Kredit yükü artır: sahibkar nə etməlidir? – BİZNES MƏSLƏHƏTİ

2 Oktyabr 2025 17:34 (UTC+04:00)

Rəsmi rəqəmlərə görə, 2025-ci ilin sentyabr ayına bank sektorunda problemli kreditlərin ümumi həcmi 800 milyon manata yaxınlaşıb və bunun 450 milyon manatı məhz biznes kreditlərinin payına düşür. Ötən ilin sonundan bəri artım təxminən 75 milyon manata yaxın olub və bu tendensiya təkcə iqtisadi faktorlarla deyil, sahibkar davranışları ilə də bağlıdır. Bugünkü statistik göstəricilər təkcə problemli kreditlərin artımını göstərmir, həm də maliyyə savadlılığının zəif olduğunu məqamları ortaya qoyur. Kredit götürmək iqtisadi baxımdan zəruri və bəzən qaçılmaz bir addımdır. Lakin bu öhdəliyin altında qalmaqla risklərə hazırlıqsız sahibkarlar son nəticədə həm öz bizneslərini, həm də şəxsi maliyyələrini təhlükəyə atırlar. Bəs, hazırkı şəraitdə sahibkar nə etməlidir?

Çox vaxt biz kreditə sadəcə “kapital imkanı” kimi yanaşırıq. Halbuki kredit həm maliyyə, həm hüquqi, həm də strateji öhdəlikdir. Onun idarə olunmaması biznesi böhrana, bəzən isə tam dağılmaya gətirib çıxara bilər. Sahibkar ilk növbədə biznesinin real maliyyə mənzərəsini dürüst şəkildə analiz etməlidir. Nə qədər borcu var? Gəlir bu borcu ödəməyə kifayət edirmi? Nə qədər zaman qalıb? Bunlar sadə suallar kimi görünsə də, bu gün onlara cavabı olmayan çoxlu sayda bizneslər var. Bunun üçün gəlirlər, xərclər və kredit öhdəlikləri əvvəldən yazılaraq, aybaay təhlil edilməli, hüquqi öhdəliklər düzgün mənimsənilməlidir. Sahibkarlar çox vaxt kredit müqaviləsindəki zaminlik, girov və digər hüquqi şərtləri oxumadan imzalayırlar. Gecikmə baş verəndə isə şəxsi əmlak, daşınmaz əmlak, bəzən isə üçüncü şəxslərin adına olan əmlak belə təhlükə altına düşür. Ona görə də kredit müqaviləsini hüquqşünasla birgə təhlil etmədən imzalamaq doğru deyil. Ödənişdə çətinlik varsa, bu halda çəkinmədən bankla dərhal əlaqə saxlamaqda fayda var. Restrukturizasiya, möhlət, faiz endirimi - bu imkanları vaxtında araşdırmaq vacibdir.

Bir çox sahibkar düşünür ki, maliyyə çatışmazlığını yalnız yeni kreditlə həll edə bilər. Bu isə borcu borcla ödəmək kimi riskli bir labirintə salır. Halbuki, faktorinq, lizinq, güzəştli kreditlər, investisiya fondları kimi alternativ maliyyələşmə imkanları da mövcuddur. Bunun üçün dövlətin kiçik və orta bizneslərə təqdim etdiyi dəstək alətlərindən xəbərdar olub, ondan istifadə etməyə çalışmaq lazımdır. Bu gün maliyyə və hüquq savadlılığını artırmaq isə ən böyük investisiyadır. Unutmamalıyıq ki, ən bahalı səhvlər bilgi çatışmazlığından yaranır. Ən böyük sərmayə isə bilikdir. Sahibkarlar istər maliyyə planlaması, istər hüquqi müqavilələr, istərsə də risklərin qiymətləndirilməsi sahəsində özünü daim inkişaf etdirməlidir.

Bugünkü iqtisadi reallıq bizə göstərir ki, kredit götürmək asandır, amma onu qaytarmaq üçün sistemli, strateji və hüquqi baxımdan savadlı yanaşma lazımdır. Kredit nə düşməndir, nə də can qurtaran. O, vasitədir. Bu vasitədən necə istifadə etmək isə sahibkardan asılıdır.

Çinarə Ağayeva

Biznes məsləhətçi