“ABŞ Rusiyaya Çinlə bağlı xəbərdarlıqlar çatdırmış ola bilər” - Tural İsmayılov

30 Sentyabr 2025 20:24 (UTC+04:00)

“Sergey Lavrovun Nyu-Yorka səfəri və ABŞ Dövlət katibi Mark Rubio ilə görüşü Rusiya–ABŞ münasibətlərinin yeni mərhələyə qədəm qoyması kimi qiymətləndirilə bilər. Danışıqların bağlı qapılar arxasında aparılması tərəflərin mövcud böhranı açıq ictimai debatdan çox, gizli diplomatiya vasitəsilə həll etməyə üstünlük verdiyini göstərir. Əsas müzakirə mövzusu, şübhəsiz ki, Ukrayna müharibəsi olub. Tramp administrasiyasının son dövrdə Rusiyaya qarşı sərtləşən ritorikası fonunda bu görüş xüsusi diqqət çəkir. Rubio-nun mövqeyi ABŞ diplomatiyasında həm sərtlik, həm də kompromis axtarışının qarışığını əks etdirir. Lavrov isə Moskvanın hazırkı şəraitdə ən çox ehtiyac duyduğu iki məqsədi – vaxt qazanmaq və təzyiqləri azaltmaq xəttini izləyir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Nyu-Yorka səfəri və ABŞ Dövlət katibi Mark Rubio ilə görüşü dünya mediasının diqqət mərkəzinə çevrilib. Tərəflər Ukrayna münaqişəsinin həlli istiqamətində geniş müzakirələr aparıblar. Danışıqlar bağlı qapılar arxasında keçirilib və detalları açıqlanmayıb. ABŞ Prezidenti Donald Trampın son dövrlərdə Rusiyaya qarşı sərt bəyanatları fonunda bu görüş xüsusilə maraq doğurub.

Siyasi şərhçi bildirib ki, görüşdə sanksiyaların təsiri, Qara dənizdə təhlükəsizlik və Avropadakı hərbi balans məsələlərinin müzakirə olunduğu ehtimal olunur.

“Lavrov üçün bu görüş, həm də Rusiyanın beynəlxalq arenada təcrid olunmadığını nümayiş etdirmək vasitəsidir. ABŞ tərəfi isə əksinə, Moskvanı müəyyən razılaşmalara məcbur etməklə öz üstünlüyünü möhkəmləndirmək niyyətindədir. Lavrovun Moskvaya hansı mesajlarla dönəcəyi də maraq doğurur. Əsas mesaj odur ki, Vaşinqton kompromisə yalnız Moskvanın geri çəkildiyi halda hazırdır. Bu isə Kremlin mövcud siyasəti ilə ziddiyyət təşkil edir. ABŞ-ın görüş zamanı Rusiyaya Çinin artan təsiri ilə bağlı xəbərdarlıqlarını çatdırdığı da istisna deyil. Lavrov görüşü ictimaiyyətə “bərabərhüquqlu dialoq” kimi təqdim etsə də, real mənzərə fərqlidir: Vaşinqton oyunun qaydalarını müəyyən edən tərəf rolunda çıxış edir. Bu görüşün Ukrayna münaqişəsinin yaxın perspektivdə həllinə birbaşa təsiri olmasa da, böyük güclərin gizli masada hansı güzəştləri müzakirə etdiyini göstərməsi baxımından əhəmiyyətlidir”.

Rəfiqə Namazəliyeva,

AzNews.az