“İsveç və Finlandiyanın Rusiya sərhədində 4–5 min nəfərlik zərbə briqadası yerləşdirməsi Şimal Avropasında hərbi balansı dəyişdirən mühüm addım kimi qiymətləndirilir. Briqadanın tərkibində İsveç, Norveç və Danimarka hərbçilərinin iştirakı, “Arçer” haubitsalarının və Böyük Britaniya qırıcılarının cəlb edilməsi NATO-nun bölgədə kollektiv güc nümayişi deməkdir. Alyansın bu planı təsdiqləməsi həm siyasi, həm də hərbi baxımdan Rusiyaya ünvanlanan açıq mesaj sayılır. Qərar İsveç və Finlandiyanın təhlükəsizlik siyasətində ciddi dönüşün göstəricisidir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Züriyə Qarayeva deyib.
Xatırladaq ki, İsveç və Finlandiya Rusiya sərhədinə 4–5 min nəfərlik zərbə briqadası yerləşdirib. Briqadada İsveç, Norveç və Danimarka hərbçiləri xidmət edəcək. Həmçinin briqadanın “Arçer” haubitsaları və Böyük Britaniya qırıcıları ilə təchiz olunması nəzərdə tutulur. NATO bu planı təsdiqləyib.
Siyasi şərhçi bildirib ki, uzun illər neytral mövqedə qalan bu ölkələr indi təhlükəsizliklərini yalnız NATO ilə əməkdaşlıq çərçivəsində təmin edə biləcəklərinə inanır və bunun üçün praktiki addımlar atırlar.
“Bununla da Moskvanın təzyiqlərinə qarşı sərt mövqe nümayiş olunur. Rusiyanın reaksiyası gözləniləndir: Moskva briqadanı sərhədlərinə birbaşa təhdid kimi dəyərləndirəcək və cavab addımları atmağa çalışacaq. Bu isə bölgədə silahlanma yarışını sürətləndirə, hərbi gərginliyi daha da artıra bilər. Ümumilikdə, NATO-nun bu addımı Avropada təhlükəsizlik mühitini gücləndirsə də, diplomatik dialoq imkanlarını məhdudlaşdırır. Şimal cinahında yeni hərbi qüvvə balansı yaranır və bu, uzunmüddətli perspektivdə Rusiya ilə Qərb arasında qarşıdurmanı daha kəskin mərhələyə daşıya bilər”.
Rəfiqə Namazəliyeva,
AzNews.az