“Rusiya siyasətini dəyişməzsə vəziyyəti ağırlaşacaq” - Azər Həsrət

29 Sentyabr 2025 20:22 (UTC+04:00)

“Bütün dünya bilir ki, işğalçı tək bir dövlət var — o da Rusiya. Regionumuzda, yəni Azərbaycan da daxil olmaqla, başqa heç bir dövlət işğalçı statusunda qalmayıb. Əvvəlcə Ermənistan Azərbaycanın torpaqlarını işğal etmişdi; bu məsələ 2020-ci ildə kökündən həll olundu və Ermənistan artıq işğalçı dövlət sayılmır. Lakin Rusiya işğalçıdır. Ukrayna müharibəsi başlamazdan əvvəl də Rusiya işğalçı siyasəti yürüdüb. 2008-ci ildə Rusiya Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrini işğal etdi və bu ərazilər bu günə qədər Rusiya nəzarətindədir. 2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını işğal etdi və həmin ərazi də hələ Rusiya nəzarətindədir. 2022-ci ilin fevralından etibarən isə Rusiya Ukraynanın şərqini işğal edib — aşağı-yuxarı 120 min kvadrat kilometrə qədər ərazi, böyük şəhərlər daxil olmaqla, hazırda Rusiya tərəfindən işğal altında saxlanılır”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Xatırladaq ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin “NATO Moldovanı işğal etməyə hazırlaşır” iddiası regional və beynəlxalq səviyyədə geniş müzakirələrə səbəb olub. Ukrayna ilə sərhəddə yerləşən Moldova neytral statusa malik olsa da, Qərblə inteqrasiya kursunu davam etdirir və bu, onu Qərb–Rusiya geosiyasi qarşıdurmasının mərkəzinə çevirir. NATO ilə əməkdaşlığını tədricən dərinləşdirən Kişinyov isə Moskvanın diqqət mərkəzində qalmaqdadır.

Siyasi şərhçi bildirib ki, NATO-nun işğalçılığı ilə bağlı iddialar əsassızdır.

“Hazırda NATO ölkələrinin işğal altında saxladığı heç bir ərazi yoxdur; əksinə, əvvəlki illərdə antiterror və sülhməramlı əməliyyatlar üçün göndərilən qüvvələr də çıxarılıb. Buna görə də Rusiya özünü tənqid etmədən başqalarını qınamamalıdır. Moldovaya və digər qonşulara şər atmaq yersizdir. Moldova qərbə üz tutur və ölkənin strateji istiqaməti Avropa ilə inteqrasiyadır; bəzi proqnozlara görə, gələcəkdə Moldova Rumıniya ilə yaxınlaşa və Avropanın bir parçası kimi inteqrasiya prosesini davam etdirə bilər. Belə bəyanatlar və dəyərləndirmələr Rusiyanın daha da təcrid olunmasına səbəb olur. Artıq bölgədə Rusiya ilə açıq münasibətlər göstərən Ermənistan da ondan asılılığın azaldığını nümayiş etdirirsə, Rusiya rəhbərliyi vəziyyəti ciddi şəkildə nəzərdən keçirməlidir. Bu təcrid nəticəsində Rusiyanın idarəçiliyi altında yaşayan xalqlar böyük əziyyət və zülmlə üzləşirlər; təcrid həmin xalqlara ağır zərbə vurur. Eyni zamanda, etiraz səsləri getdikcə artmaqdadır. Bu, Rusiyanın dağılacağı anlamına gəlməsə də, onun siyasətini dəyişməsinə təkan verə bilər. NATO-ya, Moldovaya və digər ölkələrə qarşı ittihamlar, Ukraynanın və Gürcüstanın torpaqlarını işğal etmək, Azərbaycanın təyyarəsini vurmaq kimi addımlar Rusiyanın özünə zərər verir. Rusiyanın belə siyasətə davam etməsi onun vəziyyətini daha da ağırlaşdırır”.

Rəfiqə Namazəliyeva,

AzNews.az