Arzu Kazımov apellyasiya şikayəti verdi

9 Sentyabr 2013 12:34 (UTC+04:00)
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin işi ilə əlaqədar tutulan iş adamı Arzu Kazımovun barəsində olan məhkəmə hökmündən apellyasiya şikayəti verilib.

Vəkil Ramiz Zeynalovun APA-ya verdiyi məlumata görə, apellyasiya şikayətində A. Kazımov barəsində çıxarılan hökmün ədalətsiz və əsassız olduğu qeyd edilib: "Şikayətdə Arzu Kazımovun barəsində olan hökmün ləğv edilməsini və əməlində cinayət tərkibi olmadığı üçün barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişik".

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, A. Kazımov özünü Mənzil-Tikinti Kooperativinin rəhbəri kimi qələmə verməklə müxtəlif vəzifəli şəxslərlə münasibətlərinin olmasını əsas gətirib, Mahir Abdullayevi tapa biləcəyi barədə həqiqətə uyğun olmayan yalan vədlər verərək yaxın münasibətlərdə olduğu E. Abdullayevdən ümumilikdə 1.500.000 ABŞ dolları məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirməklə dələduzluq etməkdə təqsirləndirilir.

İstintaqla Arzu Kazımovun törətdiyi cinayətdə hər hansı digər şəxsin, daxili işlər nazirinin sabiq müavini mərhum Zahid Dünyamalıyevin iştirakı müəyyən edilmədiyindən, işin bu hissəsinin cinayət təqibinə xitam verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Kazımov 3 il müddətinə azadlıqdan məhrum edilib.

AzNews.az