“Əli Laricaninin Minskə və Moskvaya təcili səfəri bütövlükdə İran ətrafında baş verən proseslərlə bağlıdır. Hesab edirəm ki, bu məsələlər İranla bağlı hadisələrin hər mərhələyə keçə biləcəyi gözləntisindən qaynaqlanır. Əslində, belə bir gözlənti çoxdan mövcuddur. Xatırladaq ki, 12 günlük müharibə zamanı İrana qarşı aparılan hərbi əməliyyatlar nə İsrail, nə də ABŞ üçün tam qənaətbəxş nəticə vermədi. Tramp hadisələrin nəzarətdən çıxma ehtimalını nəzərə alaraq prosesi dayandırdı. İranda bir sıra hədəflərə zərbə vurulsa da, nüvə proqramına yalnız müəyyən dərəcədə ziyan dəydi, lakin tamamilə məhv edilmədi. Bu isə o dövrdə ABŞ-ın birbaşa müharibəyə qoşulmaq istəməməsi ilə bağlı idi. Çünki İsrail bütün resurslarını səfərbər etsə də, nüvə proqramını tam dayandırmaq üçün ABŞ-ın daha aktiv iştirakı zəruri idi. ABŞ isə bir dəfəlik zərbə endirərək prosesi dayandırdı və əsas məqsəd qələbə elan edildikdən sonra İranın nüvə proqramının ləğvi ilə bağlı danışıqlara başlamaq idi. Lakin həmin müharibə və sonrakı dövr göstərdi ki, İran nüvə məsələsində geri addım atmaq niyyətində deyil”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.
Qeyd edək ki, İranın diplomatik təyyarəsinin qəfil olaraq Tehrandan əvvəlcə Minskə, daha sonra isə Moskvaya uçması və Ali Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin təcili səfəri bölgədə ciddi diqqət çəkib.
Siyasi şərhçi bildirib ki, məhz bu səbəbdən yeni hərbi planın gündəmə gətiriləcəyi əvvəlcədən ehtimal olunurdu.
“Son günlər müşahidə olunan proseslər də bunu təsdiqləyir. Burada əsas məqam ondan ibarətdir ki, ABŞ-ın Qəzza ilə bağlı planının qəbul edilməsindən sonra İsrail diqqəti başqa istiqamətə – İrana yönəltmək niyyətindədir. Yarımçıq qalan işi davam etdirmək istəyən İsrail bu dəfə ABŞ-ın razılığını da alıb. Tramp və Netanyahu arasında bu mövzu müzakirə olunub. İranla aparılan danışıqlar isə göstərdi ki, Tehran nüvə proqramından imtina etmək niyyətində deyil. Tramp dünyanın nüvə təhlükəsini aradan qaldırdıqlarını bəyan etsə də, əslində bu, reallığa uyğun deyil. Çünki İran nüvə proqramını həm dərinlikdə, həm də gizli şəkildə saxlayır. Əgər müharibədən sonra nüvə proqramının dayandırılması ilə bağlı danışıqlar aparılıbsa, bu, deməli, 12 günlük müharibədə məqsədə tam nail olunmayıb. Əlavə olaraq, həmin müharibə İran üçün mühüm dərs oldu: ölkənin təhlükəsizliyini təmin etməyin yeganə yolu nüvə silahıdır. Çünki həmin dövrdə nə Rusiya, nə də Çin İrana dəstək verdi, İran təkbaşına qaldı. Bu da Tehranı əmin etdi ki, nüvə silahı onların yeganə çıxış yoludur. Bu gün də ölkə daxilində nüvə proqramına geniş dəstək var. ABŞ və İsrailin baxışına görə, problemin yeganə həlli İrana qarşı hərbi zərbələrin endirilməsidir. Bütün bunlar göstərir ki, yaxın dövrdə İran ətrafında hərbi gərginlik daha da artacaq. İran isə bu riskləri nəzərə alaraq öz cəbhəsini formalaşdırmağa çalışır. Burada əsas diqqət Rusiyaya yönəlib. Çünki Çin birbaşa müharibəyə qoşulmaq istəmir, yalnız iqtisadi və siyasi dəstək verə bilər. İran isə ən çox Rusiyanın dəstəyini əldə etməyə çalışır”.
Siyasi şərhçi əlavə edib ki, Ukrayna müharibəsində Tehranın Moskvaya verdiyi dolayı dəstəyi nəzərə alsaq, hazırda İran mümkün müharibə ehtimalına hazırlaşaraq Rusiya ilə konkret razılaşmalar əldə etməyə çalışır:
“Bu kontekstdə Lukaşenko faktoru da diqqətəlayiqdir. Belarusun İrana birbaşa dəstəyindən daha çox, Lukaşenkonun Putinlə əlaqələrindən istifadə edərək Rusiyanı İrana dəstək verməyə razı salmaq məqsədi ön plana çıxır. Deməli, Əlicaninin təcili səfəri də məhz bu proseslərlə bağlı ola bilər. Ümumilikdə, bütün əlamətlər göstərir ki, yaxın dövrdə İran ətrafında hərbi gərginliyin artması ehtimalı çox böyükdür”.
Rəfiqə Namazəliyeva,
AzNews.az