“Qazaxıstan paralel siyasət yürüdür: həm Qərblə, həm Çinlə, həm də Rusiya ilə” - Həşim Səhrablı

30 Sentyabr 2025 21:13 (UTC+04:00)

“Onsuz da Rusiya tərəfi müxtəlif rəsmi şəxslərin dili ilə dəfələrlə bəyan edib ki, əgər kimsə hazırkı situasiyada Rusiyanın düşməni olan Qərblə bütün sahələrdə müttəfiqlik münasibətləri qurarsa və Moskva ilə əlaqələr ikinci plana keçərsə, həmin tərəf artıq Moskva üçün “dost olmayan ölkə” statusuna düşəcək. Qazaxıstan məsələsi isə bu kontekstdə Rusiya üçün xüsusilə əhəmiyyətlidir. Çünki geniş coğrafiyada yaşayan qazax türkləri bu gün dünyada yalnız enerji resursları və təbii sərvətləri ilə deyil, həm də inkişaf etməkdə olan sənaye müəssisələri ilə tanınırlar. Xüsusən də nüvə sənayesinin inkişafı diqqət çəkir. Bundan başqa, Qazaxıstanın aerokosmik meydançaları Rusiyanın kosmik araşdırmalarında mühüm rol oynayır. Siyahını daha da uzatmaq olar: kənd təsərrüfatından tutmuş digər sənaye sahələrinə qədər demək olar ki, hər sahədə Rusiya Qazaxıstanı tərəfdaş kimi görür”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Qazaxıstanla bağlı açıqlaması diqqət çəkib. O, Qərb ölkələrinin Moskva ilə Qazaxıstan arasındakı əlaqələri zəiflətmək, hətta tamamilə kəsmək üçün fəal şəkildə çalışdıqlarını vurğulayıb. Bu fonunda Qazaxıstanda “Ukrayna ssenarisi”nin təkrarlanması ehtimalı müzakirə mövzusuna çevrilib.

Siyasi şərhçi bildirib ki, əgər Qazaxıstan bütün sahələrdə Qərblə əlaqələrini gücləndirsə və mövcud tərəfdaşlıq zəifləsə, Moskva bunu ciddi təhlükə kimi görəcək və müəyyən əks-tədbirlərə əl atacaq.

“Bu tədbirlər Ukraynadakı ssenariyə bənzər olacaqmı, yoxsa fərqli metodlardan istifadə ediləcək – bunu indidən söyləmək çətindir. Amma əgər Zaxarovanın xəbərdarlıq etdiyi hadisələr reallaşsa, yəni Qazaxıstan Qərblə əməkdaşlığını hərtərəfli dərinləşdirərsə, Rusiya “orada yaşayan rusdilli icmanın hüquqları pozulur” bəhanəsinə əl ata bilər. Sovet dövründə Qazaxıstanda kifayət qədər rus məskunlaşdırılmışdı. Onların sayı azalsa da, Moskva üçün bu, yenə də bəhanəyə çevrilə bilər. Bu halda Rusiya Gürcüstan və Ukraynada olduğu kimi separatizm modellərindən istifadə edə bilər. Amma bu, indiki şəraitdə nə qədər effektiv olacaq? Çünki Qazaxıstan məsələsi təkcə Rusiya–Qərb münasibətləri çərçivəsində qiymətləndirilmir. Burada həm də Çin faktoru var. Çin Qazaxıstana böyük sərmayələr qoyub və bu ölkə ilə həm iqtisadi, həm də digər sahələrdə əməkdaşlığı irəliləyib. Rusiya isə Qərbə qarşı mübarizəsində əsas tərəfdaşlarından biri olan Çinlə münasibətləri pozmaq istəməz. Əgər Moskva Qazaxıstana qarşı Ukrayna modelini həyata keçirsə, yəni ölkəni hərbi təcavüzlə hədəfə alsa, bundan ilk növbədə narazı qalacaq tərəf məhz Çin olacaq. Belə vəziyyətdə Rusiya eyni zamanda həm Qərblə, həm də Çinlə qarşı-qarşıya gəlmək riskini daşıyacaq ki, bu da Moskva üçün dağıdıcı nəticələr doğura bilər. Ona görə də düşünürəm ki, Qazaxıstan məsələsində Rusiya Ukraynada olduğu kimi rahat və aqressiv hərəkət edə bilməyəcək. Çünki bu, çox ciddi risklər doğurur. Üstəlik, Qazaxıstanın xarici siyasəti də Ukraynanınkı kimi birtərəfli şəkildə Qərbə inteqrasiya kursu üzərində qurulmayıb. Əksinə, Qazaxıstan paralel şəkildə həm Çinlə, həm Qərblə, həm də Rusiya ilə əməkdaşlığını davam etdirir. Nəticə etibarilə, Moskva bu vəziyyətdə “azdan da olmamaq üçün çoxu istəməyi dayandırmaq” məcburiyyətində qalacaq”.

Rəfiqə Namazəliyeva,

AzNews.az