki, ABŞ Türkiyədən tələblərini daha geniş geosiyasi kontekst çərçivəsində irəlilədə bilər.

“Məsələn, Suriya və Şərqi Avropadakı məsələlər, həmçinin Türkiyənin müəyyən xarici siyasət mövqelərində dəyişiklik etməsi istənilə bilər. Bu proses Türkiyə-Rusiya münasibətlərinə də təsir göstərə bilər. Türkiyənin Rusiyaya yanaşması ilə ABŞ-ın mövqeyi arasında, həmçinin Türkiyənin Şərqi Avropadakı müharibəyə baxışı ilə ABŞ-ın yanaşması arasında fərqlər var. ABŞ müharibəni bitirməyə iddialı lider kimi Türkiyənin köməyinə ehtiyac duyur, lakin eyni zamanda deyə bilər: “Sənin işin buraya qarışmasın, bu məsələ mənim məsələmdir.” Ümumilikdə, burada müdaxilə əsasən Yaxın Şərq və Qafqaz kontekstində geosiyasi məsələlərə yönəlir. ABŞ müxtəlif regionlarda hegemonluğunu gücləndirməyə çalışır və buna görə Türkiyədən bəzi mövqelərini dəyişdirməsini istəyə bilər”.

Rəfiqə Namazəliyeva,

AzNews.az