“Artıq Azərbaycan regional mənada kiçik bir ölkə deyil. 2020-ci ilə qədər biz Azərbaycanı əsasən Cənubi Qafqaz kontekstində qiymətləndirirdik və beynəlxalq münasibətlər sistemində onun rolunu da bu çərçivədə müəyyənləşdirirdik. Lakin 2020-ci ildə baş vermiş Vətən müharibəsində əldə edilən tarixi Zəfər, 2023-cü ildən sonra suveren hüquqlarımızın bərpası və nəhayət, 2025-ci il 8 avqust tarixində ABŞ-da diplomatik masada bu proseslərin siyasi platformada yekunlaşdırılması Azərbaycanın rolunu artıq yalnız Cənubi Qafqazla məhdudlaşdırmır. Azərbaycanın mövqeyi daha geniş mənada, Yaxın Şərqə qədər uzanan bir coğrafiyada müəyyənləşir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Qeyd edək ki, Yaxın Şərqdə baş verən proseslər, xüsusilə İranın nüvə proqramı ətrafında yaranan gərginlik son günlər beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. ABŞ və İsrailin sərt bəyanatları isə bölgədə yeni qarşıdurma ehtimallarını gücləndirir. Regional təhlükəsizlik məsələlərində həssas mövqedə olan Azərbaycan üçün bu gedişatın doğura biləcəyi risklər mühüm suallar gündəmə gətirir.
Deputat qeyd edib ki, bu gün regionda mövcud olan güc balansı və onun dəyişməsi perspektivində Azərbaycanın qəbul edəcəyi qərarlar həm ölkəmiz, həm də regional aktorlar üçün böyük əhəmiyyət kəsb edir.
“Belə bir şəraitdə region ölkələrindən hər hansı birinin nüvə silahı əldə etməsi potensial olaraq Azərbaycanın təhlükəsizliyinə birbaşa təhdiddir. Azərbaycan artıq geniş mənada regional liderliyə iddialıdır. Xalqımızın tarixi, etnomədəni və etnosiyasi arealı bizi bu iddiaya sövq edir. Eyni zamanda Azərbaycan Prezidentinin liderlik potensialı bu iddianın reallaşması üçün tarixi imkan yaradır. Buna görə də qonşu ölkələrin nüvə silahı əldə etməsi Azərbaycanın maraqları ilə uzlaşmır. Üstəlik, Yaxın Şərqdə baş verə biləcək hər hansı bir müharibə – o cümlədən İran-İsrail qarşıdurması – Azərbaycanın da müəyyən formada prosesə cəlb olunmasını qaçılmaz edir. Azərbaycan Prezidenti bəyan edib ki, “Mən dünyada yaşayan bütün azərbaycanlıların Prezidentiyəm”. Bu kontekstdə mümkün müharibələrdə Azərbaycanın mövqeyi və müdaxiləsi elə olmalıdır ki, nəticə etibarilə milli maraqlarımıza xidmət etsin və milli dirçəlişimizə töhfə versin. Bu baxımdan Azərbaycanın ali dövlət iradəsi proseslərin fərqindədir və hadisələrin inkişafını öz milli maraqları istiqamətində yönləndirmək gücünə malikdir”.
Rəfiqə Namazəliyeva,
AzNews.az