“İsrailin sərt siyasəti ABŞ daxilində də narazılıq doğurur” - Tofiq Abbasov

1 Oktyabr 2025 21:39 (UTC+04:00)

“İran–İsrail müharibəsi qaçılmazdır. Səkkiz ay ərzində Donald Tramp ilə Binyamin Netanyahunun Nyu Yorkda dördüncü görüşü keçirildi. Görüşdə Qəzza məsələsi müzakirə olunsa da, əsas diqqət İran probleminə yönəlmişdi. ABŞ və onların müttəfiqləri, eləcə də Avropanın Berlin–London–Paris üçlüyü rəsmi Tehranın nüvə proqramından narahat olduqlarını bildirirlər. Lakin bu iddialar yeni deyil: 1997 ci ildən başlayaraq İran davamlı olaraq nüvə silahı hazırlamaqda ittiham olunur — əgər Tehran bunu istəsəydi, çoxdan edə bilərdi. Məncə, bu narahatlıqların arxasında başqa məqsədlər də dayanır: əsas niyyət Yaxın və Orta Şərqin siyasi xəritəsini köklü şəkildə dəyişmək, bəzi dövlətləri parçalamaqdır. Bu cəhdlərin hədəfləri sırasında Türkiyə, Səudiyyə Ərəbistanı, İran, İraq, İordaniya və digər ölkələr nəzərdə tutulur. Tarixi kontekstdən çıxış edənlər Sykes–Picot razılaşmasının sonradan yaratdığı problemləri xatırladır və iddia edirlər ki, Qərb vaxtilə yaradılan bu dövlətçilik formalarını “düzəltmək” adı altında yenidən kənardan formalaşdırmaq istəyir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Tofiq Abbasov deyib.

Xatırladaq ki, ABŞ və İsrailin İrana yenidən hərbi əməliyyat keçirə biləcəyi barədə məlumatlar yayılıb. Prezident Donald Trampın İranın nüvə obyektləri ilə bağlı açıqlamaları narahatlığı artırıb. Tramp bildirib ki, əgər İrana hücum edilməsə, ölkə təxminən iki ay ərzində nüvə silahı əldə edə bilər. Son məlumatlara görə, ABŞ regiondakı hərbi aktivliyini gücləndirib. Buna paralel olaraq, Rusiya da İrana qarşı mümkün hücumlarla bağlı xəbərdarlıq edib və regional gərginliyin artmasının qarşısını almağa çağırıb.

Siyasi şərhçi bildirib ki, ABŞ ın İsrailə olan siyasi və hərbi dəstəyi artıq ölkə daxilində narahatlıq yaradır.

“Yerli siyasi və ictimai qruplar İsrailin bəzən sərt və təkəbbürlü siyasətinə qarşı ciddi etirazlar bildirirlər — arqument budur ki, Amerika İsrailin “yedəyində” getməməli, münasibətlər simmetrik olmalıdır. Eyni zamanda, İranda, Çində, Rusiyada və hətta Pakistanda da İran ətrafında mümkün müharibəyə hazırlıqla bağlı əlamətlər görünür. İranın rəsmiləri və spikerləri xəbərdarlıq ediblər ki, əgər İsrail İrana hücum etsə, bu dəfə İsrailin özü və ABŞ ın regiondakı obyektləri hədəfə çevriləcək və Tehran “rəhm göstərməyəcək”. Bu, son dərəcə ciddi bir siqnaldır. Amerikanın hərbi potensialı böyükdür, amma regionda təsirə malik yerli qüvvələr hesab edirlər ki, ABŞ ın davamlı varlığı Orta və Yaxın Şərq üçün təhlükə yaradır və bu səbəbdən bölgədən çıxmalıdır. Mənim fikrimcə, Donald Tramp bəzən bu mürəkkəb proseslərə sadəlövh yanaşır və bu, bölgə üçün arzuolunan nəticələr vəd etmir. Əgər Tramp İrana hücumun qarşısını almağı bacarsa və Netanyahu ilə daha balanslı yanaşma əldə olunarsa, bu həm ABŞ ın, həm də İsrailin, həm də regiondakı digər tərəflərin xeyrinə olar. Lakin indiki məqamda müharibə tərəfdarlarının (savaşçılarının) sülh tərəfdarlarına nisbətən daha üstün mövqedə olduğu görünür və əgər bu tendensiya məntiqi bir həllə çevrilməzsə, nəticələr fəlakətli ola bilər. Belə genişmiqyaslı qarşıdurma üçüncü dünya müharibəsinin leytmotivinə çevrilə bilər. Buna yol verməmək üçün vəziyyəti xilas etmək və diplomatik həll yollarını dərhal axtarmaq vacibdir”.

Rəfiqə Namazəliyeva,

AzNews.az