“Son vaxtlar mətbuatda yayılan açıqlamalar onu deməyə əsas verir ki, bölgədə müharibə ehtimalı getdikcə artır. Anlaşılan qədər İsrail də öz hazırlıqlarını yekunlaşdırıb və bu məsələ sonuncu Tramp görüşündə böyük ehtimalla müzakirə olunub. Əksər ekspertlərin fikrincə, həmin görüşdə İrana qarşı hücum məsələsi razılaşdırılıb. Burada öncə qeyd etmək lazımdır ki, əsas arqument kimi İranın nüvə silahına sahib olmaq məsələsi qabardılır. Ancaq aydın görünür ki, bu, əslində hücumu əsaslandırmaq üçün irəli sürülən bəhanədir. Əgər Amerikanın və müttəfiqlərinin obyektlərə hücumları həqiqətən də uğurlu olubsa, Trampın bir neçə ay əvvəl dediyi kimi, İranın nüvə silahı əldə etmək imkanı qalmamalı idi. Çünki ən mühüm nüvə obyektləri – Fordo və Natanz kimi mərkəzlər – bombalanmışdı. ABŞ təyyarələrinin zərbələri nəticəsində həmin obyektlərdə böyük dağıntılar yaranmışdı. İran tərəfi də bəyan edib ki, onların nüvə yanacağının bir hissəsi həmin dağıntıların altında qalıb. Deməli, yaxın gələcəkdə İranın nüvə silahı əldə etmək imkanları faktiki olaraq yoxdur. Amma İsrail baş naziri bildirib ki, İranın hazırda 450 kiloqram urana sahib olması barədə dəqiq məlumatlar var. Uranın harada saxlandığına dair də İsrail kəşfiyyatının əlində informasiyalar mövcuddur”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafayev deyib.
Qeyd edək ki, ABŞ və İsrailin İrana yenidən hücum edə biləcəyi barədə məlumatlar yayılır. Prezident Donald Trampın İranın nüvə obyektləri ilə bağlı açıqlamaları narahatlığı artırıb. Tramp bildirib ki, İrana hücum edilməsə, ölkə təxminən iki ay ərzində nüvə silahı əldə edə bilər. Son məlumatlara görə, ABŞ artıq hərbi aktivliyi gücləndirib. Digər tərəfdən, Rusiya da İrana qarşı potensial hücumlarla bağlı xəbərdarlıq edib.
Siyasi şərhçi qeyd edib ki, bu səbəbdən nüvə məsələsi hücum üçün əsas və ən ciddi bəhanə kimi təqdim olunur.
“Bununla yanaşı, reallıqda vəziyyət daha fərqlidir. Son vaxtlar İranın hərbi potensialının güclənməsi ilə bağlı məlumatlar yayılır. Çindən hava hücumundan müdafiə sistemlərinin alınması, Rusiyadan yeni təyyarələr əldə olunmasına dair xəbərlər var. Bu isə göstərir ki, İran yaxın gələcəkdə müdafiə qabiliyyətini daha da artıra bilər. İsrail və ABŞ-ın məntiqi isə belədir: İran güclənmədən öncə, yəni hələ müdafiə imkanlarını tam möhkəmləndirməmişkən, ona qarşı zərbə endirmək lazımdır. Bu, məsələnin əsas hərbi tərəfidir. Digər tərəfdən, siyasi müstəvidə də maraqlı məqamlar var. Analitiklərin fikrincə, bəzi hallarda müharibə hökumətlər üçün daxili dayaqları möhkəmləndirən amilə çevrilir. Belə şəraitdə, savaşın olmaması hakimiyyətin ayaqda qalmasını çətinləşdirə bilər. Bu səbəbdən də növbəti qarşıdurma həm də müəyyən siyasi məqsədlərə xidmət edir. Hazırda bölgədə ikinci belə bir fürsət və ya hədəf olmadığı üçün görünür, İran əsas hədəf olaraq qalır. Əlbəttə, İranın da öz müdafiə imkanları var. Rəsmi Tehran təcavüz olacağı təqdirdə cavabsız qalmayacaq. Məlumatlara görə, ABŞ-a məxsus yanacaqdaşıyan təyyarələrin artıq Avropaya doğru hərəkət etməsi müşahidə olunub. Bu təyyarələr İsrail aviasiyasına havada yanacaq təmin etmək üçün vacibdir. Çünki məsafə uzun olduğundan İsrail qırıcılarının uçub geri dönməsi yalnız belə dəstək vasitəsilə mümkündür. Bu fakt da yaxın perspektivdə genişmiqyaslı əməliyyatların ola biləcəyinə işarədir”.
Siyasi şərhçi əlavə edib ki, qarşıdurmanın nəticələrinə gəldikdə əvvəlki mərhələlərdə əsas hədəf İran rejiminin devrilməsi idi:
“Lakin İran rejimi özünü qorumağı bacardı. İndi isə daha çox İranın hərbi obyektləri, strateji infrastrukturu və nüvə potensialı hədəf seçilə bilər. İsrail və ABŞ-ın marağı ilk növbədə İranın hərbi gücünün zəiflədilməsi və nüvə obyektlərinin sıradan çıxarılmasıdır. Bununla belə, İranın cavab imkanları da az deyil. Ölkənin uzaqmənzilli raketlərinin mövcudluğu və onların bəzən İsrailin hava hücumundan müdafiə sistemlərini aşma qabiliyyətinə malik olması barədə məlumatlar var. Əgər belə bir qarşıdurma baş verərsə, bölgədə çox böyük dağıntıların olacağı və genişmiqyaslı fəsadların yaşanacağı şübhəsizdir”.
Rəfiqə Namazəliyeva,
AzNews.az